İQTİSADİYYAT
Azərbaycan ilə İsveçrə arasında aqrar sahədə əməkdaşlıq dinamik inkişaf edir
Bakı, 22 dekabr (AZƏRTAC). Kənd təsərrüfatı naziri İsmət Abasov İsveçrənin Azərbaycandakı səfiri xanım Sabine Ulmann Şaban ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İ.Abasov iki ölkə arasında aqrar-sənaye kompleksi istiqamətində əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulamış, Azərbaycan-İsveçrə əlaqələrindən danışmışdır. Bildirmişdir ki, heyvandarlıq məhsullarının qarşılıqlı ticarətini asanlaşdırmaq məqsədi ilə tərəflər arasında 8 adda baytarlıq sertifikatı nümunələri razılaşdırılmışdır.
Nazir əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün bir sıra təkliflər irəli sürmüşdür.
Xanım Sabine Ulmann Şaban öz növbəsində ənənəvi dostluq əlaqələrinin, eyni zamanda, aqrar sahədə ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə əminliyini bildirmişdir.