SİYASƏT
Azərbaycan ilə Tacikistan arasında əmək, miqrasiya və məşğulluq sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Düşənbə, 29 yanvar (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin əmək, miqrasiya və əhalinin məşğulluğu naziri xanım Sumanqul Taqoeva ilə görüşmüşdür.
Ölkəsinin Azərbaycan ilə əməkdaşlığa hazır olduğunu vurğulayan nazir bildirmişdir ki, statistikaya görə, bu gün Tacikistanda 57 min işsiz statusu almış şəxs vardır və 779 min tacik işləmək üçün xarici ölkələrə üz tutmuşdur. Onun sözlərinə görə, indi ölkənin əsas problemi işsizlikdir. O demişdir ki, 1992-1997-ci illərdəki vətəndaş müharibəsi Tacikistan iqtisadiyyatını dağıtmış, bir çox sosial problemlərin yaranmasına səbəb olmuşdur. Hazırda respublikada bərpa proqramları həyata keçirilir. Bunun üçün xüsusi məşğulluq proqramları hazırlanmış, müxtəlif sahələr üzrə kadr hazırlığına başlanılmışdır.
Səfir A.Həsənov Tacikistan-Əfqanıstan-Türkmənistan dəmir yolunun işə düşməsindən sonra bu marşrutun gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qoşulması perspektivlərindən bəhs etmiş, Mərkəzi Asiya - Qafqaz-Avropa və Mərkəzi Asiya-Fars körfəzi kimi layihələrin iştirakçı ölkələrin iqtisadiyyatının güclənməsinə təkan verəcəyini bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan diplomat Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, Azərbaycanın işğal olunmuş rayonlarında qədim mədəniyyət abidələrinin, mədəni sərvətlərin vəhşicəsinə talan edildiyini diqqətə çatdırmışdır.
Səfir paytaxt Bakıda və Azərbaycanın bütün regionlarında böyük quruculuq işlərinin aparıldığını qeyd etmiş, dövlətimizin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Görüşdə Azərbaycanın və Tacikistanın müvafiq qurumları arasında əməkdaşlıq sazişinin imzalanmasının, əmək, miqrasiya və məşğulluq sahəsində təcrübə mübadiləsinin, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkil olunmasının vacibliyi qeyd edilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə