Azərbaycan Dövlətinin aqrar siyasəti əhalinin bol və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına xidmət edir
Bakı, 3 mart (AZƏRTAC). Bu il yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kənd təsərrüfatının inkişafından danışan Prezident İlham Əliyev yekun nitqində demişdir: “2011-ci ildə kənd təsərrüfatının inkişafını stimullaşdırmaq üçün əlavə tədbirlər görülməli, subsidiyaların verilməsi davam etdirilməlidir. Əvvəlki illərdə görülmüş işlər öz bəhrəsini verir, soyuducu anbarların, taxıl anbarlarının tikintisi kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərmişdir. Növbəti illərdə bu müsbət meyillər daha da gücləndirilməlidir”. Başqa sözlə, dövlətimizin başçısı aqrar sahə qarşısında duran mühüm vəzifələri xatırlatmış, perspektivləri müəyyənləşdirmişdir. Kənd təsərrüfatı naziri İsmət Abasov AZƏRTAC-ın müxbiri ilə söhbətində bu barədə danışır:
-Müşavirədə dövlətimizin başçısı toxumçuluğun və heyvandarlığın da inkişafına toxunmuş, bu sahələri dəstəkləməyin, Azərbaycanda ərzaq məhsullarına tələbat sahəsində idxaldan asılılığın minimuma endirilməsinin, əhalini quşçuluq məhsulları ilə 100 faiz təmin etməyin vacibliyini vurğulamışdır. Azərbaycan Prezidenti kəndin müasir texnika ilə təminatından danışarkən demişdir: “Aqrolizinq”, aqroservislərin fəaliyyəti kənd təsərrüfatının inkişafına böyük dəstəkdir, bu sahədə də dövlətin müdaxiləsi və siyasəti, əlbəttə ki, həlledicidir. Əgər indi Azərbaycanda traktor istehsal olunmasaydı, vəsait kənara gedəcəkdi. Onsuz da Azərbaycan dövləti bu vəsaiti ayırıb texnikanı alır. İndi texnikanın bir hissəsi artıq Azərbaycanda istehsal olunur”. Dövlətimizin başçısı taxıl istehsalının artırılması, böyük fermer təsərrüfatlarının yaradılması üçün tədbirlər görülməsini tapşırmışdır.
-Prezidentin “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” və “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 21 avqust 2008-ci il tarixli sərəncamları aqrar bölməyə dövlətin ardıcıl diqqət və qayğısına parlaq sübutdur. Bəs kənd təsərrüfatı məhsulları istehsalçıları bu qayğıya necə cavab verirlər?
-Kənd təsərrüfatı məhsulları istehsalçıları ötən ili əksər göstəricilər üzrə uğurla yola salmışlar. Belə ki, 966,7 min hektar sahədən, qarğıdalı da nəzərə alınmaqla, 2 milyon tondan artıq dənli və dənli paxlalılar yığılmışdır. Bununla yanaşı, 37,3 min ton pambıq, 15,7 min ton günəbaxan, 256,5 min ton şəkər çuğunduru, 953,7 min ton kartof, 1 milyon 181 min ton tərəvəz, 433,5 min ton bostan məhsulları, 729,3 min ton meyvə, 129,5 min ton üzüm, 3243 ton tütün və 545 ton çay istehsal edilmişdir. Başqa sözlə, 3877,7 milyon manatlıq məhsul, o cümlədən 1999,1 milyon manatlıq bitkiçilik, 1878,6 milyon manatlıq heyvandarlıq məhsulları istehsal olunmuşdur. İntensiv aparılmış aqrotexniki tədbirlərin və gübrələrin verilməsinin nəticəsi olaraq pambıq istehsalı 17 faiz, dən üçün günəbaxan istehsalı 8 faiz, şəkər çuğunduru istehsalı 33,6 faiz, ərzaq üçün bostan məhsulları istehsalı 5,5 faiz, meyvə istehsalı 1,5 faiz, tütün istehsalı 24,3 faiz, çay istehsalı 21,9 faiz, tərəvəz istehsalı 0,2 faiz, üzüm istehsalı 0,3 faiz artmışdır. Adambaşına illik istehlak normasından 1,8 dəfə çox kartof, 1,8 dəfə çox tərəvəz və bostan məhsulları, 1,7 dəfə çox meyvə və giləmeyvə məhsulları istehsal edilmişdir. İstehlak tələbatından artıq istehsal olunmuş bəzi məhsulların ixracı 2010-cu ildə də davam etdirilmişdir. İl ərzində 2010-cu ildə 64 min ton kartof, 187,2 min ton meyvə, 54,3 min ton tərəvəz məhsulları ixrac edilmişdir. Əhalinin un və un məmulatlarına olan tələbatını tam ödəmək məqsədi ilə respublikaya 2010-cu ildə 1 milyon 330 min ton buğda, 8,4 min ton buğda unu gətirilmişdir. Bu məhsullar üzrə ixrac idxaldan 117,5 milyon ABŞ dolları artıq olmuşdur.
Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım və subsidiyaların verilməsi, mineral gübrələrin və damazlıq heyvanların güzəştlə satılması, aqroservis xidmətlərinin yaxşılaşdırılması tədbirləri 2010-cu ildə də davam etdirilmişdir. Belə ki, becərilən əkin sahələrində, habelə buğda və çəltik səpininə görə məhsul istehsalçılarına 23,5 milyon manat, yanacaq və motor yağlarına görə 55,5 milyon manat güzəştli qiymətlərlə satılmış gübrələrə görə satış təşkilatlarına 24,52 milyon manat, toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə 5,95 milyon manat vəsait ödənilmişdir.
Respublika əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədi ilə 2011-ci ilin məhsulu üçün ötən ilin payızından bir sıra hazırlıq işlərinə başlanılmışdır. 915,2 min hektar sahədə dən üçün payızlıq taxıl əkilmişdir ki, onun da 660,5 min hektarını buğda, 254,7 min hektarını arpa təşkil edir. Bu da 2010-cu ildəkindən 6,6 min hektar artıqdır.
-Bəs heyvandarlıqda vəziyyət nə yerdədir?
- Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıqda son illər naxırın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər məhsul istehsalına öz müsbət təsirini göstərmişdir. 2010-cu ildə əvvəlki ilə nisbətən ət istehsalı (diri çəkidə) 7,1 faiz artaraq 439,9 min ton, süd istehsalı 6,7 faiz artaraq 1 milyon 529 min ton, yumurta istehsalı 1 milyard 178,6 milyon ədəd, yun istehsalı 2,4 faiz artaraq 15,6 min ton təşkil etmişdir. Ölkə üzrə ötən il qaramalın sayı 2,64 milyon baş, o cümlədən inək və camışların sayı 1,3 milyon baş, qoyun və keçilərin sayı 8,46 milyon baş, quşların sayı 22 milyon olmuşdur. Bu, əvvəlki illərlə müqayisədə xeyli artıqdır.
Damazlıq işinin yaxşılaşdırılması istiqamətində işlər müvəffəqiyyətlə davam etdirilir. “Aqrolizinq” ASC vasitəsilə 2009-cu ildən başlayaraq ölkəmizə Almaniyadan yüksək məhsuldar damazlıq heyvan gətirilərək güzəştli qiymətlərlə kənd təsərrüfatı istehsalçılarına satılır. Gətirilən damazlıq heyvanlar yerli şəraitə daha tez uyğunlaşaraq yüksək süd məhsulu və çəki artımı verir.
Bir neçə gün əvvəl dövlətimizin başçısı “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” daha bir Sərəncam imzalamışdır. Məqsəd ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, damazlıq heyvandarlığı inkişaf etdirməkdir. Sənəddə 2011-ci ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2011-ci il 24 fevral tarixli Sərəncamla “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat vəsait ayrılmışdır.
Mən daha bir sənədi xatırlatmaq istərdim. Söhbət Prezidentin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər Planından gedir. Burada “Heyvandarlığın inkişaf etdirilməsi tədbirləri” bölməsində qarşıya ciddi vəzifələr qoyulmuşdur. Həmin bölmədə damazlıq dövlət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, xarici ölkələrdən gətirilmiş cins heyvanların bu müəssisələrə verilməsinin dəstəklənməsi tapşırılmışdır. Məsələ ilə əlaqədar nazirlik tərəfindən “Damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi məhdud məsuliyyətli cəmiyyətlərin maddi-texniki bazasının möhkəmləndirilməsi (2009-2012-ci illər)” layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.
