AZƏRBAYCAN İLƏ BƏƏ ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIĞIN İNKİŞAF ETDİRİLMƏSİ ÜÇÜN ƏLVERİŞLİ İMKANLAR VAR
AZƏRTAC xəbər verir ki, bu fikir mayın 26-da Bakı Beynəlxalq Ticarət Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) biznes forumunda səslənmişdir. Tədbirdə BƏƏ-ni iqtisadiyyatın müxtəlif sahələri üzrə 20-dək, Azərbaycanı isə 70-dək iş adamı təmsil etmişdir.
İqtisadi inkişaf naziri Heydər Babayev ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində qazanılmış nailiyyətlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, hazırda Azərbaycan ümumi daxili məhsulun (ÜDM) artım sürətinə görə dünyada lider dövlətlərdən biridir. Son illər ölkənin iqtisadiyyatına investisiya axınını sürətləndirmək üçün biznes mühiti daha da yaxşılaşdırılmış, sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində ciddi işlər görülmüşdür. Nazir Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı ölkə rəhbərliyi tərəfindən görülmüş tədbirlərdən danışmış, bu sahədə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının əhəmiyyətini diqqətə çatdırmışdır.
Azərbaycan ilə BƏƏ arasında iqtisadi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, qarşılıqlı investisiya mübadiləsi üçün əlverişli şəraitin olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, Azərbaycan BƏƏ ilə hərtərəfli əməkdaşlıqda, o cümlədən qeyri-neft sektorunda əlaqələrin genişləndirilməsində maraqlıdır və bu prosesə hər cür dəstək verməyə hazırdır.
BƏƏ-nin xarici ticarət naziri xanım şeyxa Lübnə bint Xalid Əl-Qasimi tədbirdə ölkəsinin sahibkarlarının nümayəndələrinin iştirakının Azərbaycan iqtisadiyyatına olan maraqdan irəli gəldiyini bildirmişdir. Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən xanım əl-Qasimi ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdiyini bildirmişdir. İki ölkə arasında ticarət dövriyyəsinin 2002-ci ildəki 147 milyon ABŞ dollarından ötən il 318 milyon dollara çatdığı qeyd edilmişdir. Bildirilmişdir ki, hazırda BƏƏ-də 3 mindən çox azərbaycanlı iş adamı çalışır.
BƏƏ Sənaye-Ticarət Palatasının baş katibi Abdulla Sultan Abdulla, İqtisadi İnkişaf Nazirliyinin baş müşaviri Arif əl Fəraya təmsil etdikləri ölkədə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsindən, özəl sektorun inkişafı üçün əlverişli şərait yaradılmasından danışmışlar.
Azərbaycan ilə BƏƏ arasındakı iqtisadi-ticari əlaqələrin səviyyəsinin mövcud potensialdan aşağı olduğu, qeyri-neft sahələrində, o cümlədən turizm, kənd təsərrüfatı, sənayenin digər sahələrində əməkdaşlığı daha da canlandırmaq üçün geniş imkanların mövcudluğu qeyd edilmişdir. Natiqlər ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq barədə imzalanmış sazişlərin qarşıdakı illərdə öz bəhrəsini verəcəyinə ümidvar olduqlarını bildirmişlər.
AZPROMO-nun prezidenti Emil Məcidov Azərbaycanda investisiya mühiti və biznes imkanları mövzusunda məruzə etmiş, xarici sərmayələr üçün yaradılmış imkanlardan danışmışdır. E.Məcidov biznesin təşkilində xarici sərmayədarlara həmişə kömək göstərildiyini bildirmişdir.
Sonra biznes-forum öz işini Azərbaycan və BƏƏ iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirmişdir.
######
