AZƏRBAYCAN İLƏ DÜNYA BANKI ARASINDA SIX ƏMƏKDAŞLIQ BUNDAN SONRA DA DAVAM EDƏCƏKDİR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV DÜNYA BANKININ NÜMAYƏNDƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 11-də Prezident sarayında Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə departamentinin direktoru xanım Donna-M. Dousett-Koirolonu qəbul etmişdir.
Prezident Heydər Əliyev qonağı səmimiyyətlə salamlayaraq vurğuladı ki, Dünya Bankı ilə Azərbaycanın əməkdaşlığının çox gözəl tarixi və yaxşı nailiyyətələrimiz var. Mən mənunam ki, siz Azərbaycan ilə tanış olursunuz, ilk dəfə buradasınız. İnanıram ki, sizin iştirakınızla bundan sonra Dünya Bankı ilə əməkdaşlıq daha da uğurla davam etdiriləcəkdir.
Səmimi qəbula görə təşəkkür edən Donna-M. Dousett-Koirolo dedi ki,
keçən həftədən başlayaraq Cənubi Qafqaz ölkələri üzrə öz təyinatımı almışam. Bir halda ki, bu vəzifəyə başlayıram, demək, bu ölkələrə gəlmək və rəsmilərlə görüşmək çox vacibdir. Qərara aldım ki, bölgəyə səfərimi Azərbaycandan başlayım. Vaşinqtondakı, eləcə də Bakı ofisində işləyən həmkarlarım Azərbaycan haqqında mənə yaxşı məlumatlar veriblər. Məndə artıq müəyyən fikir formalaşır. Amma, əlbəttə, bunlar şəxsi münasibətləri əvəz edə bilməz. Dünya Bankının prezidenti cənab Vulfenson Sizə ən səmimi salamlarını yetirir. Buraya gəlməzdən əvvəl mənə tapşırmışdı ki, Azərbaycanı həqiqətən başa düşməkdən ötrü Prezident Əliyev ilə danışmaq lazımdır. Xahiş etmişdir ki, Sizə çatdırım, o, ümid edir ki, Azərbaycan ilə Dünya Bankı arasındakı münasibətlər bundan sonra da inkişaf edəcəkdir. Bu vaxtadək Azərbaycan haqqında öyrəndiklərim məndə böyük təəssürat yaratmışdır. Bilirəm ki, ölkənizdə böyük dəyişikliklər vardır. Lakin Siz bunlarla kifayətlənməyərək, qarşınıza çox böyük plan qoymusunuz, daha yaxşı nailiyyətlər əldə etmək niyyətindəsiniz. Son həftə ərzində Azərbaycanda xırda və orta biznesin inkişafı üçün çox lazımlı qərarlar qəbul olunubdur. Beləliklə, mənə məlum olur ki, hökumətiniz çox fəal işləyir və belə hökumətlə əməkdaşlığımızın uğurlu olacağına ümidvaram.
Prezident Heydər Əliyev qonağa müraciətlə dedi ki, cənab Vulfensona mənim salamımı çatdırın və ona bildirin ki, heç bir şübhəsi olmasın ki, Azərbaycan əvvəllər olduğu kimi, bundan sonra da Dünya Bankı ilə çox sıx əməkdaşlıq edəcəkdir. Siz yeni missiyaya bizim ölkələrimizlə tanış olmaqdan başlamağınız, hesab edirəm, çox düzgün addımdır. Xüsusən, Azərbaycana gəlməyinizi çox bəyənirəm. Güman edirəm ki, Azərbaycanın bugünkü həyatını görəndən sonra ölkəmizlə əməkdaşlıq etmək sizin üçün daha da asan olacaqdır. Azərbaycanda Dünya Bankı üçün hər yer açıqdır. İnanıram ki, əməkdaşlığımız bundan sonra da uğurlu olacaqdır.
Biz bir neçə ildir ki, iqtisadi islahatlar həyata keçiririk və iqtisadiyyatda, sosial sahədə əldə etdiyimiz nailiyyətlər məhz bu islahatların nəticəsidir. Son bir neçə aydır biz sahibkarlığın Azərbaycanda inkişafı ilə bağlı ciddi tədbirlər görürük. Güman edirəm, sizə məlumat veriblər ki, mən iki dəfə sahibkarlarla çox geniş görüş keçirmişəm və son bir ay içərisində altı Fərman imzalamışam. Dünən imzaladığım Fərman sahibkarlar üçün çox əhəmiyyətlidir. Növbədə sahibkarlar üçün çox əhəmiyyətli yeni bir Fərman da var. Onu da bu günlərdə imzalayacağam. Sonra isə sahibkarlarla, ola bilər, bir də görüşək, yaxud da geniş müşavirə keçirək və gördüyümüz işləri yekunlaşdıraq. Başqa sahələrdə də bizim gördüyümüz işlər çox yaxşıdır. Biz Dünya Bankı ilə, onun şərtləri ilə həmişə hesablaşırıq və əməkdaşlıq edirik, bundan sonra da edəcəyik.
X X X
Qəbulda iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Dünya Bankının Azərbaycandakı ofisinin başçısı Əkbər Noman iştirak edirdilər.
Foto Oqtay Aydınoğlunundur