Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN İLƏ TÜRKİYƏ ARASINDA DOSTLUQ, QARDAŞLIQ, STRATEJİ TƏRƏFDAŞLIQ ƏLAQƏLƏRİ BUNDAN SONRA DA SÜRƏTLƏ İNKİŞAF EDƏCƏKDİR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ
QARS HAVA LİMANINDA QARŞILANMA

Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 28-də Türkiyənin Qars şəhərinə gəldi. Hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Prezident Heydər Əliyevi Qars valisi Nevzat Turhan, şəhər bələdiyyəsinin başqanı Naib Əlibəyoğlu və digər rəsmi şəxslər qarşıladılar. Hava limanına toplaşmış Qars sakinləri Azərbaycan Prezidentinə sevgi və məhəbbətlərini hərarətli alqışlarla izhar etdilər.

QARS ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEV ADINA PARKIN VƏ BULVARIN AÇILIŞI

Elə həmin gün Qars şəhərində Heydər Əliyev adına parkın açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə iştirak edirdi.

Qarsın füsünkar bir yerində salınmış bu istirahət guşəsinə toplaşanlar Azərbaycan rəhbərini hərarətli alqışlarla qarşıladılar.

Təntənəli açılış mərasiminin iştirakçıları əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Hər iki ölkənin dövlət himnləri səsləndi.

Mərasimi Qars bələdiyyəsinin başqanı Naib Əlibəyoğlu açdı.

QARS BƏLƏDİYYƏSİNİN BAŞQANI NAİB ƏLİBƏYOĞLUNUN ÇIXIŞI

- Hörmətli Cümhur başqanım!

Hörmətli vali!

Əziz qonaqlar!

Sevimli həmyerlilərim!

Hamınızı ehtiramla salamlayıram.

Hörmətli Cümhur başqanım, Sizə yenidən “Xoş gəlmisiniz!” deyirəm. Sizi Qarsda görməkdən böyük sevinc və məmnunluq duyduğumuzu ifadə edir, bu çox gözəl və tarixi günün həyəcanı içərisində təşəkkürlərimi bildirirəm. Sizin gəlişinizin yüz illər boyu ən çətin günlərdə sınaqlardan çıxmış qardaşlığımızı, Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz dostluğunu daha da möhkəmləndirəcəyinə, hər iki ölkənin yaxın təmas nöqtəsi olan Qarsla ticarət və mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyinə inamımızı bildirirəm.

Hörmətli Cümhur başqanım, Sizin buraya səfərinizlə əlaqədar Qarsda könlümüzdən keçən, Sizə layiq hazırlıq görməyə vaxt tapa bilmədik. Amma Sizin adınızın verildiyi parkın və bulvarın bir azdan açılışı bizim üçün ən böyük şərəf olacaqdır.

Gərgin əmək sərf edərək, buradakı abidənin qısa vaxtda hazırlanmasına səy göstərmiş heykəltəraş Şərif Şərifova və onun iş yoldaşlarına Sizin hüzurunuzda təşəkkür etmək istəyirəm.

Hörmətli Cümhur başqanım!

Bölgəmiz üçün son dərəcə önəm daşıyan və ilk dəfə 9-cu Cümhur başqanı hörmətli Süleyman Dəmirəl tərəfindən irəli sürülən Qafqazda Sabitlik Paktı 2000-ci il iyunun 28-30-da Qarsda keçirilmiş qurultayda müzakirə olundu və onun reallaşdırılmasının əhəmiyyəti vurğulandı.

Qardaş Azərbaycan dövlətinin, Sizin mühüm təşəbbüslərinizdən xəbərdarıq. Dövlətiniz tərəfindən nəzərdə tutulan tədbirlərin reallaşması üçün çox iş görürsünüz.

Bildiyiniz kimi, Qars Anadolunun Qafqaza və Orta Asiyaya açılan pəncərəsidir. Həm tarixdəki yeri, həm də indiki mövqeyi ilə işgüzar bir mərkəzdir. Qafqazda sabitlik yaratmaq üçün keçiriləcək hər hansı bir tədbirin də ev sahibliyini öz üzərimizə götürməyə hazırıq. Şübhəsiz ki, bizim rolumuz ev sahibi olmaqla məhdudlaşmayacaqdır. Qars bir sıra iqtisadi, siyasi tədbirlərin keçirilməsindən ötrü də ev sahibliyi edə bilər.

Hörmətli Cümhur başqanım!

Azərbaycan mədəniyyətinin hər bir sahəsinin bölgəmizdə önəmli yeri var. Sənəti iki qardaş ölkənin xalqlarını daha da yaxınlaşdıran bir vasitə kimi görür, Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zərurət olduğuna inanıram. Bu mənada rəssamlıq, heykəltəraşlıq, teatr kimi sənət sahələrində, musiqi və folklorla bağlı sistemli, səmərəli əməkdaşlıq edə bilərik.

Hörmətli Cümhur başqanım!

