ŞƏRH
Azərbaycan güclü iqtisadiyyat, müasir ordu və sosial rifah sahələrində böyük irəliləyişlər əldə edib - RƏY
Bakı, 7 avqust, AZƏRTAC
Qarabağ Zəfərinin başlanğıcı olan 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq. Bu tarixdə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qətiyyətli Qələbəsi ilə nəticələndi. Onda sonra həyata keçirilən “Qisas”, “Sarıbaba” və “Fərrux” kimi mühüm hərbi əməliyyatlar isə Azərbaycanın hərbi qüdrətini dünyaya bir daha nümayiş etdirdi. Hər bir azərbaycanlı bu tarixi Qələbənin qürurunu yaşayır və bunu gələcək nəsillərə də ötürməlidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə ölkəmizin tarixi zəfərlər qazanması uzunmüddətli və strateji siyasi-hərbi gedişlərin nəticəsi idi. Bir sözlə, Azərbaycanın Zəfər salnaməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə söyləyib.
O bildirib ki, ötən illər ərzində ölkəmiz güclü iqtisadiyyat, müasir ordu və sosial rifah sahələrində böyük irəliləyişlər əldə edib. 2004-2024-cü illərdə Azərbaycanın sürətli inkişaf mərhələsi xalq-dövlət birliyinin nəticəsində əldə edildi. Bu birliyin də qurucusu məhz Prezident İlham Əliyevdir.
“Eyni zamanda, xüsusi vurğulamaq lazımdır ki, bu tarixi Zəfər Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasının məntiqi nəticəsidir. Prezident İlham Əliyev milli inkişaf strategiyasını, müstəqil dövlət quruculuğu və güclü dövlət konsepsiyasını məharətlə davam etdirərək Azərbaycanın regionda və dünya miqyasında nüfuzunu artırdı. Bu dövrdə ölkəmizin resursları düzgün yönləndirilərək xalq və dövlət təhlükələrdən qorundu. Güclü iqtisadiyyat və müasir ordu, fəal diplomatiya və beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycan yalnız öz siyasi, hərbi qüdrətinə və güclü milli iqtisadiyyatına söykənərək regionda sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan, eyni zamanda, qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itkilərlə çıxaraq beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat və kommunikasiya qovşağına çevrildi”, - deyə C.Hüseynzadə qeyd edib.