MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı yubiley mövsümünə start verib
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümünə start verib.
AZƏRTAC xəbər verir ki, həmin gün teatrın səhnəsində M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası nümayiş olunub.
Tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar Artist, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, teatrın veteran aktyorları və ötən mövsümdə “Sima” mükafatına layiq görülmüş əməkdaşları mövsümün açılışı ilə əlaqədar tamaşaçıları təbrik ediblər. Direktor çıxışı zamanı diqqətə çatdırıb ki, bu il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90 illik yubileyinə hazırlaşır. Bu gündən etibarən nümayiş olunan hər bir tamaşa həm də yubiley ərəfəsində tamaşaçılarımıza bir hədiyyədir. Teatrın tarixi, vaxtilə bu sənət ocağında çalışan unudulmaz aktyorlar haqqında danışan M.Həmidov ötən mövsümdə qazanılan uğurlardan söz açaraq deyib ki, teatr yola saldığımız 89-cu mövsümdə bir çox xarici ölkələrdə festivallarda uğurla çıxış edib, tamaşalarımız və aktyorlarımız bu festivallardan diplomlarla və qalibiyyətlə vətənə qayıdıblar. Bundan əlavə, ötən mövsümdə 10-dan artıq yeni tamaşa səhnə həllini taparaq tamaşaçıların ixtiyarına verilib. Mövsümün sonunda isə teatrın bir sıra əməkdaşları ənənəvi “Sima” mükafatı ilə təltif ediliblər. Nümayiş olunan tamaşa həm də Beynəlxalq Sülh Gününə həsr edilib.
Mövsümün açılışı ilə əlaqədar çıxış edən teatrın baş rejissoru, Azərbaycanın və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, Xalq artistləri Cənnət Səlimova, Yasin Qarayev tamaşaçıları teatrın səhnəsində nümayiş olunan bir-birindən maraqlı tamaşalara dəvət edərək yeni mövsümdə həm kollektivə, həm də tamaşaçılara uğurlar arzulayıblar.