İDMAN
Azərbaycan idmançıları karate do (WSKF) döyüş növü üzrə dünya çempionatında səkkiz medal qazanmışlar
Bakı, 23 avqust (AZƏRTAC). Yaponiyanın paytaxtı Tokioda ənənəvi karate do (WSKF) döyüş növü üzrə dünya çempionatı keçirilmişdir.
Azərbaycan Ənənəvi Karate Do Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, çempionatda 33 ölkədən 700-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparmışdır.
Yarışda ölkəmizi federasiyanın prezidenti VII dan qara kəmər ustası Əhməd Hətəmovun rəhbərliyi altında yeddi idmançı təmsil etmişdir.
Çempionatda milli komandamız iki qızıl, üç gümüş və üç bürünc. medal qazanmışdılar.
Şəxsi yarışda 18-20 yaş qrupunda təmsilçilərimiz S.Hətəmov ikinci, F.Fərzəliyev üçüncü yeri tutmuşlar.
Komanda “kumite” döyüşündə isə S.Hətəmov, P.Abdullayev və F.Fərzəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar
Böyüklərin (senyorların) yarışında 75 kiloqram çəki dərəcəsində “cui kumite” döyüş növü üzrə Mehman Eynalov ikinci, “şobu ippon kumite” döyüş növü üzrə Fuad Əliyev üçüncü, “open kumite”də döyüş növü üzrə isə Orxan Heydərli ikinci olmuşlar.
“Komanda kumite” növü üzrə isə M.Eynalov, F.Əliyev, O.Heydərli üçüncü yeri tutmuşlar.
Veteranların (ustaların) yarışında 38 yaşdan yuxarı qrupda Ə.Hətəmov fəxri kürsünün ən yüksək pilləsinə qalxmış və çempionatın qızıl medalını qazanmışdır.
Beynəlxalq dərəcəlik hakimlər Əhməd Hətəmov və Yusif Məmmədov çempionatın final görüşlərini idarə etmişlər.
Yarışdan əvvəl idmançılarımızın iştirakı ilə texniki seminar və kəmər dərəcələrinə imtahan olmuşdur. Seminarda təmsilçilərimiz Süleyman Hətəmov, Pənah Abdullayev və Firdovsi Fərzəliyev I dan qara kəmərə layiq görülmüşlər.