SİYASƏT
Azərbaycan ilə İsveçrə parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur
Bakı, 29 yanvar (AZƏRTAC). Yanvarın 28-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı bu ölkənin parlamentinin yuxarı palatasının - Kantonlar Şurasının sədri Hannes German ilə görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunmuş, əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərin gücləndirilməsinin zəruriliyi vurğulanmışdır.
Səfir Ə.Zeynallı Hannes Germanı Kantonlar Şurasının sədri seçilməsi münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.
Azərbaycan-İsveçrə münasibətlərinin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayan diplomat hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyətini və qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmişdir. İsveçrə parlamentində cəmi 18 dostluq qrupunun fəaliyyət göstərdiyini bildirən səfir bunlardan birinin İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun olmasını sevindirici hal kimi qiymətləndirmişdir.
Hannes German İsveçrənin Azərbaycanı dost və tərəfdaş ölkə hesab etdiyini və münasibətlərin müxtəlif sahələrdə inkişafında maraqlı olduğunu bildirmişdir.
Söhbət zamanı Ə.Zeynallı Hannes Germanı İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupuna üzv olmağa dəvət etmişdir və Kantonlar Şurasının sədri bu təklifi məmnuniyyətlə qəbul etmişdir.
Görüşdə, həmçinin Azərbaycan ilə İsveçrə arasında ikitərəfli iqtisadi və siyasi münasibətlərdən, o cümlədən hər iki ölkədə çalışan şirkətlərin fəaliyyətindən söz açılmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılmışdır.