AZƏRBAYCAN İLƏ TÜRKİYƏ ARASINDA DOSTLUQ, QARDAŞLIQ, STRATEJİ TƏRƏFDAŞLIQ ƏLAQƏLƏRİ BUNDAN SONRA DA SÜRƏTLƏ İNKİŞAF EDƏCƏKDİR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ BAŞ QƏRARGAHININ RƏİSİ, ORDU GENERALI HÜSEYN QIVRIQOĞLU İLƏ GÖRÜŞÜ
Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 27-də Ankarada Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlu ilə görüşmüşdür.
Azərbaycan Prezidentini mehribanlıqla və səmimiyyətlə salamlayan cənab Hüseyn Qıvrıqoğlu Prezident Heydər Əliyev ilə yenidən görüşməyindən məmnun olduğunu bildirdi.
Ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafından razılıq hissi ilə söhbət açan general Qıvrıqoğlu Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsində və dərinləşməsində dövlətimizin başçısının xüsusi xidmətləri olduğunu vurğuladı.
Səmimi sözlərə görə minnətdarlığını bildirən Prezident Heydər Əliyev Azərbaycan ilə Türkiyə arasında möhkəm dostluq və qardaşlıq təməli üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verdiyini bildirdi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində görülən işlər, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa danışıqları, bölgədəki vəziyyət barədə fikir mübadiləsi aparıldı.
X X X
TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ BAŞ QƏRARGAHININ RƏİSİ HÜSEYN QIVRIQOĞLUYA “ŞÖHRƏT” ORDENİNİN TƏQDİM EDİLMƏSİ MƏRASİMİ
Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 27-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına gəldi. Baş Qərargah binasının qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlu dövlətimizin başcısını səmimiyyətlə, mehribanlıqla qarşıladı.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi, türk əsgərini salamladı.
Respublikamızın rəhbəri Baş Qərargahın fəxri qonaqlar kitabına imza etdi.
Sonra Azərbaycan Prezidenti Heydər Əliyevin və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvrıqoğlunun təkbətək görüşü oldu.
Dövlətimizin başçısı və Baş Qərargahın rəisi görüşdən sonra konfrans salonuna gəldilər. Burada ordu generalı Hüseyn Qıvrıqoğluna Azərbaycan Respublikasının yüksək mükafatının - “Şöhrət” ordeninin təqdim olunmasına həsr edilmiş mərasim keçirildi.
Əvvəlcə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlunun tərcümeyi-halı oxundu.
TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ BAŞ QƏRARGAHININ RƏİSİ ORDU GENERALI HÜSEYN QIVRIQOĞLUNUN TƏRCÜMEYİ-HALI
-Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlu 1934-cü ildə Biləcikdə anadan olmuş, hərbi litseyi, 1955-ci ildə quru qoşunları məktəbini bitirmişdir. 1957-ci ildə hərbi məktəbi bitirən Hüseyn Qıvrıqoğlu səkkiz il ərzində ordunun xüsusi topçu briqadasında taqım və tabur komandiri kimi çalışmışdır. 1965-1967-ci illərdə Hərbi Akademiyada təhsilini davam etdirmiş, 1970-ci ilə qədər qərargah zabiti vəzifəsində işləmişdir.
Həmin il NATO-nun Avropadakı Birləşmiş Qüvvələri Komandanlığının qərargahında çalışmış, Türkiyədə Hərbi Akademiyada bir neçə il dərs demişdir. Daha sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahında, Quru Qoşunlarının kadrlar idarəsində şöbə müdiri vəzifəsini yerinə yetirmişdir.
Hüseyn Qıvrıqoğlu 1975-1978-ci illərdə Quru Qoşunlarının planlaşdırma idarəsində söbə müdiri işləmiş, 1978-1980-ci illərdə isə Quru Qoşunları Hərbi Məktəbində çalışmışdır. İtaliyanın Roma şəhərində NATO kollecini bitirən Qıvrıqoğlu 1980-ci ildə general-mayor rütbəsi almışdır. 1980-1983-cü illərdə Belçikanın Mons şəhərində NATO-nun Avropadakı Birləşmiş Qüvvələri Komandanlığında işləmiş, 1983-1984-ci illərdə isə Türkiyədə diviziya komandiri olmuşdur.
1984-1986-ci illərdə NATO-nun Şərqi Avropadakı Birləşmiş Quru Qoşunları Komandanlığında qərargah rəisi, 1986-1988-ci illərdə Türkiyədə korpus komandiri, 1988-1990-cı illərdə Baş Qərargahda idarə rəisi, 1990-1993-cü illərdə korpus komandiri və Müdafiə Nazirliyində müşavir vəzifələrində çalışmışdır.
1993-cü ildə ordu generalı rütbəsi almış Hüseyn Qıvrıqoğlu 1996-cı ilə qədər NATO-nun Şərqi Avropadakı Birləşmiş Quru Qoşunlarının Komandanı, 1996-1998-ci illərdə İstanbuldakı 1-ci ordunun komandanı, 1997-1998-ci illərdə isə Türkiyə Quru Qoşunlarının komandanı olmuşdur. 1998-ci ilin avqustunda 4 il müddətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilmişdir. Türkiyə Konstitusiyasına görə, baş nazir qarşısında məsuliyyət daşıyan Baş Qərargah rəisi dinc dövrdə Silahlı Qüvvələrin komandanı, müharibə şəraitində isə ölkə prezidentinin təmsilçisi kimi Silahlı Qüvvələrin Ali baş komandanı vəzifəsini yerinə yetirir.
Ordu generalı Hüseyn Qıvırqoğlu Türkiyə Silahlı Qüvvələrinin “Üstün xidmət” medalı, ABŞ-ın “Ləyaqət” medalı, Pakistanın “Nişani-imtiyaz” medalı, Rumınyanın “Grand Gross” ulduzu və bir çox digər mükafatlarla təltif olunmuşdur.
Evlidir, bir oğlu var.
X X X
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdə geniş nitq söylədi.
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ
-Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hörmətli rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlu!
Hörmətli generallar!
Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin hörmətli nümayəndələri!
Hörmətli xanımlar və cənablar!
Mən bu gün, bu dəqiqələrdə böyük bir həyəcan hissi keçirirəm. Bunun səbəbi məlumdur. Mən ilk dəfə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının binasındayam və Türkiyə Silahlı Qüvvələrinin ən yüksək generallarının, komandanlarının qarşısında nitq söyləyirəm.
Siz bilirsiniz ki, mənim də gəncliyim hərbi işdə keçibdir. Mən də əsgər olmuşam, müxtəlif pillələrdən keçmişəm, general olmuşam. Ona görə də hərb işi, bəlkə də, cümhur başqanları vəzifəsində olan bəzi başqa adamlardan fərqli olaraq, mənə daha da yaxındır. Mən hərb işinin, orduda xidmətin nə olduğunu çox gözəl bilirəm. Bunu sadəcə, bir dövlət xadimi, siyasəti bilən adam kimi yox, öz həyatımda, öz gəncliyimdə keçirdiyim hissiyatlarla bilirəm.
Bilirsiniz ki, mən Sovetlər Birliyində doğulmuş, böyümüş və həm hərb işində, həm də dövlət işində böyük vəzifələrə gəlmiş adamam. Mən 14 il Azərbaycan Cümhuriyyətinə rəhbərlik etmişəm, ondan sonra isə Moskvada, Kremldə dünyanın super dövlətlərindən olan Sovetlər Birliyi kimi dövlətin başında duran bir neçə kişidən biri olmuşam. Siyasi Büro üzvü, Nazirlər Soveti sədrinin birinci müavini olmuşam. Sizə dost kimi bildirməliyəm ki, Rus imperiyasının tarixində, məhz Sovet imperiyasının tarixində ilk dəfə türk, müsəlman ölkəsindən olan bir adam kimi mən belə yüksək vəzifədə çalışmışam. Bu, tarixdir. Bu da mənə nəsib oldu. Amma Rus imperiyası da dağıldı, Sovet imperiyası da dağılıbdır. Bundan sonra belə imperiyalar olmayacaq və yəqin belə bir hadisə də olmayacaqdır. Bu, tarixdə qalacaqdır.
Mən bunları özüm haqqında məlumat vermək üçün demirəm. Mən sizdən bu barədə üzr istəyirəm. Ona görə deyirəm bildirəm ki, hərbi iş mənim üçün nə qədər əziz, doğma olan bir işdir.
Sovetlər Birliyində yaşayan bizim bir çox insanların hafizəsində, beynində türk ordusu ən güclü bir ordu kimi qalmışdı. Təbiidir, vaxtilə biz Türkiyənin tarixini də yaxşı öyrəndik. Osmanlı imperatorluğunun tarixini də öyrəndik. Amma sonra, Sovetlər Birliyi zamanı Türkiyə Cümhuriyyəti var idi. Böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti var idi. 1920-ci illərdə Türkiyə ilə Sovetlər Birliyi arasında münasibətlər hətta dostluq münasibətləri idi. Hətta o vaxt Mustafa Kamal Atatürklə Sovetlər Birliyinin başında olan Lenin arasında əlaqələr var idi. İndi bunlar yoxdur.
Azərbaycanlı kimi, türk kökündən olan insanlar kimi bizim həmişə Türkiyəyə xüsusi münasibətimiz və xüsusi marağımız olubdur. Ona görə də Türkiyəni daha çox öyrənmək, Türkiyəni daha çox bilmək və xüsusən, türk ordusunu daha çox tanımaq istəyi olubdur. Mən isə bu sahədə böyük imkanlara malik idim. Yəni sizə dediyim kimi, həyatımın müəyyən dövrlərinə görə.
