SİYASƏT
Azərbaycan dövlətinin gənclər siyasəti real nəticələr verir
Masallı, 1 fevral (AZƏRTAC). Fevralın 1-də Masallı Rayon Mədəniyyət Evində Azərbaycan Gəncləri Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.
Bayram süfrəsi arxasında davam edən mərasimdə rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov çıxış edərək 2013-cü ilin Masallı gəncləri üçün uğurlu olduğunu bildirmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə gəncləri təbrik etmişdir. Qeyd olunmuşdur ki, gənclər hər bir dövlətin gələcəyini təmin edən, cəmiyyətdə aparıcı rol oynayan qüvvədir. Azərbaycan dövlətinin də gənclər siyasəti müasir, inkişaf etmiş, yüksək intellektə malik nəsil formalaşdırılmasına yönəlmişdir və real nəticələr verir. Bu siyasətin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətin gənclər siyasəti yeni mərhələyə qədəm qoymuş, gənc nəsil qarşısında geniş üfüqlər açılmışdır. Bu gün Azərbaycanda gəncliyin potensialından daha səmərəli istifadə olunması, onların qayğı və problemlərinin həlli, istək və arzularının reallaşması üçün hər cür şərait vardır.
Tədbirdə gənclərin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
Mərasim rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etmişdir.