Qars artıq ölkə miqyasında tanınan, seçilən bir şəhər olmuşdur. Bizim hesablamalarımıza görə, əslən Qarsdan olan 1 milyondan çox soydaşımız ölkənin başqa bölgələrində yaşayır. Onların çoxları ticarətdə və sənayenin müxtəlif sahələrində ad-san qazanmışlar. Bəzilərinin həm Qarsda, həm də Azərbaycanda mühüm iş sahələri vardır. Yaxın gələcəkdə onların potensialının daha da artacağına inanırıq. İnanırıq ki, bu potensial getdikcə artacaq və Qarsda Azərbaycanın konsulluğunun açılmasına zərurət yaranmışdır.

Hörmətli Cümhur başqanım!

Bu bölgədən Azərbaycana getmək istəyənlərin sayı artır. Bundan əlavə, İstanbuldan, Ankaradan olan vətəndaşlarımızın Qars vasitəsilə Azərbaycana getmələri daha rahat və asan olar. Qarsdan keçməklə həftədə iki dəfə İstanbuldan Bakıya təyyarələrin uçmasını arzu edirik.

Hörmətli Cümhur başqanım!

Qarsa gəldiyinizə görə Sizə bir daha təşəkkürümüzü bildiririk. Gəncə və Qarsın, Türkiyə və Azərbaycanın qardaşlığının sonsuzluğa qədər davam etməsini diləyir, Sizə bir daha hörmət və ehtiramımı bildirirəm. Xoş gəlmisiniz!

QARS VALİSİ NEVZAT TURHANIN ÇIXIŞI

- Kökləri, tarixi, mədəniyyəti, dini və dili bizimlə bir olan, tarixinə layiq bir gələcək yaratmaq istəyən qonşu və qardaş Azərbaycan Cümhuriyyətinin möhtərəm Cümhur başqanı, hörmətli cənab Heydər Əliyev!

Qarsa ziyarətinizlə bizi şərəfləndirməyinizdən qürur və məmnuniyyət duyur, dövlətim adından və öz adımdan Sizi bir daha salamlayır və qarslılar adından Sizə “Xoş gəldiniz!” deyirəm.

1991-ci li oktyabrın 18-də Azərbaycan parlamenti dövlət müstəqillik haqqında akt qəbul etdikdən dərhal sonra, noyabrın 9-da Türkiyə Azərbaycanın suverenliyini tanıyan ilk dövlət oldu. Əlaqələrimiz bu gün ən yüksək səviyyəyə qalxmışdır və belə də davam etməkdədir. Biz gələcəyə inamla baxırıq.

Bu gün Azərbaycanın Cümhur başqanı hörmətli cənab Heydər Əliyevin çox səmimi şəkildə gerçəkləşdirdiyi Qars ziyarəti bunun ən önəmli nişanəsi kimi tarixin səhifələrinə daxil olacaqdır.

İki ölkə arasında bərabərlik və bir-birinin daxili işlərinə qarışmamaq şəraitində genişlənməkdə olan əməkdaşlıq, hər sahədə qarşılıqlı yardım, dövlətlərarası əlaqələrdə həmrəylik, birgə fəaliyyət anlayışı, dünya dövlətləri arasında və beynəlxalq təşkilatlarda ölkənizin layiq olduğu yeri tutması sona qədər davam edəcəkdir.

Gənc bir cümhuriyyət olan Azərbaycanın çoxpartiyalı demokratik seçkiləri gercəkləşdirərək, dünyəvi ölkə olaraq qəbul etdiyi yeni Konstitusiya ilə qısa müddətlə keçdiyi yol və əldə etdiyi uğurlar təkcə türk dünyasına deyil, Qafqazdakı digər ölkələrə də örnək və nümunədir.

Azərbaycanın müasir mədəniyyət səviyyəsinə qalxması, hörmətli Heydər Əliyevin yüksək şəxsiyyəti və liderliyi ilə ölkəmizlə qurduğu sıx əlaqələr, 9-cu Cümhur başqanımız hörmətli Süleyman Dəmirəllə, Cümhur başqanımız hörmətli Əhməd Necdət Sezər ilə dostluğu iki dövlət, bir millətin, qardaş ölkələrimizin xalqlarının bir-birinə yaxınlığının ən önəmli təzahürüdür. Tarixin səhifələrinə nəzər yetirsək, türk-azəri qardaşlığının sərhəd ilimiz Qarsda ən üstün şəkildə təzahür etməsini asanlıqla anlaya bilərik.

1918-1920-ci illərdə rus və erməni işğallarından sonra yeni Türkiyənin ilk hərbi zərbəsi Qarsın qurtuluşu ilə yaşanmışdır.

Möhtərəm Cümhur başqanım! Türkiyə-Azərbaycan birliyinin ən önəmli nişanəsi Qarsın yaşadığı ortaq keçmişimizdir. Bunun bir rəmzi olaraq, möhtərəm zati-aliləri ilə Cümhur başqanımız Əhməd Necdət Sezərin himayəsi ilə Azərbaycanın Gəncə şəhəri ilə Qarsın qardaşlaşması barədə 2001-ci il martın 12-də, onun ardınca iyunun 21-də protokollar imzalanmışdır. Bu şəhərlər arasında iqtisadiyyat, ticarət, turizm sektorlarında qarşılıqlı möhkəm əlaqələr yaradılması, hər iki şəhərin gənclərinin mədəniyyət və idman sahəsində əməkdaşlığının əsasının qoyulması, Qarsda və Gəncədə konsulluqlar açılması, Bakı-Gəncə-Qars-Ankara-İstanbul reysi ilə təyyarələrin uçuşunun gələcəkdə reallaşması daha gözəl gələcəyimizi qurmaq yolunda işbirliyimizin ən parlaq təzahürlərindən olacaqdır.