Məndə o vaxt da belə düşüncələr var idi və bu gün də var ki, türk ordusu, Mustafa Kamal Atatürk tərəfindən yaradılmış və onun yolu ilə gedən, onun vəsiyyətlərinə əməl edən, bunları yerinə yetirən türk ordusu həmişə güclü, qüdrətli bir ordu olubdur. Türk əsgəri həmişə basılmaz olubdur. Bax, bütün bunlara görə də mən sizinlə bugünkü görüşümdə həm böyük sevinc hissi keçirirəm, həm də həyəcan keçirirəm.
Mənim kimi insanı təəccübləndirmək çətindir. Sadəcə, mənim yaşıma görə. Ancaq Türkiyədə hər dəfə ordunu çox nizam-intizamlı, qanun-qaydalı, Vətənə sədaqətli, millətinə, dövlətinə sədaqətli bir ordu kimi gördükcə, mənim qəlbim həmişə qürur keçirir. Bu hissiyyatlarla mən fikrimi bu gün sizinlə bölüşürəm. Mən çox məmnunam ki, belə imkan mənə verilmişdir və bu imkandan da istifadə edirəm. Əgər düzünü desək, bəlkə də, bu görüşün təşəbbüskarı mən özüməm.
Bilirsiniz ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən bəri onun yaxın dostu, qardaşı və dayağı Türkiyədir. Bu əlaqələrin 10 illik tarixi sizə məlumdur. Yəni 10 ildir ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycanda keçmiş Sovet Ordusundan bir şey qalmamışdır. Yəni müstəqil Azərbaycan Sovet Ordusu sistemində ordusunu qura bilməzdi. Baxmayaraq ki, ilk illərdə Azərbaycan dövləti bu sistemdən istifadə etməyə məcbur idi. Ancaq bu sistemdən istifadə edərək, bir, iki, üç, dörd, beş ilə yeni bir milli ordu, Azərbaycan milli ordusu yaratmaq fikri bizi düşündürmüşdür. Bunu da Türkiyə ilə, Türkiyə Cümhuriyyəti ilə bir yerdə etməyə başladıq. Türkiyə Cümhuriyyətinin bu sahədə Azərbaycana yardımının çox böyük əhəmiyyəti olmuşdur.
Bilirsiniz ki, mən 1993-cü ildə Azərbaycanda Prezident seçildim. O vaxt Azərbaycandakı ağır vəziyyət- vətəndaş müharibəsi, sosial-iqtisadi böhran, hakimiyyət böhranı sizə məlumdur. Azərbaycan dağılırdı, parçalanırdı və xalq o vaxt Naxçıvanda olduğum zaman məni Bakıya dəvət etdi. Sonra da Azərbaycanın Prezidenti seçildim. Bir neçə il sonra Türkiyənin böyük elçiliyindən gəlib mənə dedilər ki, Türkiyə ilə Azərbaycan arasında anlaşma var ki, Türkiyə Azərbaycanda ordu qurmaq üçün yardım etsin, biz də bunu edirik. Türkiyə ordusundan olan 60-70 nəfər artıq 6 aydır ki, gəlib, burada gözləyirlər ki, onlardan nə vaxt istifadə edəcəklər.
Bilirsiniz ki, 1992-ci ildə Əbülfəz Elçibəy və Xalq Cəbhəsi hakimiyyətə gələndə özlərini Türkiyənin ən böyük dostu kimi bəyan etmişdilər. Böyük türkçülər kimi bəyan etdilər. Ancaq Türkiyənin böyük elçisi bunu mənə söyləyəndə, təbiidir, mən təəccübləndim. Əgər Azərbaycan bunu xahiş edibsə, Azərbaycan həqiqətən Türkiyə ilə dost, qardaşdırsa, Türkiyə hökuməti öz yardımını göstərib öz ordusundan zabitlər, əsgərlər ayırıb göndəribsə niyə belə olmalıdır?
Mən ondan soruşdum ki, nə üçün belədir?
Dedi ki, Sizdən əvvəl hakimiyyətdə olan Xalq Cəbhəsi hökuməti idi. Müdafiə naziri deyirdi yox, Türkiyənin yardımı lazım deyil, biz Rusiyadan yardım alacağıq, bizə Rusiya yardım edəcəkdir. Digəri deyirdi ki, yox, bizə Türkiyə lazımdır. O birisi deyirdi ki, yox, Türkiyə lazım deyil, biz İrandan yardım alacağıq. Başqası deyirdi ki, yox, ayrı yerdən yardım alacağıq. Onlar bir araya, bir fikrə gələ bilmirdilər. Biz Cümhur başqanına dedik. Cümhur başqanı da bunların arasında qalmışdı. Müdafiə naziri bura çəkirdi, daxili işlər naziri ora çəkirdi, baş nazir ayrı tərəfə çəkirdi. Biz də gözləyirdik ki, bizdən nə vaxt istifadə edəcəklər.
Bunu çoxları bilmir, amma mən bilməyənlərə xatırladıram, istəyirəm, bilsinlər. O mənə dedi ki, biz onları geriyə qaytarırıq, Türkiyəyə göndəririk. Mən dərhal dedim yox, mənə imkan verin, 10-15 gün möhlət verin, bu işləri araşdırım. Biz bu işi davam etdirməliyik və etdik. O vaxtdan indiyə qədər Azərbaycanda milli ordunun, Azərbaycan Ordusunun yaranmasında Türkiyə Silahlı Qüvvələri, onların müxtəlif idarələrinin, müxtəlif hissələrinin nümayəndələri fəaliyyət göstərirlər və ordunun həm təlim məsələsində, həm də hərbi məktəblər yaradılması məsələsində, bütün başqa məsələlərdə biz bu yardımı alırıq.
Keçən ilin avqust ayında Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hörmətli rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlu mənim dəvətimlə Azərbaycana rəsmi səfərə gəlmişdi. Amma bu ziyarət, bu səfər adi bir şey deyildi. Onunla bərabər Azərbaycana “Türk ulduzları” da gəldi. Biz Türkiyənin yardımı ilə yaradılmış Ali Hərbi Məktəbin açılışında iştirak etdik. Gördük ki, gözəl bir Ali Hərbi Məktəb yaranıbdır. Artıq oranın məzunları var. Artıq orada zabitlər hazırlanır, bir çox mütəxəssislər hazırlanır. Ona həm texniki yardım, həm maliyyə yardımı, həm təhsil yardımı, həm də başqa yardım göstərilmişdir. Bunları burada sadalamaq fikrində deyiləm. Ancaq bu yardımların nəticəsində çox yüksək səviyyəli, yəni nümunə olan yüksək Ali Hərbi Məktəb yaranıbdır. Biz orada olduq, hər şeyə baxdıq. Sonra orada böyük bir meydanda onlar öz fəaliyyətlərini nümayiş etdirdilər.
“Türk ulduzları” da bütün Azərbaycanı həyəcana gətirdi. Amma təkcə Azərbaycanı yox, çox ölkələrdə həyəcan yaratdı. Bəzilərində qorxu yaratdı ki, bu nədir, Türkiyənin təyyarələri gəlib Azərbaycanda oturacaqdır, Azərbaycana yardım edəcəkdir və sairə başqa şeylər edəcəkdir. Belə günlər yaşadıq. Biz bunu heç vaxt unutmuruq. Amma bu bir, iki, üç gün idi. Bizim Türkiyənin Silahlı Qüvvələri ilə əməkdaşlığımız, həmfikirliyimiz bununla məhdudlaşmır. Dediyim kimi, 1993-cü ildə mən Azərbaycanın Cümhur başqanı seçiləndən bu günə qədər Türkiyə ilə bizim əməkdaşlığımız, - hansı ki indi strateji əməkdaşlıq xarakteri alıbdır, - bütün sahələrdə, xüsusən bizim ordu quruculuğu sahəsində davam edir.
Bu gün Azərbaycanda güclü ordu var. Bizim generallardan soruşanda, ola bilər, onlar öz işlərini tərifləmək üçün bunu daha da yüksək qiymətləndirsinlər. Amma mən bunu Tükiyənin Azərbaycandakı hərbi attaşesindən soruşuram. Hörmətli Qıvrıqoğlu oraya çox yaxşı insanlar göndərir. Onlar da çox canla-başla, sədaqətlə xidmət edirlər. Zəki paşa var idi. O, qəflətən həyatdan getdi. İndi onun yerinə digər general gəlibdir, çox gözəl xidmət edir. Mən onlarla təkbətək görüşürəm, soruşuram ki, ordumuz necədir, bizim Müdafiə Nazirliyində işləri necədir, Hərbi hissələrdə işlər necədir. Mən bu məlumatları onlardan alıram. Onlardan aldığım məlumatlar və özümün məlumatlarım əsasında deyə bilərəm ki, - güman edirəm, siz də bunu təsdiq edərsiniz, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hörmətli rəisi də təsdiq edər - bu gün artıq Azərbaycan ordusu 4-5 il bundan əvvəlki ordu deyildir. Bizim güclü ordumuz var və biz ordumuzu daha da gücləndirəcəyik.
Hər bir dövlətin güclü ordusu olmalıdır. Biz gənc, müstəqil dövlətik. Bizim ən böyük problemimiz odur ki, 1989-cu ildən Ermənistanla Azərbaycan arasında savaş başlayıbdır. Ermənilər iddia edirlər ki, Azərbaycanın qədim torpağı olan Dağlıq Qarabağ guya Ermənistan torpağıdır və onu Ermənistana birləşdirmək istəyirlər. Bəzi səbəblərdən hələ 1991-ci ildə onlar Dağlıq Qarabağı işğal etdilər. Bundan sonra Azərbaycanın daxilində sabitlik olmadığına görə və Azərbaycanın daxilindəki müxtəlif qüvvələr hərəsi özünə bir silahlı dəstə düzəldib hakimiyyət uğrunda mübarizə apardığı zaman ermənilər bu fürsətdən istifadə etdilər və Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı, azərbaycanlı zorla çıxarılıbdır, başqa bölgələrdə çadırlarda yaşayırlar.
Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Azərbaycanın sərhədlərinin toxunulmazlığı pozulubdur. Beynəlxalq hüquq normaları pozulubdur. Beynəlxalq təşkilatlar - Birləşmiş Millətlər Təşkilatı qətnamələr qəbul edib ki, Ermənistan işğal etdiyi torpaqlardan qeyri-şərtsiz çıxsın. Amma onlar bunu yerinə yetirmirlər.
Biz danışıqlar aparırıq. Bilirsiniz ki, 1992-ci ildə ATƏT-in tərkibində Minsk qrupu yaranıbdır. Onun həmsədrləri Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa bizimlə bərabər bu məsələni sülh yolu ilə həll etmək, çözmək üçün çalışırlar. Bizə yardım etməyə çalışırlar. Amma onlar da hələ heç bir şey edə bilməyiblər. Bir sözlə, bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyondan çox vətəndaşımız çadırlarda qaçqındır. Ona görə də biz, təbiidir, işğal olunmuş torpaqları azad etməliyik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik, təmin etməliyik. Yerindən-yurdundan didərgin düşmüş insanları öz torpağına, elinə-obasına qaytarmalıyıq. Doğrudur, ondan sonra da onların həyatı çətin olacaqdır. Çünki işğal olunmuş torpaqlarda hər şey dağıdılıbdır. Orada torpaqdan başqa heç bir şey qalmayıbdır. Yüz illərlə tikilən evlər, fabriklər, xəstəxanalar, məktəblər, kitabxanalar, mədəniyyət sarayları və sairə və sairə -hamısı ermənilər tərəfindən dağıdılıbdır. Yəni torpaqlar azad olunandan sonra da hələ neçə illər bu işlər görülməlidir.
Mən bu gün sizin qarşınızda da deyirəm. Biz sülh tərəfdarıyıq. Məsələni ancaq və ancaq sülh yolu ilə həll etmək istəyirik. Ancaq bu mümkün olmasa, təbiidir ki, bütün imkanlardan istifadə edib, torpaqlarımızı azad etməliyik. Ona görə də bizim ordumuz daha da güclü olmalıdır. Biz dövlət kimi bunun üçün öz üzərimizə düşən vəzifəni həll edirik və bunun üçün də biz Türkiyə Cümhuriyyəti ilə, Türkiyənin Silahlı Qüvvələri ilə çox gözəl əməkdaşlıq edirik. Bizə bu əməkdaşlığın faydası böyükdür və bu əməkdaşlıq bundan sonra da davam edəcəkdir.
Türkiyənin güclü ordusunun olması hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Mən söylədim, Türkiyənin ordusu Türkiyənin ən böyük nailiyyətidir. Bunun da əsasını böyük öndər Mustafa Kamal Atatürk qoymuşdur. Azərbaycanda biz Atatürkün bütün türk dünyası üçün nə qədər böyük şəxsiyyət olduğunu xalqımıza bildirmişik.
Mən çox məmnunam ki, iki il bundan öncə mənə burada Mustafa Kamal Atatürk adına beynəlxalq sülh mükafatı verilmişdi. Mən bununla fəxr edirəm. Mənim medallarım, ordenlərim çoxdur. Amma Mustafa Kamal Atatürkün adına olan beynəlxalq sülh mükafatı mənim üçün çox əzizdir və çox yüksəkdir.
Mən Bakıda böyük bir mərkəz - Azərbaycanda Atatürk Mərkəzi yaratmışam. Atatürkün həyatı, onun yaratdığı Türkiyə Cümhuriyyətinin tarixi və xüsusən, Türkiyə Cümhuriyyətinin qəhrəman ordusunun tarixi böyük araşdırmaların mövzusudur. Bundan əsərlər yaradılmalıdır. Çünki bunlar təkcə sizin üçün yox, bugünkü nəsillər üçün yox, gələcək nəsillər üçün də çox dəyərlidir, çox lazımlıdır.
Biz türk ordusu ilə fəxr edirik. Azərbaycanda türk ordusuna böyük sevgi, məhəbbət həmişə yaşayır. Şəxsən mən hesab edirəm ki, Mustafa Kamal Atatürkün türk xalqı qarşısında xidmətləri əvəzsizdir. Yəni o qədər böyükdür ki, ona qiymət vermək çətindir. Amma bunların içərisində onun iki böyük xidməti var. Birincisi, Türkiyə Cümhuriyyətinin yaranması, ikincisi, türk ordusunun yaranmasıdır. Türkiyə Cümhuriyyətinin ordusu keçmiş ordulardan, keçmiş dövrdəki ordudan fərqlidir. Orduda belə bir sistemin yaranması, əlbəttə, sizin ölkənizin sərvətidir. Eyni zamanda, sizin üçün fəxrdir və Azərbaycan üçün də fəxrdir?
Təbiidir, hər bir ordunun rəhbərliyindən çox şey asılıdır. Amma türk ordusunda elə bir sistem yaranıbdır ki, burada rəhbərlər dəyişdikcə ordu zəifləsin - belə bir şey yoxdur. Ordu irəliyə gedir. Amma Silahlı Qüvvələrin hər bir rəhbəri də öz dövründə böyük işlər görməlidir. Əziz dostum Hüseyn Qıvrıqoğlu mənə burada Baş Qərargah rəislərinin şəkillərini göstərdi və bildirdi ki, Fevzi Çakmak 20 il Baş Qərargah rəisi olmuşdur. Elədirmi?
HÜSEYN QIVRIQOĞLU: Doğrudur.
HEYDƏR ƏLİYEV: Amma indi sizdə qanun var, hər kəs dörd il xidmətini edir. Sizin ordu üçün, mən hesab edirəm ki, bu da bir müasir sistemdir. Ancaq bu dörd ildə kim nə iş görür? Dörd il o qədər böyük dövr deyil, amma az da deyildir. Dörd ilin içərisində çox şey etmək olar.
Son dörd ilin içərisində Türkiyə Cümhuriyyəti ilə, onun Silahlı Qüvvələri ilə əməkdaşlığımızda, işbirliyimizdə Baş Qərargah rəisi hörmətli Hüseyn Qıvrıqoğlu ilə daim yaxın əlaqəmiz olmuşdur. Bu əlaqələr nəticəsində görüşlərimiz də, danışıqlarımız, söhbətlərimiz də olubdur. Mən hər dəfə Türkiyəyə gələndə mütləq Baş Qərargah rəisi ilə görüşürəm. Onu öncə də, sonra da Azərbaycana dəvət etmişdim, gəlmişdi.
Dörd il müddətində görmüşəm ki, əziz dostum Hüseyn Qıvrıqoğlu Türkiyə Ordusunun, Mustafa Kamal Atatürk ordusunun ən dəyərli yüksək generallarından biridir və Baş Qərargah rəisi vəzifəsini şərəflə yerinə yetirən bir insandır. Təkcə Türkiyə ordusunda gördüyü işlərdən yox, NATO sistemində və dünyanın başqa orduları ilə yaranmış işbirliyində, o cümlədən türk dünyasına mənsub olan dövlətlərin, ölkələrin silahlı qüvvələri ilə işbirliyində və başqa sahələrdə çox gözəl örnək olubdur. Mən bunu Azərbaycandan görürəm.
Ona görə də mən hesab edirəm ki, hörmətli Hüseyn Qıvrıqoğlu Türkiyə Silahlı Qüvvələrində şərəflə, namusla, sədaqətlə, vətənə bağlı hissiyatlarla indiyə qədər xidmət etdiyi kimi və dörd il Baş Qərargah rəisi vəzifəsini şərəflə yerinə yetirdiyi kimi, ömrünün sonuna qədər də bu duyğularla Türkiyə Cümhuriyyətinin yaşaması, inkişaf etməsi üçün, Türkiyə Silahlı Qüvvələrinın daha da inkişaf etməsi üçün öz xidmətlərini göstərəcəkdir.
Hörmətli Hüseyn Qıvrıqoğlu bir il bundan öncə Azərbaycanda rəsmi səfərdə olduğu zaman mən Cümhur başqanı olaraq onu Azərbaycanın yüksək ordeni - “Azərbaycan bayrağı” ordeni ilə təltif etdim. İndi isə Türkiyəyə səfər edərək və düşünərək, bilərək ki, sizin qanunlara görə hörmətli Baş Qərargah rəisi bir müddətdən sonra öz vəzifəsindən ayrılacaqdır, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi hörmətli Hüseyn Qıvrıqoğlunu Azərbaycanın digər ordeni - “Şöhrət” ordeni ilə təltif etmişəm. Artıq burada bu barədə məlumatlar verildi.
Mən hesab edirəm ki, Azərbaycanın iki yüksək dövlət mükafatı - “Azərbaycan bayrağı” ordeni və “Şöhrət” ordeni ordu generalı Hüseyn Qıvrıqoğlunun döşündə parıldayaraq, Azərbaycan ilə Türkiyə arasında, Azərbaycan Silahlı Qüvvələri ilə Türkiyə Silahlı Qüvvələri arasında olan dostluq-qardaşlıq əlaqələrini daim nümayiş etdirəcək və bu əlaqələrimiz sarsılmaz olacaqdır, əbədi olacaqdır.
Mən hörmətli Hüseyn Qıvrıqoğlunu vəzifədən ayrılandan sonra istədiyi zaman ailəsi ilə bərabər Azərbaycana dəvət edirəm. Azərbaycan onun doğma evidir. Azərbaycanın, Azərbaycanın Cümhur başqanının çox istədiyi şəxsi qonağı olacaqdır. Güman edirəm ki, hörmətli Hüseyn Qıvrıqoğlu da mənim bu arzularımı unutmayacaq və imkan dairəsində yerinə yetirəcəkdir. Mən isə hər zaman Türkiyəyə gələrkən heç vaxt dostlarımı unutmuram. Hamısı ilə görüşürəm. Mən Türkiyədə olmayanda da, belə əlaqələri davam etdirirəm, eləcə də bizim hörmətli Baş Qərargah rəisi ilə.