Qeyd edim ki, heyvandarlığın daha da inkişaf etdirilməsində quşçuluğun xüsusi rolu vardır. Respublikada mövcud olan quşların 6,5 milyon başı quşçuluq fabriklərində yetişdirilir. İstehsal olunan ətin 30 faizi quşçuluq fabriklərinin payına düşür. Son illər quşçuluq fabriklərində müasir texnologiyaların tətbiqi, yeni avadanlıqların quraşdırılması, avtomatlaşdırma, yeni yumurtalıq istiqamətli toyuq cinslərinin yetişdirilməsi yumurta istehsalının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur.
Respublikamızda sahibkarlığın inkişafına geniş şəraitin yaradılması quşçuluq fabriklərinin fəaliyyətlərinin də genişlənməsinə səbəb olmuşdur.
-“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası nə yerdədir?
-Həm bu Proqram, həm də dövlətimizin başçısının 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində heyvandarlığın və onun yem bazasının intensiv texnologiyalar əsasında inkişaf etdirilməsinin stimullaşdırılması, yem bitkilərinin əkin sahələrinin, damazlıq quşçuluq təsərrüfatlarının genişləndirilməsi və damazlıq materiallarının yetişdirilməsi, müasir tələblərə cavab verən rəqabətqabiliyyətli quşçuluq təsərrüfatlarının yaradılması, regionlarda quşçuluq məhsullarının istehsalının genişləndirilməsi üzrə nəzərdə tutulmuş əhəmiyyətli tədbirlərin yerinə yetirilməsi istiqamətində əlaqədar qurumlar tərəfindən lazımi işlər görülür.
Dövlət Proqramının 2015-ci il üçün əsas hədəflərindən biri sənaye üsulu ilə illik quş əti istehsalının 80 min tona, yumurta istehsalının 1,3 milyard ədədə çatdırılmasıdır. Bu məqsədə çatmaq üçün davamlı inkişafın təmin edilməsi, quş əti və ət məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi səviyyəsinin yüksəldilməsi, quşçuluq məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın artırılması və damazlıq işinin təkmilləşdirilməsi böyük əhəmiyyətə malikdir.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün əkin sahələrinin məhsuldarlığının artırılması, məhsulun vaxtında yığılması, mineral gübrələrlə və pestisidlərlə təmin edilməsi, fiziki və hüquqi şəxslərə texniki xidmətlərin göstərilməsi və s. sahəsində “Aqrolizinq” ASC tərəfindən xeyli iş görülmüşdür. Fəaliyyətə başladığı 2005-ci ildən indiyədək 10951 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 990 taxılyığan kombayn, 3066 traktor (ondan 1882-si Gəncə avtomobil zavodundan), 140 ekskavator, 76 dəst texnoloji avadanlıq, o cümlədən 9 dəst süd emalı zavodu, 31 dəst soyuducu kamera, 8 dəst qarışıq yem zavodu, 2 dəst fındıq emalı zavodu, 4 dəst meyvəqurutma, 4 dəst damcı suvarma sistemi, 4 dəst bitki yağı istehsalı, 5 istixana və 1 dəst inkubator üçün texnoloji avadanlıq, 296,7 min ton mineral gübrə, 7 adda 301,4 ton pestisid gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilmişdir.
Dövlət Proqramında mal-qaranın cins tərkibini yaxşılaşdırmaqla istehsalın intensiv yolla inkişaf etdirilməsi üçün heyvandarlıqda süni mayalama tədbirlərinin genişləndirilməsi də nəzərdə tutulmuşdur.
-Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanlarının Süni Mayalama Mərkəzinin yaradılması və regionlarda süni mayalama şəbəkəsinin təşkili və genişləndirilməsi” layihəsi hazırlanmış, bu sənədə əsasən 2006-2010-cu illər ərzində heyvanların süni mayalanması tədbirləri həyata keçirilir.
Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda akademik F.Məlikov adına Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində Respublika Süni Mayalama Mərkəzi yaradılmış, buraya xarici ölkələrdən 21 baş törədici heyvan alınıb gətirilmiş və beynəlxalq standartlara uyğun olaraq toxum istehsalına başlanılmışdır. Ailə, kəndli, ev və fərdi təsərrüfatlarda olan inək, camış və düyələri süni mayalamaq üçün Respublika Süni Mayalama Mərkəzində yaradılmış kurslarda son 4 ildə 425 nəfər süni mayalama texniki hazırlanmış və onlara şəhadətnamə verilmişdir. 2010-cu ildə respublikada süni mayalandırma nəticəsində 36 min baş bala alınmışdır.
-Məlumdur ki, toxumçuluq və tingçilik məhsuldarlığın artırılmasında, ekoloji təmiz və keyfiyyətli məhsulun alınmasında, beləliklə də ərzaq təminatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyətə malikdir.
-Ölkədə dənli və dənli paxlalıların toxumçuluğunda və tingçilikdə müəyyən irəliləyişlər olsa da, bu, bizi qane etmir. Ona görə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi üçün, əkinə yararlı torpaq sahələrinin məhdudluğu nəzərə alınmaqla hər hektar sahədən yüksək məhsuldarlıq əldə edilməsi məqsədi ilə toxumçuluq və tinglik sahəsinin daha da inkişaf etdirilməsi nazirliyin qarşısında prioritet vəzifələrdən biri kimi qoyulmuşdur. Əhalinin sağlamlığının qorunması və bioloji tələbatının davamlı olaraq ödənilməsi, ümumilikdə isə ərzaq təhlükəsizliyinin təmin edilməsi, ərzaq ehtiyatlarının yaradılması üçün məhsul istehsalçıları tərəfindən istehsal edilmiş kənd təsərrüfatı məhsullarının istehsalının əhalinin istehlak tələbatından 1,5-2 dəfədən çox olmasını nəzərə alaraq, əsasən, kartof, meyvə, tərəvəz və bostan məhsullarının saxlanılması, çeşidlənməsi, qablaşdırılması, daşınması, ticarət şəbəkəsinin fasiləsiz olaraq təchiz edilməsi olduqca prioritet əhəmiyyət kəsb edir. Aparılmış monitorinqlərin təhlili göstərir ki, bu məhsullar istehlakçılara çatanadək normadan xeyli artıq itkiyə məruz qalır. Odur ki, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışına dair müvafiq strukturun yaradılmasına və onun dövlət tərəfindən dəstəklənməsinə ehtiyac duyulur. Fikrimizcə, bu da əhalinin ehtiyaclarının daxili istehsal hesabına ödənilməsində, eyni zamanda, məhsul istehsalçılarında istehsalın artırılmasında stimul yaradar, qiymətlərin tənzimlənməsinə öz müsbət təsirini göstərər və bununla yanaşı, ixrac əməliyyatını daha da genişləndirmək olar.
Qeyd etmək lazımdır ki Bakı şəhər əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq üçün Prezidentin göstərişi ilə 2006-cı ilin iyulundan həyata keçirilən kənd təsərrüfatı məhsulları yarmarkaları öz müsbət nəticəsini verir. 2006-cı ildən bu günə kimi 483 yarmarka keçirilmiş və alıcılara 107,8 min ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Möhkəm özül üzərində qurulmuş respublikamızın kənd təsərrüfatı Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunaraq əhalinin ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına ödənilməsi istiqamətində inkişaf edir.
Prezidentin sədrliyi ilə keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr ölkəmizdə kənd təsərrüfatının gələcək inkişafında misilsiz rol oynayacaqdır. Müşavirədən dərhal sonra yanvarın 17-də Respublika Nazirlər Kabinetində bununla bağlı geniş müşavirə keçirilmiş və dövlət mülkiyyətinə aid torpaqlarda (qış otlağı, asudə dövlət fondu) massiv şəklində əkinlərin aparılması imkanları müzakirə edilmişdir. Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərlərinə bununla bağlı tapşırıqlar verilmişdir. Dövlət qurumlarının mütəxəssisləri rayonlara ezam olunmuş, qarşıya qoyulmuş vəzifələrin yerindəcə öyrənilməsi məqsədi ilə yerli qurumlarla işləyərək təkliflər hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.