70 illik fasilədən sonra müstəqilliyinə qovuşan Qafqaz və Orta Asiya cümhuriyyətləri üçün Türkiyə Qərbə açılan körpü rolunu necə yerinə yetirirsə, Azərbaycan da Orta Asiyaya açılan belə körpüdür. Bu mənada iki ölkənin strateji işbirliyi həm Orta Asiyanın, həm də Qafqazın gələcəyi və sabitliyi üçün, bu bölgələrin türkdilli cümhuriyyətlərinin Qərbə açılması, dünya iqtisadiyyatı ilə inteqrasiyası üçün reallıqdır. Buna əsaslanaraq bütün sahələrdə - iqtisadiyyatdan tutmuş təhsilə qədər, rabitədən turizmə qədər bir çox sahədə əldə edilən razılaşmalar bu əlaqələrin təməlini qoymuşdur. Xüsusilə, qarşılıqlı yardımın davam etdirilməsi fikrinin hakim olduğu indiki dövrdə ən çox ehtiyac duyduğumuz enerji sahəsində əməkdaşlıq, bu işbirliyinin konkret nəticəsidir.

Qafqaz və Orta Asiya ölkələri arasında geniş əməkdaşlığın yaranması, inkişaf etməsi, müstəqilliyini əldə edən Azərbaycanın və digər qardaş cümhuriyyətlərinin suverenliyinin siyasi və iqtisadi baxımdan gücləndirilməsi, bu cümhuriyyətlərin Avropa ilə bütünləşməsi ölkəmizin ən önəmli vəzifəsidir.

Bu ölkələrin iqtisadi mənbələrinin, xüsusilə də enerji ehtiyatlarının ən səmərəli şəkildə istifadə olunaraq Qərb bazarına çıxarılmasında Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru xətlərinin çəkilməsi enerji layihələrinin bel sütünudur. Enerji resurslarının Qərbə daşınması məqsədi ilə Şərq-Qərb enerji dəhlizi layihəsi həyata keçirilir. Qafqazda enerji sahəsində başlayan əməkdaşlıq Orta Asiyanı da əhatə edir. Bu layihənin ən önəmli tərəfdaşlarından olan Azərbaycan ilə Türkiyə arasındakı yaxın əlaqələr bölgəmizdə sabitliyə təminat verəcəkdir.

Hörmətli Cümhur başqanım!

Möhtərəm qonaqlarımız!

Səfərinizin şərəfini və məmnunluğunu yaşayarkən, bu park və bulvarı qarslıların Sizə hörmət və ehtiramının ifadəsi kimi, Qars camaatının Sizə olan sevgi və ehtiramı kimi qəbul etməyinizi arzulayırıq.

Sizi bir daha hörmətlə salamlayır, etiramımızı bildiririk.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə geniş nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Əziz bacılar, qardaşlar!

Əziz qarslılar!

Hörmətli xanımlar və cənablar!

Mən bir neçə gündür ki, Türkiyə Cümhuriyyətində ziyarətdəyəm. İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının onuncu ildönümünü qeyd etdik. Orada həmin ölkələrin başqanları, heyətləri ilə qarşıda duran vəzifələri müəyyən etdik. Ancaq sonra mən Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz dostum Əhməd Necdət Sezərin dəvəti ilə Ankaraya işgüzar səfərə gəldim və orada,- ola bilər sizə televiziyadan, yaxud radiodan məlumdur, bir çox işlər gördük. Türkiyənin hörmətli Cümhur başqani ilə çox səmərəli, çox əhəmiyyətli danışıqlar apardıq, digər dövlət və hökumət başçıları ilə danışıqlarımız oldu. Mən bu görüşlərimdən və Ankarada gördüyümüz işlərdən çox məmnun olduğumu bildirmək istəyirəm. Ancaq mən də və Türkiyə tərəfi də belə məsləhət bildik ki, bu ziyarət proqramında mən Qarsı da ziyarət edim. Çünki Qars Türkiyənin çox gözəl bir guşəsidir. Eyni zamanda, müasir dünyada yaranmış vəziyyətə görə Qars böyük strateji əhəmiyyət daşıyır.

Ancaq mənim Qarsa gəlmək istəyim, arzum yalnız bundan ibarət deyildir. Qars bizim üçün, azərbaycanlılar üçün tarixən çox məşhur və çox doğma, çox əziz bir diyar olubdur. Uzun illər Sovet hakimiyyəti hökm sürdüyünə görə, Azərbaycan xalqı qardaş türk xalqı ilə tarixi köklərindən gələn əlaqələrini istədiyi kimi qurub inkişaf etdirə bilməmişdir.

