Azərbaycan İlahiyyat İnstitutunda “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilibVİDEO









Bakı, 15 may, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları öncə Aİİ nəzdində fəaliyyət göstərən “İslam incəsənəti” dərnəyi tərəfindən hazırlanmış “Ailə dəyərləri İslam incəsənətinin gözü ilə” sərgisi ilə tanış olublar.
“Açıq dərs” formatında davam edən tədbirdə ali təhsil müəssisəsinin tələbələri İslamda ailə dəyərləri, uşaq tərbiyəsi, ailə institutunun ictimai əhəmiyyəti, erkən nikahın qarşısının alınmasında təhsilin rolu mövzularında təqdimatlarla çıxış ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tələbələrin nümunəvi çıxışlarını, xüsusilə aktual problemlərdən olan erkən nikahın fəsadlarının qabardılmasını müsbət hal kimi dəyərləndirib. Gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiq, cəmiyyətin tərəqqisinə, dövlətimizin inkişafına töhfə verəcək şəxsiyyət kimi yetişdirilməsinin önəmli olduğunu diqqətə çatdırıb. Komitə sədri “Açıq dərs”in bu formatda keçirilməsinin tələbələrin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov tələbələrin çıxış etdikləri mövzuların aktuallığından danışaraq, cəmiyyətə ötürmək istədikləri mesajların xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, tələbələr mühazirələrdə ənənə və müasirliyi bir araya gətirərək, ailə dəyərlərimizi təqdim etdilər.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva tələbələrin çıxışlarını yüksək qiymətləndirib. Qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mövzunun aktuallığını və həssaslığını nəzərə alsaq, belə bir “Açıq dərs”in keçirilməsi təqdirəlayiqdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva tələbələrin təhsil aldıqları müddətdə göstərdikləri ictimai-sosial aktivliyin önəminə toxunaraq, dini sahədə yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyindən bəhs edib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin fərqli mövzularda araşdırmalarını, o cümlədən tədqiqatları zamanın tələbinə uyğunlaşdırmaq səylərini yüksək qiymətləndirib. Tələbələrin müstəqil şəkildə öz fikirlərini ifadə etmələrində esse müsabiqələrinin əhəmiyyətini vurğulayan millət vəkili gənclərə tövsiyələrini verib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov gənclərimizin milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin maarifləndirilməsi istiqamətində səylə çalışmalarının gələcək fəaliyyətlərində özünü büruzə verəcəyinə əminliyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev ailə işinin fərdi, ictimai, eyni zamanda, dövlət məsələsi olduğunu diqqətə çatdırıb.
Sonda Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov çıxış edərək, tədbirdə iştirak edən dövlət və hökumət nümayəndələrinə təşəkkür edib. Tələbələrin “Açıq dərs”də sərbəst, səlis nitqinə, maraqlı təqdimatlarına görə minnətdarlığını bildirib. Qeyd edib ki, institutun əsas məqsədi Vətəninə, xalqına layiq, məntiqi təfəkkürü formalaşmış, zəngin dünyagörüşlü, yüksəkintellektli kadrların hazırlanmasıdır.
Tədbirdə “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri və iştirakçıları, həmçinin sərginin hazırlanmasında və “Açıq dərs”də fəallıq göstərənlər təltif olunublar.