AZƏRBAYCAN DÜNYANIN BÜTÜN ÖLKƏLƏRİ İLƏ DOSTLUQ VƏ MEHRİBAN ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ YARADILMASINA TƏRƏFDARDIR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV XARİCİ ÖLKƏLƏRİN RESPUBLİKAMIZDA YENİ TƏYİN OLUNMUŞ SƏFİRLƏRİNİN ETİMADNAMƏLƏRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 13-də Prezident iqamətgahında İsveçrənin, Qırğızıstanın, İsveçin, Kot-d`İvarın, Koreya Xalq Demokratik Respublikasının, Belçikanın və Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul etmişdir.
İsveçrə Konfederasiyasının səfiri STEFAN ŞPEK öz etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edərək dedi:
- Cənab Prezident!
Sələfimin geri çağırılması barədə məktubu və İsveçrə Konfederasiyasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri kimi akkreditə olunmağım barədə etimadnaməni Sizə təqdim etmək mənim üçün böyük şərəfdir. Şəxsən Zati-alinizə Sizin şəxsinizdə dost Azərbaycan xalqına Federal Şuranın və İsveçrə hökumətinin ən yaxşı arzularını çatdırmaq mənim üçün böyük şərəfdir.
İsveçrə hökuməti ümid edir ki, bu yaxınlarda Cənubi Qafqaz regionunda səfirliyin açılması ikitərəfli münasibətlərimizin, o cümlədən Azərbaycanla əlaqələrimizin gələcəkdə inkişafına müsbət təsir göstərəcəkdir. Sağ olun.
X X X
Qırğızıstan Respublikasının səfiri KEMELBEK NANAYEV öz etimadnaməsini Azərbaycan dövlətinin başçısına təqdim edərək dedi:
-Cənab Prezident!
Əsgər Akayeviç məni buraya yola salarkən Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulamağı xahiş etdi. Azərbaycanda, Sizin - görkəmli siyasi və dövlət xadiminin başçılıq etdiyi bir ölkədə səfir olmaq mənim üçün böyük şərəfdir.
Xalqlarımızın əlaqələrinin dərin tarixi kökləri vardır, bizim münasibətlərimiz xüsusi səmimiyyəti ilə fərqlənir. Cənab Prezident, Sizi əmin edirəm ki, münasibətlərimizin uğurla inkişaf etməsi üçün əlimdən gələni edəcəyəm. Qırğızıstan Prezidenti tərəfindən Azərbaycan Respublikasında səfir təyin olunmağım haqqında etimadnaməni Sizə təqdim etmək şərəfi mənə nəsib olmuşdur. Sağ olun.
X X X
İsveç Krallığının səfiri xanım ANNE DİSMORR dövlətimizin başçısına müraciətlə dedi:
- Zati-aliləri cənab Prezident!
Böyük məmnuniyyət və şərəf hissi ilə İsveç kralının məni burada, Azərbaycanda səfir təyin etməsi barədə etimadnaməni, eyni zamanda məndən əvvəl işləmiş səfirin geri çağırılması haqqında məktubu Sizə təqdim edirəm.
Cənab Prezident, çox sağ olun.
X X X
Kot-d İvuar Respublikasının səfiri JAN-KLOD KALUCE respublikamızın rəhbərinə müraciətlə dedi:
- Cənab Prezident!
Bu gün Kot-d İvuar Respublikasının Prezidenti cənab Loran Qbaqbonun imzaladığı etimadnaməni Sizə təqdim etməkdən böyük şərəf və iftixar hissi duyuram.
Kot-d İvuar Respublikası Prezidentinin Sizə, ailənizə, Azərbaycan xalqına ən səmimi salamlarını çatdırmaqdan çox məmnunam. Cənab Prezident, Sizə minnətdaram.
X X X
Koreya Xalq Demokratik Respublikasının səfiri Lİ ÇXOR QVAN Azərbaycan Prezidenti Heydər Əliyevə öz etimadnaməsini təqdim edərək dedi:
-Zati-aliləri, hörmətli cənab Prezident!
Mənim Koreya Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmağım barədə etimadnaməni Sizə təqdim etməkdən şərəf duyuram. KXDR-in Azərbaycan Respublikasında səfiri kimi fəxri vəzifəmin icrasına başlayarkən Sizi əmin edirəm ki, KXDR ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı üçün var qüvvə ilə səy göstərəcəyəm.
Hörmətli cənab Prezident, bu fürsətdən istifadə edərək, ilk növbədə, Koreya Əmək Partiyasının baş katibi, Koreya Xalq Demokratik Respublikası Müdafiə Komitəsinin sədri, Koreya Xalq Ordusunun Ali baş komandanı Kim Çen İr yoldaşın səmimi salamını Sizə ehtiramla yetirmək istəyirəm.
Kim Çen İr yoldaş Sizə cansağlığı və ölkənizin müstəqilliyinin möhkəmləndiliməsi və cəmiyyətin sabitliyinin təmin olunması, iqtisadi tərəqqi əldə edilməsi sahəsində məsul işinizdə böyük uğurlar arzulayır. Hökumətimiz Sizin hökumətin yeritdiyi xarici və daxili siyasəti dəstəkləyir. Sağ olun.
X X X
Belçika Kralliğinin səfiri YAN MATTİSEN dövlətimizin başçısına müraciətlə dedi:
-Cənab Prezident! Belçika Krallığının burada, Azərbaycan Respublikasında səfiri təyin olunmağım barədə etimadnaməni böyük şərəf hissi ilə Sizə təqdim edirəm. Bu etimadnamə, habelə məndən əvvəl işləmiş səfirin geri çağırılması haqqında məktub Belçikanın kralı II Albert tərəfindən imzalanmışdır. Mən burada işləyərək ikitərəfli əlaqələri inkişaf etdirməyə çalışacağam və ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edəcəyəm. Sağ olun.
X X X
Niderland krallığının səfiri HARRİ MOLENAAR Azərbaycan Prezidentinə müraciətlə dedi:
- Zati-aliləri cənab Prezident! İzn verin, əvvəlcə Niderland kraliçası Beatriksin ən xoş arzularını Sizə və Azərbaycan xalqına yetirim. Ülyahəzrət kralıçanın hökumətini Azərbaycanda təmsil etmək mənim üçün şərəf və başucalığıdır.
Azərbaycan elə ölkədir ki, Niderland hökuməti və xalqı keçid dövründə onu dəstəkləyib və bu cəmiyyətdə dözümlülük, ədalət və demokratiya prinsipləri üstünlük təşkil edərək qələbə çalacaqdır.
Artıq əldə etdiyiniz tərəqqini və bəzən keçid dövrünün törətdiyi çətinlikləri biz diqqətlə izləyirik.
Zati-aliləri cənab Prezident!
Mən bugünkü imkana görə Sizə minnətdarlığımı bildirirəm. İndi isə, icazənizlə mənim burada Niderlandın səfiri olmağımı təsdiq edən etimadnaməni və məndən əvvəl səfir işləmiş cənab Qrossu geri çağıran məktubu təqdim edirəm. Sağ olun.
X X X
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV səfirlərə müraciətlə dedi:
-Hörmətli cənab səfirlər!
Mən sizi, hər birinizi ölkənizin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm və sizə gələcək işlərinizdə uğurlar arzulayıram.
Sizin təmsil etdiyiniz ölkələr bizim üçün dost ölkələrdir və artıq uzun müddətdir ki, aramızda diplomatik əlaqələr var. Təkcə diplomatik əlaqələr yox, bütün başqa sahələrdə də əlaqələr müəyyən səviyyələrdə inkişaf etdirilir. Ancaq biz istəyirik ki, sizin ölkələrinizlə əlaqələrimizi daha da genişləndirək, daha da inkişaf etdirək. Bunun üçün sizin üzərinizə öz ölkəniz tərəfindən, təbiidir ki, müəyyən vəzifələr qoyulubdur və biz də öz tərəfimizdən ümid bəsləyirik ki, Azərbaycanda fövqəladə və səlahiyyətli səfir işlədiyiniz dövrdə Azərbaycan ilə ölkələriniz arasında əlaqələri inkişaf etdirəcəksiniz.