Biz bir kökdən olan xalqlarıq, millətlərik, türk millətləriyik, türk xalqlarıyıq. Türk dünyasının tarixi o qədər qədim, o qədər zəngindir ki, əsrlər keçdikcə türk kökündən bir çox xalqlar yaranmışdır - Osmanlı türkləri, Orta Asiyada yaşayan özbəklər, qazaxlar, türkmənlər, qırğızlar, tatarlar, azərbaycanlılar və digərləri. Bizim hamımızın bir kökümüz, bir dilimiz, bir dinimiz var. Çox qədim, müştərək adət-ənənələrimiz, mənəvi dəyərlərimiz var.

Bizim xalqlarımızın böyük şəxsiyyətləri, alimləri, yazarları bugünkü nəsil üçün gözəl irs qoyub gediblər. Onlar bizim xalqlarımızın çoxəsrlik tarixini yazıblar, yaradıblar.

Dədə-Qorqud deyəndə, türk dünyasına mənsub olan hər bir xalq deyir ki, bu, mənimdir. Türkiyədə ona Ata Qorqud deyirlər, Azərbaycanda Dədə Qorqud deyirik. Bəli, bizim hamımız o kökdənik. Təsadüfi deyildir ki, biz iki-üç il bundan öncə böyük Dədə Qorqudun Azərbaycan dilində yazdığı dastanların 1300 illik tarixini bir yerdə, türkdilli ölkələrin Cümhur başqanları, digər nümayəndələr ilə birlikdə Bakıda bayram etdik. Belə faktlar çoxdur. Bunları siz də bilirsiniz, bizim xalqlarımızın hamısı da yaxşı bilir.

Yenə də bildirmək istəyirəm ki, azərbaycanlılar üçün Qarsın xüsusi yeri var. Çünki, birincisi, coğrafi nöqteyi-nəzərdən biz bir-birimizə yaxınıq. İkincisi də, keçmişdə bizim aramızda sərhəd olmayıb və biz daim bir-birimizlə əlaqədə olmuşuq. Ancaq eyni zamanda Qars da, türk xalqı da, Azərbaycan xalqı da son əsrlərdə çox böyük sınaqlardan keçiblər, çox böyük məhrumiyyətlərə məruz qalıblar. Öz torpaqlarını qoruyub saxlamaq üçün savaşa qalxıblar, döyüşüblər, vuruşublar, şəhidlər veriblər. Ancaq zaman-zaman torpaqlarının bəzilərini itirməsinə baxmayaraq, son olaraq, yenə də özlərinin torpaqlarında, özlərinin doğma yerlərində yaşamaq haqqını qəhrəmanlıq, rəşadət və cəsarət nümunələri ilə qazanıblar.

Qarsın tarixi məlumdur. Əgər XIX əsri götürsək, Qars bir neçə dəfə əldən-ələ keçibdir. 1877-1878-ci illərdə Rusiya-Türkiyə savaşında Qarsı və bu bölgəni ruslar ələ keçiriblər. Rusiya burada hakim olubdur. Tarixdən bilirsiniz, türklərin başına hansı bəlalar gəlibdir. Burada olan türkləri yerlərindən didərgin salıblar, çıxarıblar, qırıblar, kəndləri yandırıblar. Bura erməniləri, yunanları, digər millətlərdən olan insanları köçürüblər.

 

Buranı türk xalqının əlindən almağa çalışıblar. Təəssüflər olsun ki, o vaxt Rusiya imperatorluğunun Türkiyəyə qarşı olan bu təcavüzkar münasibəti Qarsın bir neçə il onların əlində qalmasına səbəb olubdur. Ancaq türk xalqı bununla razılaşa bilməyibdir.

Məlumdur ki, 1918-ci ildə böyük öndər Mustafa Kamal Atatürkün əmri ilə Türkiyənin böyük sərkərdəsi Kazım Qarabəkir Paşa və onun başçılıq etdiyi qoşunlar rus ordusunun hissələrini buradan çıxarıb, Qarsı azad edib və hər il oktyabr ayının, səhv etmirəmsə, 30-u Qarsın Qurtuluş günüdür. Elədirmi? O gündən Türkiyə Cümhuriyyəti böyük Atatürkün başçılığı ilə öz torpaqlarının sahibi olub və türklərin tarixi məkanı olan Qars bütün faciələrdən keçərək, yenə də onların məkanı olubdur.

Siz tarixi yaxşı bilirsiniz. Bu torpaq türk torpağıdır. Əgər tarixin hansısa anlarında hansısa güclü dövlətlər müəyyən səbəblərdən bu torpaqda hakim olubsa, bu haqsızlığa Allah da razı olmayıbdır. Amma, əsas odur ki, türk əsgəri, türk xalqı heç vaxt öz torpağının başqalarının tapdağı altında qalmasına razı olmayıbdır.

Onu da qeyd etmək istəyirəm ki, Kazım Qarabəkir Paşa təkcə Qarsın xilaskarı deyildir. O, eyin zamanda həmin illər öz qoşunları ilə Naxçıvana gəldi. Ermənilər Naxçıvanda azərbaycanlıları qırırdılar və o vaxtkı türk ordusunun hissələri Kazım Qarabəkir Paşanın başçılığı ilə Naxçıvana gəldilər. Naxçıvanlılara, azərbaycanlılara, türklərə qardaş yardımını göstərdilər və orada erməniləri darmadağın etdilər. Bunu da heç kəs unutmur.