Bəlkə də Azərbaycan Cümhur başkanı kimi bu sözlərin bəzilərini burada deməyə o qədər də ixtiyarım çatmır. Çünki mən Azərbaycanın Prezidentiyəm. Amma mən eyni zamanda Azərbaycanı və Türkiyəni bir-birindən ayırmıram, ona görə də bu sözləri deyirəm.
Əziz dostum, mən Sizə cansağlığı arzu edirəm. Sizin ailənizə səadət və xoşbəxtlik arzu edirəm. Ümidvaram ki, Mustafa Kamal Atatürkün əsgəri olaraq Siz Türkiyənin Silahlı Qüvvələrində daim xidmətdə olacaqsınız və bundan sonra da Türkiyə- Azərbaycan dostluq, qardaşlıq və birgə əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edəcəksiniz. Sağ olun. Sizin hamınıza təşəkkür edirəm.
\Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı\.
X X X
Sonra Prezident Heydər Əliyev ordu generalı Hüseyn Qıvrıqoğluna “Şöhrət” ordenini təqdim etdi.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvırıqoğlu mərasimdə çıxış etdi.
TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ BAŞ QƏRARGAHININ RƏİSİ ORDU GENERALI HÜSEYN QIVRIQOĞLUNUN ÇIXIŞI
-Hörmətli Prezident!
Möhtərəm qonaqlar!
Öncə qardaş Azərbaycan Respublikasının Prezidentinin, Zati-alinizin təşrif buyurub Baş Qərargaha gəlməyindən duyduğumuz məmnuniyəti ifadə edir və Sizə “Xoş gəldiniz!” deyirəm. Şəxsim və türk silahlı qüvvələri haqqında söylədiyiniz gözəl sözlər üçün təşəkkürümü bildirirəm.
Qardaş Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə mükafatlandırılmaq mənim üçün böyük bir fəxr və fövqəladə sevincdir. Türkiyə Silahlı Qüvvələrinin Türkiyə və Azərbaycan arasındakı dostluq və strateji əməkdaşlığın inkişafına olan töhfələri iki dost və qardaş ölkə xalqlarının əlaqələri çərçivəsində qəbul olunmalıdır. Çünki Türkiyə və Azərbaycan respublikaları böyük türk millətinin qurduğu iki qardaş dövlətdir. Türkiyə Silahlı Qüvvələrinin komandanı olaraq bunu açıqlamaq istəyirəm ki, Sizin xoşbəxtliyiniz bizim xoşbəxtliyimiz, Sizin kədəriniz bizim kədərimizdir.
Bu səbəblə, Türkiyə Silahlı Qüvvələri Türkiyə və Azərbaycan dostluğu və strateji əməkdaşlığı üçün çalışmağı ona verilmiş çox vacib bir tapşırıq kimi qəbul edir. Bu çalışmalarımızın qardaş Azərbaycan Respublikası tərəfindən müsbət qiymətləndirilərək, “Şöhrət” ordeni ilə mükafatlandırılması bizləri çox bəxtiyar etmişdir. Azərbaycan və Türkiyə respublikalarının silahlı qüvvələri arasında əbədi sürəcək bir dostluğun, qardaşlığın və bərabərliyin göstəricisi olan bu orden Türkiyə və Azərbaycan silahlı qüvvələrinin müvəffəqiyyətli əməkdaşlıq səylərinin müştərək bir nəticəsidir.
Azərbaycan xalqının Türkiyədəki doğma qardaşlarına məhəbbətinin nümunəsi olan bu ordeni əsgərdən zabitə, zabitdən generala qədər Türkiyə Silahlı Qüvvələri nümayəndələri adından alaraq qürur hissi duyuram.
İcazənizlə, bu ordeni alaraq, keçmişdə Azərbaycanın müstəqilliyi və əsarətdən qurtarması üçün xidməti olan, canından keçən bütün qəhrəmanları bir daha ehtiramla anmaq iştəyirəm. Türkiyədə yaşayan qardaşlarınız keçmişdə olduğu kimi, bu gün və gələcəkdə də, hər zaman yanınızda olacaqdır. Türkiya Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələri ilə başlanmış yaxın əməkdaşlığını yüksək səviyyədə davam etdirməyə qərarlıdır.
Hörmətli Prezident!
Qardaş Azərbaycan xalqının Zati-alinizin öndərliyində daha qabaqcıl bir ölkə olmaq yolunda göstərdiyi mübarizə türk milləti tərəfindən bəyənilməkdədir. Yeganə diləyimiz Azərbaycanın müstəqil, ərazi bütövlüyü bərpa edilmiş, rifah və əmin-amanlıq içində əbədi yaşamasıdır.
Sözlərimin sonunda Türkiyə Silahlı Qüvvələrinin komandanı kimi məni “Şöhrət” ordeninə layiq görmüş Zati-alinizə bir daha təşəkkür edirəm. Bu fövqəladə günü həyatımın ən önəmli və unudulmayacaq günlərindən biri kimi daim xatırlayacağam. Sahib olduğum ən dəyərli mükafatlardan biri kimi mühafizə edəcəyəm. Bu ordeni uşaqlarıma yadigar qoyacağam və şərəfli hədiyyələrdən biri olacaqdır.
Zati-alinizin şəxsində bütün qardaş Azərbaycan xalqına ən səmimi diləklərimi və ehtiramımı çatdırıram.
X X X
Mərasimdən sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlunun adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə ziyafət təşkil edildi.
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ
YÜKSƏK MÜKAFATLARIN TƏQDİM EDİLMƏSİ
MƏRASİMİ
İyunun 27-də Türkiyə paytaxtının tarixi yerlərindən olan “Ankara palats” hotelində Türkiyənin nüfuzlu ictimai təşkilatları və vəqfləri tərəfindən Azərbaycan Prezidenti Heydər Əliyevə yüksək mükafatların təqdim edilməsinə həsr olunmuş mərasim keçirildi. Hotelin konfrans salonuna toplaşan yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, millət vəkilləri, görkəmli elm, mədəniyyət və incəsənət xadimləri Azərbaycan Prezidentini hərarətlə qarşıladılar.
Azərbaycan-Türkiyə Dostluq və Əməkdaşlıq Fondunun sədri, ölkəmizin və xalqımızın yaxın dostu, dünya şöhrətli alim, professor İhsan Doğramacı mərasimdə çıxış etdi.
AZƏRBAYCAN-TÜRKİYƏ DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ FONDUNUN SƏDRİ PROFESSOR İHSAN DOĞRAMACININ
ÇIXIŞI
-Əziz Prezidentim!
-Sizin ölkənizdə nail olduğunuz iqtisadi və ictimai inkişaf hər kəsə bəllidir. Mənə icazə verin ki, bir az da dünya sülhünə etdiyiniz xidmətlərdən söz açım.
1990-cı illərin əvvəlində dünyanın bir çox bölgəsində ilk savaşlar başladı. Ancaq bu savaşların dayandırılması üçün Birləşmiş Millətlər və NATO qüvvələri araya girdi və müvəffəq oldular. Azərbaycanda Yuxarı Qarabağda 1980-ci illərin axırında ermənilər tərəfindən başlanan münaqişə isə uzun müddət davam etdi və 30-40 min nəfərin ölümünə səbəb oldu. Nəhayət, Sizin səylərinizlə 1994-cü ilin may ayında atəşkəs elan edildi. 1993-cü ildə vətəndaş müharibəsi başladı. Sizin sayənizdə bu, dayandırıldı. Bütün bu xidmətləriniz dünyada çox lazım olan sülhə böyük xidmət sayılır. Onun üçün bizim Fondumuz dünyada ikinci dəfə Sizə beynəlxalq sülh mükafatı olaraq qızıl medal təqdim edilməsinə qərar verdi. Burada bu sözlər yazılıb: “Beynəlxalq sülhün böyük ustadı. Azərbaycan Prezidenti hörmətli Heydər Əliyevə İhsan Doğramacı Fondunun beynəlxalq qızıl sülh medalı”.
Sonra professor İhsan Doğramacı Fondun qızıl medalını Azərbaycan Prezidentinə təqdim etdi.
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇIXIŞI
- Hörmətli professor, əziz dostum İhsan Doğramacı!
İhsan Doğramacı Fondunun mənə təqdim etdiyiniz bu qızıl medalına, mükafatına görə sizə təşəkkür edirəm. Siz bunu mənim sülh yaratmaq sahəsində fəaliyyətimə yüksək qiymət olaraq verdiniz. Həqiqətən, mən sülh adamıyam. Mən istəyirəm ki, insanlar arasında sülh olsun, xalqlar, millətlər arasında sülh olsun, dövlətlər arasında daim sülh olsun, barış olsun. Siz barış deyirsiniz. Böyük öndər Mustafa Kamal Atatürkün çox müdrik sözləri - “Yurdda sülh, cahanda sülh” sözləri bizim hamımız üçün bir örnəkdir. Amma onu da deyim ki, böyük Mustafa Kamal Atatürk “sülh” demişdir, “barış” deməmişdir. Əgər siz, həqiqətən, Türkiyə Cümhuriyyətinin banisi, bütün türk dünyasının öndəri unudulmaz Mustafa Kamal Atatürkün dili ilə danışmaq istyirsinizsə, onda çalışın sülh sözündən istifadə edin.