Sizin hər biriniz bizim dost, qonşu yaxın ölkələrdə səfirsiniz və əsas iqamətgahınız da oradadır. Siz Azərbaycanda səfirlik fəaliyyətinizi başqa ölkələrdəki işinizlə bərabər aparacaqsınız. Amma biz istərdik ki, ölkələrinizin hər birinin iqamətgahı Azərbaycanda yerləşən səfirliyi olsun. Güman edirəm ki, bu proses artıq var, gedir və gələcəkdə də biz bu arzularımıza nail ola biləcəyik.
Sizinlə bu qısa söhbətdə Azərbaycanın həyatı, onun bugünkü vəziyyəti, siyasəti və xüsusən xarici siyasəti haqqında söz demək çox çətindir. Güman edirəm ki, sizin hər biriniz səfir təyin olunan zaman Azərbaycan haqqında məlumatlar toplamısınız, Azərbaycanı öyrənmisiniz, bu gün Azərbaycanın müstəqil dövlət kimi dünya birliyindəki yeri ilə tanış olmusunuz və Azərbaycanın həll edilməmiş problemlərini də bilirsiniz. Çox qısaca onu deyə bilərəm ki, az bir müddətdə, yəni tarixi nöqteyi-nəzərdən az bir zamanda, on illik müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf edibdir.
Güman edirəm, sizə məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndə keçmiş Sovetlər İttifaqına mənsub olan başqa respublikalardan fərqli olaraq, çox ağır problemlər içərisində idi. Bu, sizə məlum olan problemdir - Ermənistanın Azərbaycana torpaq iddiası, Azərbaycanın torpağı olan Dağlıq Qarabağı ələ keçirməsi və bunun nəticəsində başlanmış hərbi münaqişə və nəhayət, müharibə. Məhz belə bir şəraitdə Azərbaycan dövlət müstəqilliyinə nail olubdur. Ona görə də həm müstəqil dövləti qurmaq, həm də hələ müstəqil olmamışdan öncə, Sovetlər İttifaqı tərkibində olarkən Azərbaycanın qarşılaşdığı ağır problemi həll etmək asan deyildir. Təəssüflər olsun ki, o illər Azərbaycanın özündə də çox böyük səhvlər buraxılmışdır.
Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu və Ermənistanın müəyyən səbəblərdən, müəyyən imkanlardan istifadə edərək, Azərbaycan torpaqlarının bir qismini işğal etdiyi bir vəziyyətdə ölkəmizin daxilində sabitlik pozulmuş, hakimiyyət uğrunda mübarizə getmişdir. Bu mübarizəni də aparan ayrı-ayrı silahlı dəstələrə malik olan qruplar olmuşdur. Bunlar Azərbaycanın vəziyyətini ağırlaşdırmışdır, çətinləşdirmişdir və Azərbaycan o illərdə öz müstəqilliyindən lazımi qədər istifadə edə bilməmişdir. Nəhayət, bu proseslər 1993-cü ildə, Ermənistanla müharibə getdiyi bir vaxtda, Azərbaycanı daxildən parçalamaq təhlükəsinə gətirib çıxarmışdır. Azərbaycanda xaos, anarxiya və vətəndaş müharibəsi başlamışdır.