Türkiyə Naxçıvanda bir məscid tikibdir, onun adı Kazım Qarabəkir Paşa məscididir. Hörmətli vali mənə xatırladırdı ki, 1999-cu ildə üç-dörd gün idi ki, burada vali vəzifəsinə yenicə başlamışdı, onda Naxçıvana gələrək, bizim keçirdiyimiz həmin mərasimdə iştirak etmişdir.

Xatirinizdədir, o vaxt biz Kazım Qarabəkir Paşanın qızını, İstanbul Universitetinin professorunu dəvət etmişdik. O da orada bizimlə bərabər idi. Yəni xalq, Azərbaycan xalqı heç bir şeyi unutmur və unutmayacaqdır.

Burada siz Ermənistanla sərhəddəsiniz. Ermənilər daim iddia edirlər ki, bu torpaqların, bəlkə də, hamısı onlarınkıdır. Ağılsız adamlardır... Ancaq təəssüflər olsun ki, belə fikirlər olur, yaşayır. Ermənilər indi yenə də Türkiyəyə torpaq iddiası ilə qalxıblar. Guya türklər ermənilərə qarşı vaxtı ilə “soyqırımı” ediblər, erməniləri qırıblar. Tamamilə yalandır. Burada, Qarsın bu torpağının altında indi də qazıb tapa bilərsiniz, nə qədər günahsız türklər ermənilər tərəfindən öldürülübdür, yandırılıbdır. Tarix, faktlar göstərir ki, ermənilər südəmər uşaqları tüfənglərin süngüsünə keçirib öldürürdülər. Qadınları soyundurub qovurdular, sonra öldürürdülər. Bizim türk xalqımıza qarşı belə faciələr törədirdilər... İndi də burada torpaq iddiası edirlər. Onlar heç vaxt buna nail ola bilməzlər. Türkiyənin torpaqları Türkiyənindir.

Türkiyə güclü bir dövlətdir. Türkiyənin güclü ordusu, qəhrəman ordusu var. Mən Türkiyənin dostu, qardaşı kimi bilirəm ki, əgər kim indi Türkiyə torpağına bir addım atarsa, onun cavabını elə verəcəklər ki, o da, onun ata-babası da bunu heç vaxt unutmayacaqdır.

Mən demirəm ki, millətlər bir-birinə daim düşmən olmalıdır. Yox. Ancaq belə faciələri də unutmaq olmaz. Yadımdadır, iki-üç il bundan öncə biz Azərbaycanda eşitmişdik ki, burada - Qarsda bəziləri deyirlər ki, sərhədləri açın, ermənilərlə ticarət edək. Mənim dostum, Türkiyənin 9-cü Cumhur başqanı Süleyman Dəmirəl buraya gəlmişdi, qayıtdıqdan sonra mənə telefon etdi. Bildirdi ki, orada bəzi adamlar mənə belə sözlər dedilər, mən isə dedim ki, üç-beş quruşdan ötrü biz millətimizin mənafeyini heç kəsə təslim edə bilmərik. Bu müdrik sözlər, hesab edirəm ki, hər birimiz üçün, o cümlədən, Qarsda yaşayan vətəndaşlar üçün də, bizim üçün də həmişə örnək olmalıdır. Biz bunu heç vaxt unutmamalıyıq.

Onu da bilirsiniz ki, ermənilər Azərbaycana qarşı torpaq iddiası ilə hələ 1988-ci ildə qalxdılar. Azərbaycanın qədim torpağı Dağlıq Qarabağı ələ keçirmək məqsədi ilə onlar hərbi təcavüzə başladılar. Bu hələ Sovet hökuməti dövründə idi. Amma təəssüflər olsun ki, o vaxt Sovet hökumətinin Moskvada oturan başçıları ermənilərə daha da çox dəstək verdilər və onların qarşısını almadılar. Azərbaycanda isə bəzi səbəblərdən ölkənin daxilində sabitlik olmadığına görə, ayrı-ayrı siyasi qüvvələrin hakimiyyət uğrunda çəkişmələrinə görə Azərbaycanın qəhrəman oğulları öz torpaqlarının müdafiəsi üçün tam səfərbər edilə bilmədi. Bunun nəticəsində ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər.

Dağlıq Qarabağ kiçik bir yerdir. Oranın ərazisi cəmi dörd min kvadrat kilometrdir. Orada keçmişdən ermənilər də, azərbaycanlılar da yaşayıblar. Amma son vaxtlarda orada ermənilər daha çox olub, azərbaycanlılar az. Əhalisinin sayı 150-160 min nəfər idi, yəni böyük bir yer deyildir. Amma ermənilər oranı Azərbaycandan qoparıb Ermənistanla birləşdirmək istədilər. Müharibə başlandı. Müharibədə bəzi səbəblərdən, Azərbaycanın torpaqlarının nəinki Dağlıq Qarabağ bölgəsi, həm də onun ətrafında olan ən gözəl Qarabağ torpaqları ermənilər tərəfindən işğal olundu və indiyədək işğal altındadır. İşğal olunmuş torpaqlarından bir milyon azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən zorla çıxarıldı. Onlar artıq on ilə yaxındır ki, çadırlarda yaşayırlar. Çünki Azərbaycanda onlar üçün yeni evlər tikmək, şərait yaratmaq mümkün deyildir. İkincisi də, onlar öz torpaqlarına, öz elinə, öz obasına dönməlidirlər. Biz belə ağır bir durumdayıq.