Sülh hamıya lazımdır. Ancaq Azərbaycan xalqına xüsusilə lazımdır. Çünki Azərbaycanın Dağlıq Qarabağ hissəsinə iddia edən qonşu Ermənistan 1988-ci ildən Azərbaycana hücum, təcavüz edibdir. Öncə bu, Azərbaycan ilə Ermənistan arasında müəyyən bir münaqişənin yaranması kimi meydana çıxıbdır. O vaxtlar hələ Azərbaycan da, Ermənistan da Sovetlər Birliyinin daxilində idi, müstəqil, bağımsız deyildilər. Amma sonra Sovetlər Birliyi dağıldı, Azərbaycan da, Ermənistan da öz dövlət müstəqilliyini əldə etdi. Ancaq münaqişə dayanmadı. Çünki ermənilər müxtəlif ölkələrin yardımından istifadə edərək, - siz də, biz də, hamımız, ermənilərin kim olduğunu, nə olduğunu və dünyanın hansı qüvvələrindən faydalandıqlarını yaxşı bilirik, - Azərbaycan torpaqlarının bir qismini işğal etdilər. Böyük müharibə getdi, qan töküldü, şəhidlər verdik.
Bilirsiniz ki, 1993-cü ildə Azərbaycanda gərgin bir daxili vəziyyət yarandı, sabitlik tamam pozuldu və vətəndaş müharibəsi başlandı. Azərbaycan dağılmaq təhlükəsi qarşısında idi. O vaxt xalq məni Azərbaycana Prezident seçdi. Ondan sonra mən də Emənistanla müharibəni davam etdirdim. Ancaq müharibəni davam etdirərək, mən eyni zamanda düşünürdüm ki, müharibənin sonu belə olacaqdır- biz torpaqlarımızı geri almağa çalışıb irəliləyəcəyik, ermənilər başqa yerlərdən qüvvə toplayıb, yenidən gəlib bizi sıxışdıracaqlar. Ona görə də sülhün yaranması o vaxtlar ən zəruri bir qərar kimi meydana çıxdı.
1994-cü ilin may ayında hər iki tərəf Ermənistanla Azərbaycan arasında sülh yox,- bizim aramızda sülh yoxdur,- sadəcə, atəşi dayandırmaq, atəşkəs elan etmək haqqında qərar qəbul etdik. Atəşkəsi elan etdik. O vaxtdan indiyə qədər, 8 ildir ki, biz atəşkəs rejimində yaşayırıq. Burada müsbət hal ondan ibarətdir ki, Ermənistan qoşunları ilə Azərbaycan qoşunları arasına hansısa bir ölkənin sülhü mühafizə qoşunlarını gətirmədik. Biz ermənilərlə ilk dəfə eyni fikirdə olduq ki, özümüz burada atəşkəs rejimini təmin edək. 8 ildir bu atəşkəs rejimini təmin edirik. Müharibə yoxdur, qan tökülmür, şəhidlər vermirik. Məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq. Biz sülh istəyirik, ancaq işğal olunmuş torpaqlarımızın azad edilməsi şərti ilə. Ərazi bütövlüyümüzün, sərhədlərimizin bərpa olunması şərti ilə. Ermənilər tərəfindən işğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxardılıb və 9-10 ildir ki, çadırlarda yaşayırlar. Onların öz yerdlərinə-yurdlarına qaytarılması şərti ilə. Bu şərtlərlə biz Ermənistanla sülh sazişi bağlamağa hazırıq və danışıqlar aparırıq.
Danışıqlar çətin keçir. Bunda bizə ATƏT, onun yaratdığı Minsk qrupu yardım edir. Minsk qrupunun həmsədrləri var- Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa. Türkiyə də Minsk qrupunun tərkibindədir. Biz Türkiyənin yardımını, təbiidir ki, daim hiss edirik və bu məsələnin həll olunmasında Türkiyə ilə məsləhətləşirik. Dünən də mən Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti, əziz dostum Əhməd Necdət Sezər ilə görüşdüm və iki saat danışdım. Onda da məhz məsələnin sülh yolu ilə həlli barədə məsləhətləşmələr apardıq.
Ona görə mən mükafatı bu mənada qəbul edirəm ki, atəşkəs yaratdıq, atəşi dayandırdıq, top atılmır, tüfəng atılmır, bomba partlamır, insanlar şəhid olmur. Ancaq məqsədimizə də nail olmamışıq. Mən bu gözəl mükafatı qəbul edərək, arzumu-istəyimi bildirirəm və sizi əmin edirəm ki, əsas məqsədimiz, mənim əsas məqsədim Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək və bölgədə Ermənistanla Azərbaycan arasında sülh yaratmaqdır.
X X X
Sonra Türkiyə Sənayeçiləri və İş adamları Vəqfinin (TUSİAV) sədri Vəli Sarıtoprağa söz verildi:
TUSİAV-IN SƏDRİ VƏLİ SARITOPRAĞIN ÇIXIŞI
- Xocalar xocası, professor Doğramacıdan sonra, hörmətli Prezidentdən sonra danışmaq bir az çətin olacaq. İkisi də çox gözəl natiqdir. Hər ikisindən öyrənəcəyimiz çox şeylər var.
Hörmətli Prezidentim, Siz bir xidmət adamısınız. Çox önəmli vəzifələr tutmusunuz. Sovetlər Birliyinin taleyində çox önəmli rol oynamış, Siyasi Büroya qədər yüksəlmiş yeganə türksünüz. Həyatınız daim mübarizə içində keçmişdir və çox çətinliklər görmüsünüz. Sizin haqqınızda yazanlardan biri belə demişdir: “Heydər Əliyev həyatda ağır yollardan keçdi, həyatı çətinliklərlə doludur, ölümlə çox üz-üzə gəldi. O, çox müdrik, çox iradəli bir insandır.”
Siz müttəfiqlərinizin və hətta rəqiblərinizin rəğbətini qazanmış bir dövlət adamısınız. İsmayıl Qasparlının “Dildə, fikirdə, işdə birlik” şüarını həyata keçirmək, türk dünyasında işbirliyini və gücbirliyini gərçəkləşdirmək üçün böyük səylər göstərdiniz və göstərirsiniz.
1992-ci ildə İstanbuldakı bir çıxışınız bizim iş adamlarının çox rəğbətini qazanmışdır. Siz demişdiniz ki, bir birləşmə prosesi gedir. Bizim də millət qarşısında, türk millətləri qarşısında borcumuz bu birləşmə prosesini sürətləndirmək, mətbuat və ticarət vasitəsilə, hər vasitə ilə sürətləndirməkdir. Mən bu yolun yolçusuyam. Özü də çox uzun yollar keçmişəm. İnsan təzə, yəni yeni yola çıxar. Ancaq mən 50 ildir bu yoldayam, lakin bu yolun sonu yoxdur. Çünki türk millətlərini birləşdirmək, inkişaf etdirmək üçün bizdən sonra gələn nəsillər də çox böyük iş görməlidir. Amma biz üzərimizə düşən məsuliyyəti dərk etməliyik, bu məsuliyyət qarşısında cavabdeh olmalıyıq. Bütün həyatımı buna sərf etdim və bundan sonra da edəcəyəm.
Türkiyə və Azərbaycan bir ağacın iki budağıdır, köklərimiz eynidir. “Biz iki dövlət, bir millətik” deyərək, Türkiyə-Azərbaycan əlaqələrini inkişaf etdirib yüksəklərə qaldırdınız. İki ölkənin qovuşmasında Sizin böyük əməyiniz və dəstəyiniz var. Türk iş dünyası olaraq Sizə minnətdarıq.
Türk iş adamlarına Azərbaycanda böyük imkanlar və şərait yaratdınız. Sizə Allahdan uzun ömür diləyirəm, uğurlarınız daimi, yolunuz açıq olsun. “Üstün xidmət və başarı mükafatı”nı Sizə təqdim edirəm. Lütfən qəbul edin.
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇIXIŞI
Türk iş adamlarının, türk iş dünyasının təqdim etdiyi bu plaket, bu hədiyyə mənim üçün çox qiymətlidir. Ən öncə, bunu təqdim edərkən mənim dostum Vəli Sarıtoprağın çox gözəl nitqi məni olduqca ruhlandırdı. Həqiqətən, o, mənim həyatımın bəzi anlarını burada düzgün, doğru xatırladı. İnsan yaşayır, bizim kimi insanlar, mənim kimi də insan yaşayır. Amma dünənki günüm budur. Sonra ya özü, yaxud da onun dostları keçmişdən bəzi anları xatırladanda, insan öz-özünə düşünür ki, əcəba, mən bu imişəm?
Bəli, bu sözlərin hamısını deyəndə mənim qəlbimdəki sarı simlərə toxundunuz. Siz bilirsiniz sarı sim nədir? Azərbaycanda tar aləti var. Tarın bir neçə simi var. O simlərdən biri sarı simdir. Tar çalan simin birində çalır, o birisində çalır, sarı simə keçəndə insana daha da çox təsir edir. Ancaq bu sözləri deməklə, eyni zamanda, onu da bildirmək istəyirəm ki, mən nə qədər çox yol keçmişəmsə, nə qədər çox işlər görmüşəmsə, nə qədər böyük xidmətlər göstərmişəmsə, xalqımın, millətimin, türk millətimin qarşısında bütün vəzifələrimi hələ yerinə yetirməmişəm. Ona görə də ömrümün sonuna qədər borclu qalacağam. Qoy mənim borclu qalmağımı, - indidən deyirəm, -xalqımız bağışlasın. Çünki nə mümkündürsə, onu etmişəm və edirəm.
Bizim indiki həyatımızda özəl sektorun inkişaf etməsi, iqtisadiyyatın inkişaf etməsi iş adamlarının fəaliyyətindən asılıdır. Bizim kimi keçmiş sovet rejimində yaşayan insanlar üçün bu, indi daha da aydın görünür. Çünki keçmişdə bizdə bu sistem yox idi. Artıq bir neçə ildir ki, bizim ölkə də, xalqımız da özəl sektorun, iş adamlarının xalq, millət üçün, dövlət üçün nə qədər əhəmiyyətli olduğunu anlayır və hiss edirlər. İndi sizin vəqf, təşkilat mənim gördüyüm işləri bu qədər qiymətləndirdiyinə görə təşəkkür edirəm və sizi əmin edirəm ki, daim sizinlə işbirliyində olacağam.
