SİYASƏT
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf edir
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə yanvarın 19-da Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə tarixən dost və qonşu olan ölkələrimiz arasında ikitərəfli münasibətlərin müasir dövrdə daha da uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın ictimai-siyasi, iqtisadi-mədəni sahələrdə yüksək səviyyədə olduğu, o cümlədən hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının işinin intensiv şəkildə davam etdirildiyi, bir sıra iri beynəlxalq layihələrdə hökumətlərimizin müştərək fəaliyyət göstərdiyi bildirildi. Qeyd olundu ki, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın da xüsusi rolu vardır.
Ölkəmizə səfərindən məmnunluq ifadə edən qonaq son illərdə müstəqil Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini qeyd etdi və paytaxt Bakıda genişmiqyaslı quruculuq işlərinin onda xoş təəssürat yaratdığını diqqətə çatdırdı.