1994-cü ilə qədər müharibə davam edirdi. 1994-cü ildə biz, Ermənistanla Azərbaycan atəşkəs elan etdik. O vaxtdan müharibə yoxdur. Atəş yoxdur, döyüşlər yoxdur, şəhidlər yoxdur. Ancaq eyni zamanda, torpaqlarımız da işğal altındadır. Bir milyon azərbaycanlı indiyə qədər çadırlarda yaşayır.

Bu, beynəlxalq hüquq normalarına ziddir. Birləşmiş Millətlər Təşkilatının bir neçə qətnaməsi vardır ki, Ermənistan silahlı qüvvələri gərək Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxsın. ATƏT-in qərarları var. Başqa dövlətlərin bu barədə qərarları var. Ancaq ermənilər bütün bunlara məhəl qoymur, bunları yerinə yetirmirlər. Dünyada çox güclü olan erməni lobbisi- Amerika Birləşmiş Ştatlarında, Avropada - Fransada və digər ölkələrdə olan erməni lobbisi kiçik Ermənistanı müdafiə edir.

Biz o ildən, yəni 1994-cü ildən məsələni sülh yolu ilə həll etmək istəyirik. Danışıqlar aparırıq, beynəlxalq təşkilatlarda danışıqlar aparırıq. Böyük dövlətlər- Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa bu işə başçılıq edir. Biz bu məsələlərin çözülməsində Türkiyə Cümhuriyyəti ilə daim bir yerdəyik, məsləhətləşirik. İndi mən Ankarada olarkən yenə də çox böyük məsələhətləşmələr apardım. Çünki biz yenidən müharibə etmək istəmirik. Doğrudur, bizim xalqımızın içərisində müharibəni başlayıb, nəyin bahasına olursa-olsun, nə qədər şəhidlər verməli olsaq da, torpaqlarımızı azad etmək fikirləri də çoxdur. Ancaq Cümhur başqanı kimi mən düşünürəm ki, müharibə etmək indi düzgün yol deyildir. Biz məsələni sülh yolu ilə həll etməliyik. Onun üçün də Ermənistanı məcbur etməliyik ki, Azərbaycan torpaqlarından çəkilsin.

Ermənistan kiçik bir ərazidədir. İqtisadiyyatı çox ağır vəziyyətdədir. Ermənistanın əhalisi hər ay oranı tərk edib dünyanın bir çox ölkələrinə - Amerikaya, Avropaya, Rusiyaya gedir. İndi Ermənistanda heç iki milyon adam yoxdur. Keçmişdə dörd milyon əhalisi vardı. İqtisadiyyatı çox zəifdir. Ona görə də mən hesab edirəm ki, Ermənistan bu iqtisadi çətinliklər içərisində boğularaq, mütləq məsələnin sülh yolu ilə həll olunmasına razılıq verəcəkdir. Biz Azərbaycan torpaqlarını döyüşsüz, savaşsız, müharibəsiz, sülh yolu ilə azad edəcəyik. Burada Türkiyə bizim arxamızdadır, bizimlə bərabərdir. Türkiyə Ermənistanın qarşısında məsələni belə qoyubdur: Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayana qədər, Azərbaycan torpaqları azad edilməyənə qədər Türkiyə Ermənistanla sərhədlərini açmayacaq və onunla heç bir iqtisadi, siyasi əlaqəsi olmayacaqdır. Türkiyənin bu siyasəti Ermənistana böyük bir təzyiqdir. Çünki əgər Ermənistan doğru yola gəlsə, işğal edilmiş Azərbaycan torpaqlarından çıxsa, onda Türkiyə ilə Azərbaycan birlikdə məsləhətləşməklə, Türkiyənin Ermənistanla sərhədləri müəyyən mənada açılsa, onda, əlbəttə ki, Ermənistan dünyaya çıxışı olacaq, iqtisadiyyatı inkişaf edəcəkdir. Ancaq indi Türkiyə Azərbaycanla bərabərdir. Türkiyənin Cumhur başqanı bunu dünən də bəyan edibdir və Türkiyə dövlətinin digər başçıları da bildiriblər ki, ermənilər Azərbaycan torpaqlarını azad etməyincə, Türkiyə ilə Ermənistan arasında heç bir əlaqə ola bilməz, sərhədlər qapalı olaraq qalacaqdır.

Biz buna inanırıq. Çünki bu bizim üçün çox böyük dəstəkdir, çox böyük yardımdır. Güman edirəm ki, Türkiyə və Azərbaycan bu məsələni birlikdə həll edəcəkdir.

