İDMAN
Azərbaycan Güləş Federasiyası fotoqraflar arasında müsabiqə elan etmişdir
Bakı, 13 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan edilmişdir.
AZƏRTAC xəbər verir ki, “İdman ili” çərçivəsində geniş ictimaiyyətin güləş idman növünə və güləşçilərimizin nailiyyətlərinə diqqətini artırmaq və idman fotojurnalistikasını inkişaf etdirmək məqsədilə Azərbaycan Güləş Federasiyası fotoqraflar arasında müsabiqə elan etmişdir.
Mayın 12-13-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində ilin ən mötəbər turnirlərindən biri – sərbəst güləş üzrə dünya kuboku yarışı keçiriləcəkdir. Müsabiqəyə təqdim ediləcək fotolar da məhz bu yarışda çəkilməlidir.
Qaliblər 4 nominasiya üzrə seçiləcək və bir fotoya həvəsləndirici mükafat veriləcəkdir.