İQTİSADİYYAT
Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə son 7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir
Bakı, 17 yanvar (AZƏRTAC). Ötən il ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədi ilə 72 ədəd müxtəlif təyinatlı radio-TV verici istismara verilmişdir. Ölkə ərazisinin 85 faizi rəqəmli televiziya yayımı ilə təmin olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir.
Nazir bildirmişdir ki, özəl sektor televiziya və radio yayım sahəsində də aktivləşmişdir və təxminən 10 şirkət peyk, kabel, efir, İP-TV və digər texnologiyalarla ödənişli yayım xidmətləri göstərir. 20-dən çox internet televiziya və radio yayımı mövcuddur. Ümumiyyətlə, informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf göstəricilərinə görə ölkəmiz inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.