Mən Qarsa ilk dəfə on il bundan öncə, 1992-ci ilin fevral ayında gəlmişəm. Onda mən Naxçıvanda yaşayırdım. O vaxt Azərbaycanda durum çox ağır idi. Naxçıvan blokadada idi, indi də blokadadadır. Amma o vaxt orada yaşayış çox pis idi. O zaman mənim köhnə dostum Süleyman Dəmirəllə, mən onunla hələ 1968-ci ildən, ilk dəfə Türkiyənin baş bakanı seçilən zaman Bakıya gəldiyi vaxtdan tanış idim, - telefon əlaqələrim var idi. O, Azərbaycana, Naxçıvana yardım edirdi. O, məni dəvət etdi. Qarsın valisi məni Naxçıvanla sərhəddə qarşıladı, avtomobillə Qarsa gəldim. Buradan Süleyman Dəmirəlin təyyarəsi ilə Ankaraya getdim. Onda Qarsı gördüm. Geriyə dönəndə yenə də Qarsdan keçdim.

Sonra, 1993-cü ildə İğdırın ildönümü ilə əlaqədar orada mərasim vardı. Hörmətli Süleyman Dəmirəl oraya gəlmişdi. Mən də Naxçıvandan gəlmişdim. Orada bərabər olduq. Sonra birlikdə buraya gəldik. Xatirimdədir, burada böyük bir toplantı vardı. Baş bakan Süleyman Dəmirəl böyük nitq söylədi. Onda siz burada şəkər fabrikasının, sement fabrikasının tikilməsi haqqında sözlər deyirdiniz. Dünən mən dostum Süleyman Dəmirəldən soruşdum ki, indi şəkər fabrikası varmı? Dedi ki, var. Sement fabrikası varmı? Dedi var. Amma nə var, nə yox - onu mən bilmirəm. Gözlərim onu görür ki, bu illər ərzində Qars çox dəyişilib, çox inkişaf edibrdir. Burada böyük, gözəl binalar, küçələr, gözəl yerlər görürəm. Qars inkişaf edir və etməlidir. Çünki Qars Türkiyənin, təkcə Türkiyənin yox, Azərbaycanın da bu nöqtədə ən önəmli bir şəhəridir, yeridir.

Bilirəm ki, 1918-1920-ci illərdə, Azərbaycanda sovet hakimiyyəti qurulan zaman azərbaycanlıların bir qismi sovet hökumətindən qorxub qaçaraq Türkiyəyə gəlmişdilər. Onların bir çoxu Qarsda yerləşmişdi. Borcalı mahalından, İrəvan tərəfdən, Qarabağdan, Gəncədən və başqa yerlərdən... Mən çox vaxt Qarsdan olan adamlarla görüşürəm. Mənə söyləyirlər ki, babaları Qarabağdandır, Gəncədəndir, İrəvandandır, Borçalıdandır. Bunları mən bilirəm. Bilirəm ki, burada - Qarsda azəri köklü insanlar az deyil, çoxdur. Biz hamımız türkük. Amma mən nitqimin əvvəlində də dedim ki, zaman, tarix, yüz illər bizim bəzilərimizin adını dəyişdirib, bir cür qoyubdur. Biz azərbaycanlıyıq, buradakılar türklərdir, - Gürcüstanda Axıska türkləri var, onları da o vaxt sürgün etdilər. Orta Asiyada özbəklər, qazaxlar var. Mən belə başa düşürəm ki, indi burada da Azərbaycandan gəlmiş adamlar var. Ləhcəmiz də bir-birinə yaxındır. Mənə deyirlər ki, Qars ləhcəsi, Azərbaycan ləhcəsinə daha yaxındır. Bilmirəm doğrudur, yoxsa yox? Hər halda, mən tam Azərbaycan ləhcəsində danışıram və güman edirəm ki, dediyim sözlərin hamısını siz anlayırsınız. Yəni, bunun üçün o qədər də böyük çətinlik yoxdur. Çünki bizim hamımız birik, hamımız bir millətik. Mən demişəm: “Biz - Türkiyə ilə Azərbaycan, bir millət, iki dövlətik”.

Bir məsələni də sizə deyim, hörmətli vali də danışdı. Bilirsiniz ki, biz 1994-cü ildən böyük layihələr üzərində işləyirik və Azərbaycan neftini dünya bazarına çaxarmağa çalışırıq. Bunun yolları çoxdur. Amma biz bunu Türkiyədən çıxarmaq haqqında, Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilməsi barədə qərar qəbul etdik. 1994-cü ildə bu qərarı qəbul edərkən buna inanmırdılar, bunu xəyal hesab edirdilər. Cünki bəzi dövlətlər bunu istəmirdi. Azərbaycan neftinin - Xəzər dənizindən çıxarılan neftin digər istiqamətlərdən getməsini istəyirdilər. Ancaq biz öz qərarımızda sona qədər durduq, bu layihəni hazırladıq. Bakı-Tbilisi-Ceyhan layihəsi hazırdır və biz inşaata başlayırıq. 2005-ci ildə inşaat qurtaracaq, Azərbaycan nefti Xəzər dənizindən 2000 kilometr uzunluğunda olan boru xətti ilə Aralıq dənizində Türkiyənin Ceyhan limanında tankerlərə doldurulacaqdır. Bu boru da buradan, sizin yanınızdan keçəcəkdir. Güman edirəm ki, bunun sizə də faydası çox olacaqdır.

