İDMAN
Azərbaycan güləşçilərinin XXX London Yay Olimpiya Oyunlarında qələbələri Gürcüstanda böyük sevinclə qarşılanmışdır
Bakı, 12 avqust (AZƏRTAC). XXX London Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə 60 və 84 kiloqram çəki dərəcələrində Azərbaycana qızıl medallar qazandıran sərbəst güləşçilərimiz Toğrul Əsgərovun və Şərif Şərifovun bu möhtəşəm qələbələri Gürcüstanda böyük sevinclə qarşılanmışdır.
Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev demişdir ki, bu, hər bir azərbaycanlının iftixar hissi duyduğu hadisədir. Azərbaycan Respublikasının bayrağını Londonda yüksəklərə qaldıran Toğrul və Şərifə Gürcüstanda yaşayan soydaşlarımız adından təşəkkür edirik. Güləşçilərimizin XXX London Yay Olimpiya Oyunlarındakı uğurları Prezident İlham Əliyevin gənclərə və idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür. Azərbaycanın müxtəlif bölgələrində müasir tələblərə cavab verən Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi ölkəmizdə idmanın inkişafının göstəricisidir.
Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneulidəki resurs-təhsil mərkəzinin direktoru Kamandar İsmayılov azərbaycanlı güləşçilərin London Olimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxmalarını rayon sakinlərinin böyük sevincinə səbəb olduğunu vurğulamışdır. Bu uğur harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların qələbəsidir.
Reinteqrasiya Məsələləri üzrə Gürcüstan Dövlət Nazirliyinin məsul əməkdaşı Savalan Mirzəyev Toğrul Əsgərov və Şərif Şərifovun qələbələrinin regionda siyasi-iqtisadi sahələrdə olduğu kimi, idmanda da Azərbaycanın liderlik mövqeyini təsdiq etdiyini diqqətə çatdırmışdır. O demişdir ki, dövlətimizin başçısının ölkəmizdə idmanın inkişafı istiqamətində yürütdüyü uğurlu siyasət yüksək nəticəsini verir.
Tbilisi sakini Qurami Quluaşvili hər bir gürcünün azərbaycanlı qardaş-bacılarının qələbəsinə sevindiyini bildirmişdir. Olimpiya Oyunları kimi mötəbər yarışlarda bir ölkənin iki idmançısının bir gündə Azərbaycana iki qızıl medal qazandırmaları nadir hallarda baş verir. Eşq olsun Azərbaycana, onun qeyrətli övladlarına!
Qardabani Rayon İcra Hakimiyyəti başçısının müavini Araz Maşov son illər Azərbaycan idmanının inkişafının, bu sahəyə dövlət qayğısının çoxlu belə qələbələrə gətirib çıxaracağına əmin olduğunu bildirmişdir. Toğrul və Şərifin çətin qarşılaşmalarda yüksək əzmkarlıq göstərərək Azərbaycana qızıl medallar qazandırmalarından qürur və sevinc hissi duyuruq.
Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı Arıxlı kəndində fermer Rza Qurbanov bu qələbədən böyük iftixar hissi keçirdiyini bildirmişdir. Azərbaycan Prezidentinin bütün sahələrə, o cümlədən idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının belə parlaq qələbələrlə nəticələndiyinin şahidi oluruq və bununla fəxr edirik.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi