CƏMİYYƏT
“Azərbaycan gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilmişdir
Bakı, 12 avqust (AZƏRTAC). Avqustun 12-də Amerika-Azərbaycan Təhsil Mərkəzində Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Azərbaycan gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyinin, ABŞ-da təhsil almış Azərbaycanlı Məzunlar Assosiasiyasının və Azərbaycan Avropa Hərəkatının birgə təşkilatçılığı ilə keçirilmiş konfransın məqsədi uşaq və gənclərin üzləşdikləri problemlərin həlli istiqamətində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar arasında əməkdaşlığı gücləndirməkdir.
Konfransda Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramil Məmmədov, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Kris Cons, müxtəlif gənclər təşkilatlarının təmsilçiləri, xaricdə təhsil almış gənclər iştirak etmişlər.
Tədbirdə çıxış edən BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç Beynəlxalq Gənclər Günü münasibətilə gəncləri təbrik etmişdir. BMT-nin baş katibi Pan Gi Munun gənclər siyasətinə xüsusi önəm verdiyini vurğulayan E.Selimoviç qeyd etmişdir ki, təşkilat tərəfindən gənclərin fəaliyyətinin dəstəklənməsinə dair beşillik fəaliyyət planı da hazırlamışdır.
BMT-nin nümayəndəsi demişdir: “Artıq 13-cü ildir ki, qeyd olunan Beynəlxalq Gənclər Günündən maksimum dərəcədə gənclərin xeyrinə istifadə etməyə çalışırıq. Gənclərin real potensialını üzə çıxarmaq üçün onlar ilə daim əməkdaşlıq etmək çox vacibdir. BMT tərəfindən bu məqsədlə “Mən burada idim” kampaniyasına başlanılmışdır. Məqsəd ətrafdakı insanlara xeyirxahlıq etməkdir. Ümid edirəm ki, bu sahədə əməkdaşlığımız davamlı olacaqdır”.
Digər çıxış edənlər də dünyanın müxtəlif ölkələrində qeyd olunan Beynəlxalq Gənclər Gününün əhəmiyyətindən danışmışlar.
Konfransda gənclər təşkilatlarının fəaliyyət prioritetləri, maraqlar, potensial ideyalar və gənclərin əməkdaşlıq dialoqu, gənclər arasında əməkdaşlığı zəiflədən problemlərin müəyyənləşdirilməsi ilə bağlı çıxışlar dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Bundan əlavə, konfransda gənclərin vahid təhsil ideologiyası ətrafında birləşmələrinə, Azərbaycandakı gənclər təşkilatlarının fəaliyyəti ilə yaxından tanış olmaq üçün sosial şəbəkələrdə elektron ünvanlarından ibarət məlumat bazasının yaradılmasına dair təkliflər səsləndirilmişdir.