İQTİSADİYYAT
Azərbaycan ilə Serbiya arasında aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilmişdir
Bakı, 22 dekabr (AZƏRTAC). Dekabrın 22-də kənd təsərrüfatı naziri İsmət Abasov Serbiyanın kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İ.Abasov son illərdə iki ölkə arasında aqrar-sənaye kompleksi istiqamətində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiyini vurğulamışdır.
Nazir Duşan Petroviçi 2012-ci ilin aprelində Bakıda keçiriləcək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransında və kənd təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasında iştirak etməyə dəvət etmişdir. İ.Abasov ölkələr arasında aqrar-sənaye kompleksi sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə bir sıra təkliflər irəli sürmüşdür.
Duşan Petroviç öz növbəsində dostluq əlaqələrinin, eyni zamanda, aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə Serbiyanın ölkəmizdəki səfiri Zoran Vayoviç iştirak etmişdir.