X X X
Ankara İşgüzar Qadınlar Cəmiyyətinin (ANİKOD) sədri xanım Sərpil Tınaz Akçara söz verildi.
ANKARA İŞGÜZAR QADINLAR CƏMİYYƏTİNİN SƏDRİ SƏRPİL TINAZ AKÇARIN ÇIXIŞI
- Zati-aliləri Heydər Əliyev!
Siz türk dünyasının ən böyük liderlərindən birisiniz. Həm Azərbaycan, həm də Türkiyə üçün böyük işlər görmüsünüz. Siz Atatürk kimi böyük bir inqilab etdiniz, latin əlifbasına keçdiniz. Ankara İşgüzar Qadınlar Cəmiyyəti olaraq biz bu inqilab münasibətilə Sizi təbrik edir və “İlin dövlət adamı” seçirik.
Qadınlar, adətən, çox danışırlar, lakin mən qısa danışmağa çalışacağam. Sizin vasitənizlə Türkiyə qadınlarının salamlarını Azərbaycan qadınlarına çatdırmaq istəyirəm. İcazənizlə, mükafatımızı Sizə təqdim edim. Sağ olun, təşəkkür edirəm.
Xanım Sərpil Tınaz Akçar ANİKOD-un “İlin dövlət adamı” mükafatını dövlətimizin başçısına təqdim etdi.
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇIXIŞI
Həyatda belə bir qayda var ki, kişilər qadınlara hədiyyə verərlər. Gərək evdə xanıma hədiyyə verəsən, qonşu qadına da, çalışdığın yerdə də qadınlara hədiyyə verəsən, əgər ayrı bir sevdiyin qadın varsa, ona da hədiyyə verəsən. Görürəm xoşunuza gəlir, gülürsünüz. Deməli, buradakı kişilərin hədiyyə verdiyi çoxlu qadın var. Məndə isə tərsinədir, qadınlar mənə hədiyyə verirlər. Mən belə hesab edirəm ki, bu, çox qiymətli hədiyyədir. Qadınlar Cəmiyyətinin mənə “İlin dövlət adamı” mükafatı verməsi mənim üçün çox əzizdir. Çünki qadınlar çox tələbkar olurlar. Bilirsiniz ki, bəzən qadınlar çox incəliklərə varırlar. Qadınların nəvazişi var. Bilmirəm siz necə deyirsiniz, biz nəvaziş deyirik. Gərək qadına həmişə hörmət edəsən, qoymayasan nədənsə incisin. Ruslarda bir söz var. Mən çalışacağam ki, onu türk dilinə tərcümə edəm. Onlar deyirlər ki, qadınlar kaprizli olurlar. Sizdə də kapriz deyirlər? Mən də bayaqdan çalışıram ki, bunu tərcümə edəm. Qadınlar şıltaq olurlar. Kişilərin əlacı yoxdur, onlar qadınların şıltaqlığına dözməlidirlər. Dözməsələr, işləri yaxşı getməyəcək. Güman edirəm, mənim qadınlar haqqında olan hissiyyatlarım hər bir kişidə var. Ancaq bir dövlət başçısı kimi, siyasət adamı kimi mən həmişə həyatımda, keçdiyim yolda dövlət işində, hökumət işində, elm işində, mədəniyyət işində qadınlara hörmət etmişəm. Qadınların rolunu yüksəltmək, onlara öz istedadlarını daha da açmaq üçün imkanlar vermək mənim həmişə vəzifəm olmuşdur.
- Azərbaycandakı qadınlar, mən dəfələrlə demişəm, bunu bilirəm, - məndən çox razıdırlar. Hətta hesab edirəm ki, onlar məni sevirlər.
Əziz Tınaz xanım! Xahiş edirəm, sizin xanımların hamısına mənim təşəkkürlərimi çatdırın və deyin ki, Azərbaycanın Cümhur başkanı kimi mən həmişə qadınların dayağı olmuşam, bundan sonra da olacağam.
X X X
Sonra Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin (TÜRKSAV) sədri Yəhya Akənginə söz verildi.
TÜRK DÜNYASI YAZIÇILAR VƏ SƏNƏTÇİLƏR VƏQFİNİN SƏDRİ YƏHYA AKƏNGİNİN ÇIXIŞI
-Sayın Cümhur başqanım!
Əziz dostlar və mərasim iştirakçıları!
Mən “sayın Cümhur başqanım” deyə xitab etməkdən bəxtiyarlıq duyuram. Sizin hər zaman ifadə etdiyiniz kimi, “biz iki dövlət, bir millətik”. Türk dünyasının digər liderləri də bu ifadəni daim təkrar edirlər. Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfi türk dünyasının mədəniyyət və sənət sahəsindəki çalışmalarına dəstək vermək, töhfə vermək məqsədi ilə yaradılmışdır. Biz dərindən inanırıq ki, bütün münasibətlərin, əlaqələrin təməlində mədəniyyət, dil dayanır.
Türk dünyasının böyük öndəri Atatürk əlifba dəyişikliyini həyata keçirərkən demişdir: bunun çox böyük tarixi və strateji səbəbləri vardır. Bu səbəblərdən biri də həmin dövrdə latın əlifbasından istifadə edən digər türk xalqları ilə eyni əlifbaya qovuşmaq idi. O baxımdan uzun illər sonra türk ölkələrində yenidən latın əlifbasına qayıtmaq, Atatürkün idealına qayıdış olmuşdur.
Zati-aliniz 2001-ci ildə qərarlı-iradəli bir tövrlə, bir fərmanla güzəştsiz bir şəkildə latın əlifbasını Azərbaycanda bərqərar etmişdir. Ona görə də vəqfimizin idarə heyəti türk mədəniyyətinə xidmət sahəsində mükafatı Sizə verməyi qərara almışdır.
Burada bir məsələni xüsusi vurğulamaq istəyirəm. Türkiyənin milli komandası dünya futbol çempionatında böyük uğurlar qazandı. Sayın Cümhur başqanı Heydər Əliyev dərhal Azərbaycan dövlət televiziyası ilə çıxış edərək, bu uğurun bütün türk dünyasının uğuru olduğunu söyləməklə, bizi milli komandamızın uğuru qədər xoşbəxt etdi.
Bir şeyi də mötərizə içində qeyd etmək istəyirəm. Dost, qardaş Türkmənistanda isə milli komandamızın uğurlarının bayram edilməsi qadağan olundu. Bu, bizi dərindən yaraladı. İki gündür dəqiq məlumat almağa çalışırdım. Təsəllimiz yalnız onadır ki, “Ruhnamə” kimi bir əsər yazan dövlət adamının yəqin bundan xəbəri yoxdur. Əks təqdirdə bu, “Ruhnamə”nin ruhu ilə ziddiyyət təşkil edərdi. Eşitdiyimizə görə, kollektiv halda futbola baxan adamların əllərindən türk bayraqlarını almışlar. Bunu nə üçün deyirəm? Əgər biz bir-birimizdən incidiyimizi, küsdüyümüzü dərhal söyləməsək, bunlar yığılar, dağ olar. Ona görə də incikliyimizi dostcasına ifadə etməliyik. Eşitdiyimizə görə, bu hərəkətləri bəzi polis rəisləri etmişlər. Yenə də ümid edirik ki, sayın Türkmənbaşının bundan xəbəri yoxdur. Belə bir mahnı vardır: “Salam söylə yarıma, belə dostluq olurmu?”.
Türk dünyası bir bütövdür. Tarixi kökləri birdir. Yüz il sonra bu gün yer üzündə yaşayanların heç biri həyatda olmayacaq, ancaq türk dünyası birliyi olacaqdır. Bununla bərabər, çox populyar olan Avropa Birliyinin olacağına dair təminatımız yoxdur.
Sayın Cümhur başqanım, Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin “Türk dünyasının 2001-ci il xüsusi mükafatı”nı Sizə təqdim etməkdən bəxtiyarlıq duyuram. Bu, bizim Sizə minnətdarlığımızın ifadəsidir.
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇIXIŞI
Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin indi təqdim etdiyi bu hədiyyə mənim üçün çox qiymətlidir. Çünki bizim hamımızın birliyimizi yaradan, təmin edən bir məsələyə həsr olunmuşdur. Azərbaycanda yazarlara çox yüksək qiymət verilir. Azərbaycanda həm keçmişdə olan yazarlara, həm də indi bizimlə yaşayan, yaxud da ki, XX əsrdə yaşamış yazarlara həmişə böyük hörmət olmuşdur.
Yazarlar Azərbaycanda bizim xalqımızın, cəmiyyətimizin ən hörmətli insanlarıdır.
Siz bilirsiniz ki, əgər son vaxtları götürsək, “Kitabi-Dədə Qorqud”un böyük bir yubileyini keçirdik. Bütün türk dünyasını Bakıya topladıq. Türkdilli ölkələrin cumhur başqanları ilə, o cümlədən Türkiyənin 9-cu Cumhur başqanı Süleyman Dəmirəllə bunu etdik və bizim bir kökdən, bir dildən olduğumuzu bütün dünyaya göstərdik.
Məhəmməd Füzulinin 500-illik yubileyini keçirdik. Azərbaycanda da, Türkiyədə də - hər yerdə keçirdik. O, bizim türk dünyasının böyük, müştərək şairidir. Böyük izlər qoymuşdur. Belələri çoxdur.
Yunus İmrə bizim üçün Füzuli qədər, Nizami qədər qiymətli bir şairdir. Onun yaratdığı əsərlər bütün türk xalqları üçün qiymətlidir, əzizdir. Türk xalqlarının bu yolları keçməsində Yunus İmrə kimi böyük bir şairin yaradıcılığının, təbiidir ki, təsiri çox olmuşdur.
Yazarlar yazırlar. Dövlət adalarının borcu bu yazarlara imkan yaratmaqdır ki, onlar daha da çox yazsınlar. Vaxtilə, gənc ikən mən Türkiyə yazarları ilə çox maraqlanırdım. Orta məktəb illərində Rəşad Nuri Güntəkinin “ Çalı quşu” əsərini mən bir neçə dəfə oxumuşam. Bilmirəm siz onu xatırlayırsınız, yoxsa yox. Onu bir neçə dəfə oxumuşam. Tofiq Fikrətin, Əbdül Haq Hamidin şerləri Azərbaycanda bizim dilimizdə əzbər idi. Sonra, İkinci Dünya savaşı zamanı onların əsərlərinin hamısını yasaq etdilər.
Bu gün də bizim yazarlarımız bir-biri ilə əlaqədədirlər, birlikdə çalışırlar.
Millət üçün bir çox şey lazımdır. Ancaq millətin, xalqın yaşaması üçün ən önəmlisi onun dilidir. Bizim hər birimizin, Anadolu türkcəsində danışan, Orta Asiyada olan, Azərbaycanda olan türklərin hamısının ən böyük nailiyyəti odur ki, dilimizi qoruduq, saxladıq, yaşatdıq.
Dili danışırsan, amma gərək insanlar bilgi alsınlar, əlifba olsun. Azərbaycanın başına bu barədə çox bəlalar gəlibdir. Türkiyədə olduğu kimi, keçmişdə biz də ərəb əlifbası olub. Ancaq 1925-1926-cı illərdə, baxmayaraq ki, sovet hakimiyəti olubdur, Azərbaycan latın əlifbasına keçibdir. Bəli, Mustafa Kamal Atatürk dedi ki, hamı latın əlifbasına keçsin - həmin sözlər o vaxt deyilmişdir.
1926-cı ildə Azərbaycanda ilk türkoloji qurultay keçirilmişdir. Bütün türk millətlərinin alimləri, dilçiləri, filoloqları Bakıya toplaşmışdılar. O cümlədən Türkiyənin böyük alimi Fuad Köprülüzadə bu qurultayın fəal iştirakçılarından biri olubdur. Bilirsiniz, sonradan o sizdə xarici işlər naziri olmuşdur. 1926-cı ildə Bakıda türkoloji qurultayda qərar qəbul olundu ki, bütün türkdilli xalqlar latın əlifbasına keçsin. Amma 1939-cu ildə latın əlifbasını bizim əlimizdən aldılar, Kiril əlifbasına keçirdilər. Bilirsiniz, bir əlifbadan o birinə keçmək çox çətindir. Bizim 1939-cu ildən bəri yazılan kitablarımız hamısı Kiril əlifbası ilədir. İndi yeni yazılan kitablar isə latın əlifbası ilədir. Alimlər, yazarlar deyirlər ki, 2-3 ildən sonra bizim kitablarımızı heç kim oxumayacaq, onların hamısını yandırmaq lazımdır. Yeni nəsil onları oxuya bilməyəcəkdir.
İndi bizdə təkcə birinci sinifə gedənlər deyil, onuncu sinifdəkilər də latın əlifbası ilə oxuyurlar.
Bizim başımıza çox bəlalar gəlib. Dövlət başçısı kimi mən bunların hamısını bilirəm. Keçmişdən də bilirəm, şəxsən bu işlərin şahidi olmuşam. Mən bunları bilərək, qəti qərar qəbul etmişdim. Hələ 2001-ci ildə yox, ondan əvvəlki vaxtlarda məcbur edirdim ki, latın əlifbasına keçək. Çünki bunu birdən etmək olmaz ki, bu gün bir əlifba, sabah o biri əlifba olsun. Böyük hazırlıq işləri gördük, mən Fərman verdim. İndi Azərbaycanda hər yerdə latın əlifbasıdır. Əmin ola bilərsiniz, bunun təməlini biz elə qoymuşuq ki, bundan sonra heç bir qüvvə bizim əlifbamızı dəyişə bilməyəcəkdir. Yüz illərlə bizim latın əlifbamız yaşayacaq və millətlərimiz bir-birinin yazılarını asanlıqla oxuyacaqlar.
Bütün dövlət işləri Azərbaycan dilində aparılır. On ildir biz müstəqilik. Amma inanırsınız, keçmişdə 70 il bizim idarələrimizdə bütün işlərimiz rus dilində aparılıb. Ona görə insanların çoxu buna öyrənmişdi. Amma mən bu haqda Fərman vermişəm. Bütün dövlət orqanlarında yazışmalar hamısı yalnız latın əlifbası ilə, Azərbaycan dilində olmalıdır.
Dilimizi qoruyub saxlamaq, mədəniyyətimizi qoruyub saxlamaq, ulu babalarımızdan qalan milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq bizim vəzifəmizdir. Biz - Türkiyə də, Azərbaycan da dünyəvi dövlətik, hüquqi, demokratik dövlətik. Dünyəvi dövlətlər kimi həm milli-mənəvi dəyərlərimizi, - hansılar ki, bizim köklərimizdən gəlir, - yaşatmalıyıq. Onlar yaşamasa, bizim köklərimiz quruyacaqdır. Eyni zamanda, biz ümumi bəşəri dəyərləri qəbul edirik. Ümumi bəşəri dəyərlərlə milli-mənəvi dəyərlərimizin sintezi ilə indi Türkiyənin də, Azərbaycanın da yeni bir mədəniyyəti yaranır. Ona görə mən belə hesab edirəm ki, biz Avropa ilə birləşirik. Biz Avropadayıq, buradan heç bir yerə gedə bilmərik. Türk dünyası yaşayır, yaşayacaq, siz, əziz türk qardaşım, düz dediniz ki, yüz il də yaşayacaq, min illər yaşayacaq. Ancaq türk dünyasının xalqları ümumi bəşəri dəyərləri, Avropa dəyərlərini öz milli-mənəvi dəyərləri ilə birləşdirəndə daha da zəngin olacaqlar.
Biz demokratiya yolunu tutmuşuq, hüquqi dövlət yolunu tutmuşuq, dünyəvi dövlət yolunu tutmuşuq. Bu yolla da gedəcəyik.
(Dövlətimizin başçısının çıxışları böyük diqqətlə dinlənildi və dəfələrlə sürəkli alqışlarla qarşılandı).
Mərasim başa çatdıqdan sonra Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, millət vəkilləri, görkəmli elm, mədəniyyət və incəsənət xadimləri Azərbaycan Prezidenti Heydər Əliyevə yaxınlaşaraq, mükafatların təqdim olunması münasibətilə bir daha təbrik etdilər, respublikamızın rəhbərinə möhkəm cansağlığı, Azərbaycanın gələcəyi, bütün türk dünyasının tərəqqisi naminə uğurlu fəaliyyət arzuladılar.
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ,DÖVLƏT NAZİRİ DÖVLƏT BAXÇALINI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 27-də Ankarada onun üçün ayrılmış iqamətgahda - Camlı köşkdə Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalını qəbul etmişdir.
Prezident Heydər Əliyevi mehribanlıqla salamlayan Dövlət Baxçalı Azərbaycana rəsmi səfərini, dövlətimizin başçısı ilə görüşlərini razılıq hissi ilə xatırlayaraq, respublikamızın rəhbəri ilə yeni görüşündən məmnun olduğunu bildirdi.
Görüşlərin, təmasların dost qadarş ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafı üçün zəruri olduğunu nəzərə çarpdıran Dövlət Baxçalı dedi ki, Türkiyə Azərbaycan ilə əlaqələrin daha da sıxlaşdırılmasına daim xüsusi diqqət yetirir.
Səmimi və xoş sözlərə görə təşəkkürünü bildirən Prezident Heydər Əliyev qardaş xalqlarımızın iradəsinə uyğun olaraq, Azərbaycan-Türkiyə münasibətlərinin daim inkişaf etməsindən, ölkələrimizin bir-birinə dəstəyindən razılıq hissi ilə danışdı.
Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dalıq Qarabağ münaqişəsindən bəhs edən Prezident Heydər Əliyev münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, bir milyondan çox soydaşımızın doğma yurd-yuvasından zorla qovularaq, çadır şəhərciklərində çox ağır və dözülməz şəraitdə yaşadıqlarını bir daha xatırlatdı, münaqişənin sülh yolu ilə həllinin Azərbaycanın tərəfdarı olduğunu vurğuladı.
Münaqişənin aradan qaldırılması sahəsində Azərbaycan Prezidentinin səylərini yüksək qiymətləndirən Dövlət Baxçalı bildirdi ki, qardaş Türkiyə Azərbaycanın haqq işini bundan sonra da dəstəkləyəcəkdir.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin inkişafı, regiondakı vəziyyət və tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində ətraflı fikir mübadiləsi aparıldı.
X X X
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ, DÖVLƏT NAZİRİ MƏSUD YILMAZI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 27-də Ankarada onun üçün ayrılmış iqamətgahda - Camlı köşkdə Türkiyə baş nazirinin müavini, dövlət naziri Məsud Yılmazi qəbul etmişdir.
Dövlətimizin başçısını səmimi-qəlbdən salamlayan Məsud Yılmaz Azərbaycan Prezidenti Heydər Əliyev ilə hər bir görüşdən böyük şərəf duyduğunu söylədi.
Xalqlarımızın iradəsindən doğan və strateji tərəfdaşlıq xarakteri dayışan Türkiyə-Azərbaycan əməkdaşlığının daha da mövkəmləndirilməsində, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi regional layihələrin reallaşdırılmasında Azərbaycan Prezidenti Heydər Əliyevin xüsusi xidmətləri olduğnu vurğuladı.
Dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə möhkəm təməl üzərində qurulmuş əlaqələrin gündən-günə inkişaf etməsindən razı qaldığını söyləyən Prezident Heydər Əliyev əmin olduğunu bildirdi ki, Türkiyəyə bu işgüzar səfəri dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsi və dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Azərbaycan Prezidenti Türkiyədə keçirdiyi görüşləri, apardığı danışıqları yüksək dəyərləndirdi.
