Azərbaycan İKT sahəsində Koreya Respublikasının təcrübəsindən istifadə edə bilər
Bakı, 8 fevral (AZƏRTAC). Koreya Respublikasının Azərbaycanda səfərdə olan nümayəndə heyəti fevralın 7-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) nazir müavini Elmir Vəlizadə ilə görüşmüşdür.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan ilə rabitə sahəsində əməkdaşlıq istiqamətində araşdırma aparılmasını müsbət dəyərləndirən nazir müavini qonaqlara ölkədə gedən islahatlar, RİTN-in fəaliyyət sahələri barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycanda hazırda “Elektron hökumət” quruculuğu istiqamətində işlər davam etdirilir. RİTN də bu prosesdə əlaqələndirici qurum kimi iştirak edir. Bundan başqa, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi ilə bağlı işlər də aparılır. Telekommunikasiya peykinin orbitə buraxılması nazirlik tərəfindən həyata keçiriləcəkdir.
Qarşıda yeni fəaliyyət istiqamətlərinin də olduğunu açıqlayan E.Vəlizadə böyük planlar sırasına Regional İnnovasiyalar Zonasının yaradılmasının daxil olduğunu vurğulayaraq demişdir ki, bu zonalar yerli şirkətlərin istehsal etdikləri məhsulların ixracı üçün bir zəmindir. Hazırda İKT sahəsində əldə olunan gəlirlərin təxminən 80 faizi məhz ölkədəki özəl sektorun hesabına formalaşmışdır. Bundan başqa, Azərbaycan “Transavrasiya Super İnformasiya Magistralı” layihəsinin reallaşdırılması istiqamətində də uğurla fəaliyyət göstərir. Ölkədə nanomaterialların, energetik texnologiyaların tətbiqi sahəsində də işlər aparılmışdır. Bu istiqamətdə Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən prototiplər hazırlanmışdır.
Koreya Respublikası ilə İKT sahəsində əməkdaşlığı yüksək dəyərləndirən nazir müavini bu ölkə ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlığın gücləndiyini bildirərək demişdir ki, Koreyanın təcrübəsi bizim üçün yaxşı nümunədir və biz bu təcrübədən istifadə edə bilərik.
Koreya Respublikasının “Eximbank”, Strateji və Maliyyə, eləcə də Xarici İşlər və Ticarət nazirliklərinin təmsilçilərinin də daxil olduğu nümayəndə heyətinin rəhbəri, KOİCA-nın (Korea İnternational Cooperation Agency) əməkdaşlıq məsələləri üzrə məsləhətçisi Chonghee Choi ölkəmiz ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdıraraq qeyd etmişdir ki, Azərbaycanın istənilən planlarını reallaşdıra bilərik. Bu sahədə Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıyıq.