Azərbaycan İlahiyyat İnstitutu Lənkəranda abituriyentlərlə görüş təşkil edib
Lənkəran, 5 aprel, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu 2019-2020-ci tədris ili üzrə instituta yüksək intellektə malik və savadlı gənclərin cəlb olunması məqsədilə ölkəmizin bölgələrində tam orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirmə tədbirləri həyata keçirir. İnstitutun əməkdaşlarının ilk səfəri aprelin 5-də Lənkəran rayonuna olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin məsul işçisi Asif İmanlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.
Asif İmanlı çıxışında qeyd edib ki, təhsillə bağlı dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, yeni təhsil müəssisələrinin açılması, onların müasir avadanlıqlarla təchiz edilməsi Azərbaycanın gələcək inkişafı üçün atılan mühüm addımlardandır.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov çıxış edərək, ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradıldığını bildirib.
Qeyd olunub ki, yeni ali təhsil müəssisəsi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə yaradılıb.
Təhsil müəssisəsinin fəaliyyətindən danışan C.Məmmədov tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında ətraflı məlumat verib, qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin təmin olunması üçün lazimi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov təqdimatla çıxış edərək ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, mövcud ixtisaslar, həmçinin ali təhsil müəssisəsinin tədris prosesi haqqında geniş məlumat verib.
O, çıxışında qeyd edib ki, instituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq.
M.Mürsəlov tələbələrin pulsuz geyim və yeməklə təmin edildiyini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarının təşkili və digər üstünlüklərə sahib olduqlarını bildirib.
İnstituta 2018-2019-cu tədris ili üzrə ilk tələbə qəbulunun Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla, III ixtisas qrupu üzrə həyata keçirildiyini qeyd edən M.Mürsəlov dövlət sifarişi əsasında qəbul üzrə ayrılmış plan yerlərinin 100 faiz dolduğunu diqqətə çatdırıb.
Lənkəran Şəhər Təhsil Şöbəsi müdirinin müavini Güloğlan Bağırov çıxışında qeyd edib ki, Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra milli-mənəvi dəyərlərimizin, o cümlədən dinimizin qorunub saxlanmasına və inkişafına diqqət artırılıb. Ölkəmizdə ilahiyyat sahəsində çalışan kadrlara ciddi ehtiyacın olduğunu vurğulayan G.Bağırov, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti nəticəsində bu problemin həll olunacağına əminliyini ifadə edib.
Azərbaycan İlahiyyat İnstitutunun birinci kurs tələbəsi, lənkəranlı Fərid Qasımzadə tələbələrin daha yaxşı təhsil almaları üçün ali təhsil ocağında yaradılan şəraitdən, onların bacarıqlı kadr kimi yetişmələri məqsədilə görülən işlərdən, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlərdən danışıb.
Daha sonra abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti ilə bağlı videoçarx, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.
Maarifləndirmə tədbirlərinin Sumqayıt və Gəncə şəhərlərində, Zaqatala, Şəki, Qəbələ, Quba, Bərdə, Ağcabədi, Şirvan, Neftçala və Biləsuvar rayonlarında da keçirilməsi nəzərdə tutulub.