İDMAN
Azərbaycan güləşçiləri Vaçlav Zialkovskinin xatirəsinə həsr olunmuş XXII və qadın güləşi üzrə XVII “Poland Open” Beynəlxalq turnirlərində iştirak edəcəklər
Bakı, 8 avqust (AZƏRTAC). Avqustun 10-11-də Polşanın Spala şəhərində sərbəst güləş üzrə Vaçlav Zialkovskinin xatirəsinə həsr olunmuş XXII və qadın güləşi üzrə XVII “Poland Open” Beynəlxalq turnirləri keçiriləcəkdir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, V.Zialkovskinin xatirəsinə həsr olunmuş XXII Beynəlxalq turnirdə sərbəst güləş yığmamız böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında birincilik uğrunda mübarizə aparacaqdır.
Millimizin heyətində Mircəlal Həsənzadə (55 kq), Ağahüseyn Mustafayev, Emin Əzizov, Ruslan Dibirhacıyev (hamısı 66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev (hər ikisi 84 kq), Cəmaləddin Məhəmmədov və Alsan Dzebişov (hər ikisi 120 kq) yer almışlar.
Qadın güləşçiləri arasında keçiriləcək XVII “Poland Open” Beynəlxalq yarışında baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında ölkəmizi Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), İrina Netreba (63 kq), Natalya Palamarçuk (67 kq) və Gözəl Zutova (72 kq) təmsil edəcəklər.
Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakim Vaqif Zeynalov da iştirak edəcəkdir.