İQTİSADİYYAT
Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur

Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur.
AZƏRTAC-ın məlumatına görə bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının bəyanatında deyilir.
"Azərbaycanın hava məkanının sahəsi Xəzər dənizinin hissəsi də daxil olmaqla 168 min kvadrat kilometr təşkil edir. Hazırda Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur", deyə bəyanatda bildirilir.
Administrasiyadan həmçinin bildiriblər ki, hər gün Azərbaycan hava məkanı ilə təxminən 400-450 uçuş (o cümlədən tranzit uçuşlar) həyata keçirilir. Onların arasında Qatar Airways, Turkish Airlines, Lufthansa, Air France, British Airways, Singapore Airlines və digər dünya şirkətlərinin hava gəmiləri var.
Uçuşlar bütün təhlükəsizlik tədbirləri və normalarına riayət olunmaqla Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və tövsiyələrinə uyğun həyata keçirilir.