AZƏRBAYCAN GƏNCLƏRİ ULU ÖNDƏRİ HƏMİŞƏ HÖRMƏT VƏ EHTİRAMLA YAD EDİRLƏR
AZƏRTAC xəbər verir ki, iyunun 11-də Beynəlxalq Mətbuat Mərkəzində “Müasir gənclik və sosial inkişaf” İctimai Birliyi (İB) 15 İyun - Milli Qurtuluş günü münasibətilə “Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirmişdir.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra onun ictimai-siyasi həyatında mürəkkəb tarixi günlər yaşanmışdır. Qeyd edilmişdir ki, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən və həmin ayın 24-dən ölkə Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev xilaskarlıq missiyasına başlamışdır. Yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət xalqın böyük potensialına arxalanaraq Azərbaycanı düşdüyü fəlakət və bəlalardan xilas edə bilərdi və ümummilli lider bu vəzifənin öhdəsindən özünəməxsus bacarıqla, ustalıqla gəlmişdir.
Vurğulanmışdır ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında əsaslı dönüş yaranmış, Azərbaycanda beynəlxalq normalara uyğun, demokratik və hüquqi dövlət quruculuğuna başlanmışdır. Azərbaycanın müstəqilliyi əbədi və dönməz olmuş, ölkəmiz dünyada öz layiqli yerini tutaraq, regionda lider dövlətə çevrilmişdir.
Natiqlər bildirmişlər ki, müstəqil Azərbaycanı məhv olmaq təhlükəsindən qurtararaq, dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına çıxaran Heydər Əliyevin müdrik, alternativi olmayan siyasəti bu gün də yaşayır və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə ulu öndər Heydər Əliyevin gənc nəslə göstərdiyi qayğı və diqqətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində Azərbaycan gənclərinin hərtərəfli inkişafı xüsusilə vurğulanmışdır.