Toxumçuluğu inkişaf etdirmək də nazirliyin diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamından sonra ölkədə toxumçuluğun inkişafına diqqət və qayğı artırılmış, dövlət təsərrüfatları ilə yanaşı, özəl toxumçuluq təsərrüfatlarının da sayı artmışdır. Hazırda respublikada 683 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir ki, bunun da 87 faizi taxıl toxumçuluğunun payına düşür. Məhz dövlətin qayğısının nəticəsidir ki, ötən il dövlət və özəl toxumçuluq təsərrüfatlarında və ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən 152 min ton kondisiyalı taxıl toxumu istehsal edilmişdir. Bunun 121 min tonu buğda, 31 min tonu arpadır. Həmin toxumlardan bu ilin məhsulu üçün səpində istifadə olunmuş və 915,2 min hektar sahədə dən üçün payızlıq taxıl əkilmişdir.
Adını çəkdiyim müşavirədə Prezident keyfiyyətli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalına daim diqqət yetirilməsini tapşırmışdır. Aqrar sahədə bu siyasətə xidmət edən bir sıra qanunlar və normativ aktlar qüvvəyə minmişdir. Xüsusən 2008-ci ildə qəbul olunmuş “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunun tətbiqi istiqamətində tədbirlər genişləndirilmişdir.
Dövlətimizin başçısı 2010-cu il mayın 24-də “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə Fərman imzalamışdır.
Burada bir məsələni xatırlatmaq istərdim. Keçən il fevralın 17-dən 22-dək Almaniyada keçirilmiş dünya ekoloji kənd təsərrüfatı məhsulları sərgisində ilk dəfə olaraq Azərbaycan məhsulları nümayiş olunmuşdur. Nazirliyin mütəxəssisləri tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına bitkiçilik, heyvandarlıq və emal sənayesi sahələrində ətraf mühitin qorunması, mineral gübrələrin, pestisidlərin təlimata uyğun istifadə olunması və ekoloji təmiz məhsulların istehsalı barədə mütəmadi olaraq tövsiyələr verilir. Şübhə etmirəm ki, Azərbaycan yaxın gələcəkdə öz ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM) siyahısına düşəcəkdir.
Keçən əsrin 90-cı illərindən ölkədə aparılan aqrar islahatların kənd təsərrüfatı məhsulları istehsalına təsirini qısaca xarakterizə edə bilərsinizmi?
-Bu islahatlar nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı artmışdır. Artım isə, öz növbəsində, ölkənin məhsul ixracetmə potensialının inkişafına səbəb olmuşdur. Belə ki, son illər aqrar sənaye məhsullarının ixracı davamlı olaraq artmış və 2004-cü ildə 137 milyon dollar, 2005-ci ildə 284 milyon dollar, 2006-cı ildə 284,5 milyon dollar, 2007-ci ildə 438,2 milyon dollar, 2008-ci ildə 406,7 milyon dollar, 2009-cu ildə 395,1 milyon dollar, 2010-cu ildə isə 400,4 milyon dollar təşkil etmişdir. Kənd təsərrüfatı məhsulları ixracının strukturunda pambıq mahlıcının, tütün məmulatlarının, faraş kartofun, meyvə-tərəvəzin xüsusi çəkisi daha çox olmuşdur. Eyni zamanda, ölkədə kənd təsərrüfatı məhsulları emal edən müəssisələrin yenidən qurulması və yenilərinin tikilməsi ölkədən meyvə, tərəvəz konservləri və şirələrinin, alkoqollu içkilərin, şəkərin ixracını artırmışdır.
Göründüyü kimi, dövlətimizin ardıcıl qayğısı sayəsində ötən il Azərbaycanın kənd təsərrüfatının bütün sahələri dinamik inkişaf etmişdir və şübhə yoxdur ki, Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin göstəriş və tapşırıqları bu il aqrar sektorun inkişafına bir daha təkan verəcəkdir.
Vahid Səfixanov
AZƏRTAC-ın müxbiri