Azərbaycan İlahiyyat İnstitutu “Qış məktəbi” layihəsinə başlayır
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 31-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Şamaxı rayonunda “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” təşkil edəcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, fevralın 2-dək davam edəcək layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət, Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilən, yaşı əsrlərlə ölçülən “Dəmirçi məscidi” və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan, Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə məscidi ilə tanışlıq, Avaxıl kəndində yerləşən Pir Ömər türbəsinə səfər, həmçinin Astrofizika Rəsədxanasına ekskursiya nəzərdə tutulur.
“Qış məktəbi” çərçivəsində tələbələr üçün Aİİ-nin rektoru Ceyhun Məmmədov “Azərbaycan multikulturalizmi: reallıqlar və perspektivlər”; MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin idarə heyətinin sədri Fariz Xəlilli “Şirvanın maddi-mədəni irsi”; Aİİ-nin dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov “Azərbaycanlı İslam alimləri” mövzusunda məruzə edəcəklər, həmçinin biznes məsləhətçisi Fəxri Ağayevin “Şəxsi inkişafda mütaliənin rolu”, “Şəxsi inkişaf və karyera” mövzusunda təlimləri təşkil olunacaq. Eyni zamanda, “Qış məktəbi”ndə tələbələrin asudə vaxtının səmərəli təşkili üçün film nümayişi və kitab mütaliəsi nəzərdə tutulur.
Qeyd edək ki, “Qış məktəbi”nin təşkili tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmaları baxımından xüsusi əhəmiyyət daşıyır.