Görüşdə ölkəmiz üçün ən ağır problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsi də diqqət mərkəzində oldu.
Söhbət zamanı regionda vəziyyət, hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
X X X
Sonra baş nazirin müavini Məsud Yılmaz jurnalistlərə qısa müsahibə verdi.
SUAL: Görüş zamanı hansı məsələlər müzakirə olundu?
MƏSUD YILMAZ: Hörmətli Cümhur Başkanının ifadəsi ilə desək, biz bir millət iki dövlətik. Bütün məsələlərimiz ortaqdır. Dağlıq Qarabağ məsələsi eyni zamanda Türkiyənin məsələsidir. Hörmətli Cümhur Başkanı bu münaqişənin sülh yolu ilə həll olunması üçün önəmli danışıqlar aparır. Biz Dağlıq Qarabağ məsələsində bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanın yanındayıq, uzun zamandan bəri mərhumiyyət çəkən azərbaycanlı qaçqınlarımızın sülhə qovuşmaları üçün əlimizdən gələn hər cür köməyi göstərməyə hazırıq.
SUAL: Türkiyədə ermənilərlə gizli danışıqlar aparan bir çox təşkilatlar var. Bunun səbəbi, məqsədi nədir? Ermənistan-Türkiyə sərhəddində hər hansı ticarət əlaqəsinin qurulması mümkündürmü?
MƏSUD YILMAZ: Ermənistan çox yaxşı bilir ki, münaqişə həll edilmədən Türkiyə ilə əlaqələr qurmaq mümkün deyildir. Demokratik təşkilatlar burada beynəlxalq tədbirlər keçirə bilərlər. Amma bizim dövlət siyasətimiz bəllidir.
Mən Türkiyə böyük elçiliyi üçün ayırdığı sahəyə görə hörmətli Cümhur Başkanına öz adımdan təşəkkürümü bildirdim. İnşallah, orada çox modern bir binanın inşasına başlayacağıq.
SUAL: İqtisadi əlaqələr barədə müzakirələr apardınızmı və hansısa problemlər varmı?
MƏSUD YILMAZ: Mən Bakı-Tbilisi-Ceyhan layihəsinin bugünkü nöqtəyə gəlməsi ilə əlaqədar məmnuniyyətimizi və təşəkkürümüzü ifadə etdim. İnşallah, təbii qaz layihəsinin həyata keçirilməsinə başlayacağıq. Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələrin, xüsusilə enerji sahəsində əlaqələrin yaxın illərdə çox böyük uğur qazanmasını gözləyirik.
SUAL: Sizin parlamentin sədri Azərbaycanda olanda belə bir fikir söylədi ki, türk iş adamlarının sərmayələrinin Azərbaycana cəlb olunması üçün Türkiyə hökuməti proqram hazırlamalıdır. Bu proqram hazırlanırmı və orada nələr nəzərdə tutulur?
MƏSUD YILMAZ: Biz türk iş adamlarının Azərbaycana sərmayə qoyması üçün onları təşviq etməyə hazırıq. İndiyə qədər türk iş adamları Azərbaycanda bir çox layihələri həyata keçiriblər. Bunların içərisində uğurlu və uğursuz olanlar da var. Amma iki dövlətin iş birliyinin daha da uğurlu olmasına inanırıq.
X X X
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏNİN KEÇMİŞ PREZİDENTİ SÜLEYMAN DƏMİRƏL İLƏ GÖRÜŞÜ
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 27-də Ankarada onun üçün ayrılmış iqamətgahda - Camlı köşkdə Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.
Dövlətimizin başçısı özünün əziz dostu və qardaşını çox böyük hörmət və ehtiramla qarşıladı.
Əziz dostu və qardaşı, Azərbaycan Prezidenti ilə hər bir görüşdən çox böyük sevinc duyduğunu söyləyən cənab Süleyman Dəmirəl respublikamızın rəhbərini Türkiyədə bir daha salamlamaqdan məmnun qaldığını bildirdi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində görülən işləri böyük rəğbətlə izlədiyini vurğulayan cənab Süleyman Dəmirəl məhz Prezident Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin ildən-ilə daha da möhkəmlənməsindən çox məmnun qaldığını vurğuladı.
Görüşdə beynəlxalq aləmdə vəziyyət, Azərbaycan-Türkiyə əməkdaşlığının perspektivləri, Ermənisan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin həyata keçirilməsi sahəsində görülən işlər və ölkələrimizi maraqlandıran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.
X X X
Sonra Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl jurnalistlərə qısa müsahibə verdi.
SUAL: Siz Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
CAVAB: Dağlıq Qarabağ məsələsi Azərbaycana qarşı edilmiş çox böyük haqsızlıqdır. Bu, beynəlxalq hüquq, insanlıq baxımından ədalətsizlikdir. Bu məsələ sülh yolu ilə həll olunmalıdır və bu yol ilə də çözüləcək, ədalət bərpa olacaqdır. Bu sahədə məsləhətləşmələr davam edir.
SUAL: Bu məsləhətləşmələrdən sonra Türkiyə hansı təsiri edə biləcək?
CAVAB: Türkiyə Azərbaycanı heç vaxt savaşa təşviq etməz. Bunu hər kəs bilsin. Müharibənin faydası yoxdur. Türkiyə sülh səylərində hər zaman Azərbaycanla bərabərdir və bərabər olmağa da davam edəcəkdir.
SUAL: Sizin fikrinizcə, Dağlıq Qarabağ problemini 4-5 il ərzində həll etmək mümkün olacaqmı?
CAVAB: Siyasi hadisələrə vaxt vermək çətindir. Azərbaycan 10 ildən çoxdur ki, bu problemlə məşğuldur. Bunun 4-5 ili Azərbaycanda sabitliyin yaranması üçün gərək olubdur. Bu sabitlik hörmətli Heydər Əliyevin rəhbərliyi və siyasəti nəticəsində mümkün olmuşdur. Onun göstərdiyi yola inanmaq lıazımdır. O, sizə həqiqətən də doğru yol göstərir.
SUAL: Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri barədə nə deyə bilərsiniz?
CAVAB: Bakı-Tbilisi-Ceyhan boru xətti tam hazır olacaqdır və oraya Qazaxıstan nefti də qoşulacaqdır. Beləcə, həm Azərbaycan, həm də Orta Asiya nefti bu boru xətti ilə axacaqdır. İndi 30 milyon ton nəzərdə tutulub, amma bu 100 milyon tona çatacaqdır.
SUAL: Bir sıra qəzetlər yazırlar ki, Türkiyənin Azərbaycanda bir PKK qorxusu var. Belə bir qorxu varmı?
CAVAB: Xeyr, heç zaman belə bir qorxu yoxdur. Bunlar əhəmiyyətsiz şeylərdir.
X X X
X X X
Türkiyə Respublikasının baş naziri Bülənd Ecevit Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə səfəri zamanı səhhəti ilə əlaqədar onunla görüşə bilməməsindən təəssüfləndiyini bildirmişdir. Dövlətimizin başçısının səfərini yüksək qiymətləndirən cənab Bülənd Ecevit teleqram göndərmişdir. Teleqramda o, türk dünyasına göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə böyük hörmət və ehtiramını bildirmişdir.
Bülənd Ecevit Azərbaycan Prezidenti Heydər Əliyevə və nümayəndə heyətinin bütün üzvlərinə cansağlığı və uğurlar arzulamışdır.
Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinin baş naziri cənab Bülənd Ecevitlə telefonla danışmışdır. Respublikamızın rəhbəri Türkiyə hökuməti başçısının səhhəti ilə maraqlanmış, onun tezliklə sağalmasını arzulamışdır.
ESENBOĞA HAVA LİMANINDA YOLASALMA
Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 28-də Ankaranın Esenboğa hava limanına gəldi. Hava limanında respublikamızın rəhbərinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını hava limanının Şərəf salonunun qarşısında Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl, Ankara valisi Yəhya Gur, Türkiyə Böyük Millət Məclisinin deputatları və digər rəsmi şəxslər mehribanlıqla salamladılar. Prezident Heydər Əliyev onlarla səmimiyyətlə görüşərək razılığını bildirdi.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi, türk əsgərini salamladı.
Təyyarənin pilləkəni yanında Süleyman Dəmirəl, Yəhya Gur, millət vəkilləri və digər rəsmi şəxslər Azərbaycan Prezidenti Heydər Əliyev ilə səmimiyyətlə sağollaşdılar.
Azərbaycan Prezidentinin təyyarəsi Qars şəhərinə yola düşdü.
X X X
Türkiyənin 9-cu Prezidenti, ölkəmizin və xalqımızın böyük dostu Süleyman Dəmirəl Esenboğa hava limanında Azərbaycan jurnalistlərinə qısa müsahibə verdi.
Cənab Dəmirəl Ermənistan-Azərbaycan münaqişəsindən, son illərdə Azərbaycanın bütün sahələrdə inkişafından, qazandığı böyük nailiyyətlərdən, ölkələrimiz arasında səmərəli iqtisadi əlaqələrdən danışdı. Ermənistanın işğalçılıq siyasətini tənqid edən Süleyman Dəmirəl dedi ki, Türkiyə Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyəcək və bu, Türkiyənin dəyişməz siyasi xəttidir.
O, xüsusi vurğuladı ki, Azərbaycanda ictimai-siyasi sabitliyin yaranması, demokratik prinsiplərin bərqərar olması, iqtisadi sahədə tərəqqi bilavasitə Prezident Heydər Əliyevin xidmətidir. Cənab Süleyman Dəmirəl dost və qardaş ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnun qaldığını söylədi.
Aslan Aslanov,
Tural Rzayev,
Oqtay Aydınoğlu (foto)
AZƏRTAC-ın xüsusi müxbirləri,
Rafiq Bağırov (foto)
(Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə işgüzar səfəri barədə materialın davamı qəzetin növbəti nömrəsində dərc olunacaqdır.)