İDMAN
Azərbaycan güləşçilərinin XXX London Yay Olimpiya Oyunlarında qələbələri Ağdamda böyük sevinclə qarşılanmışdır
Ağdam, 12 avqust (AZƏRTAC). XXX London Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə Azərbaycana qızıl medallar qazandıran idmançılarımız Toğrul Əsgərovun və Şərif Şərifovun möhtəşəm qələbələri respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da böyük sevinclə qarşılanmışdır.
Bu parlaq qələbələrlə bağlı sevincini AZƏRTAC ilə bölüşən Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov demişdir: “Ölkəmizdə idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında 53 idmançı ilə təmsil olunmuş və uğurlu nəticələr qazanmışdır. Güləşçilərimizin möhtəşəm qələbələri sayəsində Azərbaycanın dövlət bayrağının Londonda qalxması, himnimizin səslənməsi hər bir azərbaycanlı kimi biz ağdamlıların da böyük sevincinə səbəb olmuşdur. İnanırıq ki, növbəti Olimpiya Oyunlarında Azərbaycan daha böyük qələbələrə imza atacaqdır”.
Rayonun Xındırıstan kənd sakini Yafəs Eyvazov isə güləşçilərimizin qələbəsindən iftixar hissi keçirdiyini, bu cür uğurların gənclər arasında böyük ruh yüksəkliyi yaratdığını vurğulamışdır.