AZƏRBAYCAN EKOLOQLARI BEYNƏLXALQ BİOLOJİ MÜXTƏLİFLİK GÜNÜNÜ QEYD ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, mayın 22-də, Beynəlxalq Bioloji Müxtəliflik günü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirilmişdir. Tədbirdə Azərbaycanda biomüxtəlifliyin mühafizəsi sahəsində aktual problemlər müzakirə olunmuşdur.
Xatırladaq ki, BMT-nin 1992-ci ildə Rio-de-Janeyroda keçirilən ətraf mühit və davamlı inkişaf üzrə konfransında canlı növlərin, ekosistemin və landşaftın müxtəlifliyinin qorunub saxlanması problemi ön plana çəkilmişdir. Bioloji müxtəliflik bəşəri irsin əsas hissəsi, onun iqtisadi və sosial inkişafının mənbəyi hesab olunmuşdur. Bioloji müxtəlifliyin müdafiəsinə yönəldilmiş mühüm mexanizmlərdən biri kimi bioloji müxtəliflik haqqında Konvensiya qəbul olunmuşdur. Bu sənəd bioloji müxtəlifliyin genetik resurslardan tutmuş növlərə və ekosistemlərədək bütün cəhətlərini əhatə edən ilk qlobal sazişdir. Konvensiyada ilk dəfə etiraf olunur ki, bioloji müxtəlifliyin qorunub saxlanması bəşəriyyətin ümumi vəzifəsi və davamlı inkişafın əsas istiqamətlərindən biridir.
Azərbaycan konvensiyaya 2000-ci ildə qoşulmuşdur.
Bu il Beynəlxalq Bioloji Müxtəliflik gününün mövzusu “Biomüxtəliflik və kənd təsərrüfatı”dır. Bu mövzu ictimaiyyətin diqqətini öncül vəzifələrdən birinə - ölkənin iqtisadi həyatının, o cümlədən kənd təsərrüfatının bütün sahələrində biomüxtəlifliyin qorunub saxlanması və ondan qənaətlə istifadə olunması mexanizminin tətbiqinə cəlb etməkdir.