Azərbaycan dövlətinin dəstəyi ilə İrpen şəhər poliklinikası yenidən qurulub – AZƏRTAC-ın reportajı VİDEO











İrpen, 23 aprel, AZƏRTAC
Azərbaycan dövlətinin humanist siyasəti və çətin gündə dost əlini uzatması Ukraynanın İrpen şəhərinin timsalında da özünü göstərir. Müharibədən sonra ziyan görmüş İrpen şəhərinin bərpasında Prezident İlham Əliyevin tapşırığı ilə dövlətimiz yaxından iştirak edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə artıq İrpen şəhər poliklinikası yenidən qurulub və şəhər sakinlərinə təhvil verilib. İrpen şəhər poliklinikasının əsaslı təmiri zamanı fasadların və dam örtüyünün izolyasiyası, pəncərələrin dəyişdirilməsi, müasir tipli sığınacağın tikintisi, yanğından mühafizə sisteminin və ventilyasiyanın quraşdırılması kimi işlər görülüb.
Hava həyəcanı siqnalı çalınarkən həm poliklinikanın əməkdaşları, həm də xəstələr yenidən qurulan sığınacağa toplaşırlar. İnsanların saatlarla burada qalması üçün lazımi şərait yaradılıb. Sığınacaqda bir anda yüzlərlə insan qala bilər.
İrpen şəhər poliklinikasının direktor müavini Artyom Alekseyev AZƏRTAC-a açıqlamasında Azərbaycan xalqına, dövlətinə göstərdikləri dəstəyə görə təşəkkür edib.
“Atəş nəticəsində İrpen şəhər poliklinikası yararsız hala düşmüşdü, xüsusilə fasad və dam örtüyü dağılmışdı. Biz ağır gündə Azərbaycan dövlətinin, xalqının dəstəyini, sevgisini hər zaman hiss etmişik. Azərbaycan xalqına ürəyimizdə böyük sevgimiz var. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə poliklinika yenidən quruldu, xüsusilə fasadı, dam örtüyü dəyişildi, yeni sığınacaq quruldu. İrpendə hava siqnalı zamanı insanlar bu sığınacağa yerləşir. Bu sığınacaq yüzlərlə insanların həyatını xilas edir. Bir daha Azərbaycan dövlətinə, xalqına öz dərin təşəkkürümü bildirirəm”, - deyə Artyom Alekseyev bildirib.
Poliklinikanın həkim-travmatoloqu Sergey Nimçuk da tibb ocağının bərpasından sonra xəstələrə yüksək xidmət göstərildiyini deyib. “Azərbaycanlı tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk ki, İrpen şəhər poliklinikası yenidən normal fəaliyyətini bərpa edib. İndi artıq bu tibb ocağında vətəndaşlara normal xidmət göstəririk, həmçinin hava təhlükəsi yaranan zaman yeni qurulmuş sığınacaqda vətəndaşlarımızın təhlükəsizliyini təmin edə bilirik”, - deyə həkim əlavə edib.
Qeyd edək ki, Azərbaycan dövləti İrpendə daha dörd layihəyə dəstək verəcək. Bunlar Mərkəzi Mədəniyyət evinin, tam dağılan İrpen Uşaq-Gənclər İdman Məktəbinin, İncəsənət Mərkəzinin və doqquzmərtəbəli yaşayış binasının yenidən qurulması və bərpasıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen