SİYASƏT
AZƏRBAYCAN İLƏ ƏFQANISTAN ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI ÜÇÜN GENİŞ İMKANLAR VARDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan Əfqanıstan Milli Assambleyasının sədri Məhəmməd Yunis Qanuni dekabrın 1-də Milli Məclisə gəlmişdir.
Əfqanıstan parlamentinin rəhbəri əvvəlcə Milli Məclisdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur.
Sonra qonaq Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmüşdür.
Oqtay Əsədov Əfqanıstan Milli Assambleyası sədrini Azərbaycanda salamlamaqdan məmnun qaldığını bildirmiş və demişdir ki, son illər ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir. Ölkələrimiz İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda uğurla əməkdaşlıq edirlər. 2007-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 49 milyon ABŞ dolları təşkil etdiyi halda bu ilin 8 ayında həmin rəqəm 70 milyon dollar olmuşdur.
O.Əsədov parlamentlərarası münasibətlərin istənilən səviyyədə olmadığını təəssüf hissi ilə qeyd etmiş, Milli Məclisdə Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə içi qrupun yaradıldığını diqqətə çatdırmışdır. Milli Məclisin sədri bu səfərin qanunvericici orqanlarımız arasında da əlaqələrin inkişafında yeni mərhələ açacağına ümidvar olduğunu bildirmişdir.
Milli Məclisin sədri qeyd etmişdir ki, Azərbaycan terrordan əziyyət çəkən ölkə olduğu üçün dünyada sülhün və əmin-amanlığın bərqərar olmasında fəal iştirak edir. Azərbaycan silahlı qüvvələrinin əsgərləri elə Əfqanıstanın özündə sülhyaratma əməliyyatlarında uğurla iştirak edirlər. İnanıram ki, yaxın vaxtlarda Əfqanıstanda mövcud problem ədalətli həllini tapacaq və sülhməramlılara ehtiyac qalmayacaqdır.
Sonra Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, Əfqanıstan hökumətinin bu məsələ ilə bağlı İKT və BMT-də nümayiş etdirdiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.
Məhəmməd Yunis Qanuni Azərbaycan ilə Əfqanıstanın beynəlxalq əlaqələr sistemində xüsusi əhəmiyyətə malik ölkələr olduğunu bildirmişdir. O demişdir ki, dövlətlərimizin başçıları arasındakı gözəl münasibətlər digər sahələrdə də əlaqələrin inkişafı üçün geniş imkanlar açmışdır.
Xalqlarımız arasında mədəni əlaqələrin qədim tarixi vardır. Düşünürəm ki, parlamentlərarası əlaqələrimiz daha da genişlənməli və inkişaf etməlidir.
Əfqanıstanlı qonaq hər iki ölkə nümayəndələrinin beynəlxalq təşkilatlardakı əməkdaşlığını yüksək qiymətləndirmişdir.
Daha sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışlar.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Aparatın rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Əfqanıstandakı səfiri Eynulla Mədətli və digər rəsmi şəxslər iştirak etmişlər.
######