1992-ci ilin sonu-1993-cü ildə Azərbaycanda siyasi böhran, sosial böhran, iqtisadi böhran və dövlət böhranı - bunlar hamısı bir-birinə qarışmışdı. 1993, 1994, 1995-ci illərdə Azərbaycanda daxili vəziyyəti sabitləşdirmək, vətəndaş müharibəsinin qarşısını almaq, ölkənin parçalanmasının qarşısını almaq və cəmiyyəti birləşdirmək prosesi getmişdir. 1994-cü ilin may ayında Ermənistanla atəşin dayandırılması haqqında saziş əldə edilmişdir. Yəni sülh yaranmamış, müharibə qurtarmamış, amma atəş dayandırılmışdır. Bu atəşkəs rejimi indi də davam edir.
Azərbaycan sonrakı illərdə öz imkanlarından istifadə edib ölkəni inkişaf etdirmişdir. İndi Azərbaycanda iqtisadiyyat ilbəil inkişaf edir, iqtisadi, hüquqi, siyasi islahatlar keçirilir. Hüquqi, demokratik, dünyəvi dövlət qurulubdur. Demokratik prinsiplər ardıcıl surətdə tətbiq olunur. Azərbaycan demokratiya, bazar iqtisadiyyatı yolu ilə gedir. Bizim bugünkü vəziyyətimiz, iqtisadi göstəricilərimiz, sosial göstəricilərimiz nəşr etdiyimiz məlumat kitablarında var. Yəqin ki, siz onlardan istifadə edə bilərsiniz.
Biz Azərbaycanın dövlət müstəqilliyinin on illiyini qeyd edərkən böyük iftixar hissi ilə bəyan etdik ki, Azərbaycanda müstəqil dövlət var, yaşayır, müstəqillik ilbəil möhkəmlənir. Ölkədə ictimai-siyasi sabitlik yaranıbdır, insanlar rahat yaşayır, həyat səviyyəsi inkişaf edir və Azərbaycanın iqtisadi, sosial cəhətdən və digər istiqamətlərdə çox böyük gələcəyi var. Ancaq hələ bizim qarşımızda duran ən ağır və ən əsas problem həll olunmayıbdır.
Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı öz yerindən-yurdundan çıxarılıbdır, əksəriyyəti çadırlarda yaşayır. Biz son illər beynəlxalq təşkilatların yardımı ilə, xüsusən ATƏT-in və onun Minsk qrupunun iştirakı ilə məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq.
İndi Azərbaycanda Xəzər dənizinin neft və qaz ehtiyatlarının istifadə olunması üçün çox böyük layihələr həyata keçirilir. Azərbaycan dünyada bütün beynəlxalq təşkilatlarda öz yerini tutubdur. Dünyanın demək olar ki, bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq edirik. Bu siyasətimizi bundan sonra da aparacağıq. Əvvəldə dediyim kimi, biz istəyirik ki, sizin ölkələrlə münasibətlərimiz indikindən də yaxşı olsun. Güman edirəm, siz bu sahədə öz fəaliyyətinizi göstərəcəksiniz. Əmin ola bilərsiniz ki, Azərbaycanda öz ölkənizin səfir vəzifəsini yerinə yetirmək üçün sizə bütün imkanlar yaradılacaq və lazım olan kömək göstəriləcəkdir.
Mən sizi bir də təbrik edirəm. Ölkələrinizə, xalqlarınıza sülh, əmin-amanlıq, rifah arzulayıram. Sağ olun.
X X X
Sonra Azərbaycan Prezidenti Heydər Əliyev səfirlərlə səmimi söhbət etdi və işlərində uğurlar arzuladı, onların hərəsi ilə ayrılıqda və hamısı ilə birlikdə xatirə şəkilləri çəkdirdi.
Xarici ölkələrin yeni təyin olunmuş səfirləri səmimi sözlərə görə Prezident Heydər Əliyevə təşəkkür etdilər, təmsil etdikləri ölkələrlə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə çalışacaqlarını bir daha vurğuladılar.
X X X
Etimadnamənin təqdim olunması mərasimində xarici işlər naziri Vilayət Quliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov iştirak edirdilər.
Foto Yaşar Xəlilovundur