Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan memorandum Qırğızıstan KİV-lərinin də diqqət mərkəzindədir





Bakı, 20 iyul, AZƏRTAC
İyulun 18-də Bakıda imzalanan Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Qırğızıstan KİV-lərinin də diqqət mərkəzində olub.
Azərbaycanın Qırğızıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, turktoday.info sənədin Aİ ölkələri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın artıq 15 ilə yaxın davam etdiyi qeyd olunur. Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropaya çatdırılan Azərbaycan neftinin, həmçinin qazının həmin bölgədəki ölkələrin enerji təminatı üçün əhəmiyyətinin böyük olduğu vurğulanır.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Aİ-nin şaxələndirilmiş enerji təminatı və bu işdə Azərbaycanı etibarlı tərəfdaş kimi yüksək qiymətləndirməsi xüsusi diqqətə çatdırılır. Aİ rəsmisinin Azərbaycanın bərpaolunan enerji sahəsində də çox böyük potensiala malik olduğunu qeyd etməsi də yazılarda öz əksini tapır.
Yazılarda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə xüsusilə dənizdə külək enerjisi və yaşıl hidrogen ilə bağlı müzakirələrin aparıldığını vurğulayan Ursula Fon der Lyayenin sözlərindən bu sitat gətirilib: “Bu gün imzalanan Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə biz bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq. Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək”.