ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universiteti ilə Bratislava Universiteti arasında əməkdaşlığın qurulması haqqında razılaşma əldə olunmuşdur
Bakı, 26 may (AZƏRTAC). Slovakiya parlamentinin deputatları Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olmuşlar.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu ali təhsil müəssisəsinin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev qonaqlara universitetin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat vermişdir. Qeyd etmişdir ki, bu gün təhsil sahəsində qazanılan nailiyyətlər bilavasitə Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Rektor, həmçinin bu sahədə aparılan islahatlar və milli təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyası, ölkə təhsilinin əsas qanunverici bazası olan – Təhsil Qanununun vacibliyi və əhəmiyyəti haqqında danışmışdır.
Görüşdə ölkələrimiz arasında əlaqələrin, o cümlədən elm və təhsil sahəsindəki əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanmış, ADİU ilə Bratislava Universiteti arasında əməkdaşlığın qurulması haqqında razılaşma əldə olunmuşdur.
Slovakiya parlamentinin deputatları ADİU-da son illərdə görülən işlərlə tanış olmuş, beynəlxalq əlaqələrin genişləndirilməsindən məmnunluqlarını ifadə etmişlər.