Biz bir qaz kəməri də çəkirik. Azərbaycanda böyük qaz yataqları var. İlkin olaraq qərara aldıq ki, həmin qazı Bakıdan Ərzuruma gətirək. O işə də başlamışıq. O da 2004-cü ildə bitəcəkdir. Ərzuruma gedən boru xətti də buradan keçəcəkdir və siz təbii qaz alacaqsınız. Bunların hamısı Türkiyə ilə Azərbaycanı elə tellərlə bir-birinə bağlayır ki, bundan sonra yüz il də, min il də bizi heç kəs, heç vaxt ayıra bilməyəcəkdir.

Mən sizə təşəkkür edirəm ki, siz burada mənim adıma bir park və bulvar yaratmısınız. Çox sağ olun, mən bundan çox məmnunam. Əgər siz mənim şəxsiyyətimə, mənim fəaliyyətimə, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etməsində xidmətlərimə belə qiymət verirsinizsə, mən sizə təşəkkürümü və minnətdarlığınımı bildirirəm. Sağ olun, hamınıza cansağlığı arzu edirəm.

Burada - Qarsda Azərbaycan konsulluğu yaranacaqdır. Cümhur başqanı Əhməd Necdət Sezərlə mən bu barədə danışdım və onun da razılığını aldım. Sağ olun.

\Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı\.

X X X

Dövlətimizin başçısı Heydər Əliyev və Qars şəhərinin valisi Nevzat Turhan parkın girəcəyində xatirə şəkli çəkdirdilər.

Prezident Heydər Əliyev parkın açılışını bildirən qırmızı lenti kəsdi.

Heydər Əliyev parkında həmyerlimiz, heykəltəraş Əşrəf Əşrəfovun hazırladığı “Leyli və Məcnun” abidəsi qoyulmuşdur. Dövlətimizin rəhbəri həmin abidənin açılışını bildirən örtüyü də götürdü.

Daha sonra Azərbaycan Prezidenti və mərasim iştirakçıları parkın yanındakl prospektə - Heydər Əliyev bulvarına gəldilər. Prezident Heydər Əliyev onun açılışını bildirən qırmızı lenti kəsdi.

X X X

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ QAFQAZ UNİVERSİTETİNİN FƏXRİ DOKTORU DİPLOMUNUN TƏQDİM EDİLMƏSİ MƏRASİMİ

Azərbaycan Prezidenti Heydər Əliyev parkın və bulvarın açılış mərasimindən sonra Qars şəhərindəki Qafqaz Universitetinə gəldi. Universitetin rektoru, professor- Necati Qaya, bu ali təhsil ocağının professor-müəllim heyəti, tələbələr Azərbaycan dövlətinin başçısını səmimiyyətlə, mehribanlıqla qarşıladılar.

Burada dövlətimizin başçısı Heydər Əliyevə Qafqaz Universitetinin fərxi doktoru diplomunun təqdim edilməsinə həsr olunmuş mərasim keçirildi.

Mərasimi Universitetin rektoru, professor Necati Qaya açdı.

QARS UNİVERSİTETİNİN REKTORU, PROFESSOR NECATİ QAYANIN ÇIXIŞI

-Universitetimiz bu gün özünün tarixi günlərindən birini yaşayır. Çünki dost və qardaş Azərbaycan Cümhuriyyətinin möhtərəm Cümhur başqanı, hörmətli cənab Heydər Əliyev bizim universitetə təşrif buyurması ilə bizi şərəfləndirdi. Ona öz adımdan və universitetimizin adından “Xoş gəldiniz!” deyirəm, ən dərin hörmət və təşəkkürümü bildirirəm..

Böyük Atatürk türklərlə eyni kökə mənsub olan azərbaycanlılara və Azərbaycana münasibətini “Azərbaycanın dərdi bizim dərdimizdir, sevinci bizim sevincimizdir” sözləri ilə bildirmişdir. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasında iqtisadi, hərbi, siyasi, mədəni, elm sahələrində əməkdaşlığın uğurla həyata keçirilməsi hər şeydən əvvəl iki ölkə insanlarının qardaş olmasından qaynaqlanır. Bu, xalqlarımızın bir-birinə yaxınlığına heç bir şübhə yeri qoymur. İki ölkə ali məktəblərinin elmi əməkdaşlığı da insanlarımızın qardaş olmasından qaynaqlanır. Bu gün Qafqaz adı ilə tanınan universitetimiz mühüm bir vəzifəni öz üzərinə götürmüşdür. Bu da bölgəmizdə Türkiyə ilə Qafqaz ölkələri arasında elmi və mədəni körpü yaratmaqdan ibarətdir. Bu anlayışla 1999-cu ilin noyabr ayında başladığımız fəaliyyətin nəticəsi olaraq, Azərbaycandakı universitetlərlə elmi və mədəni əməkdaşlığın əsası qoyulmuşdur. İndiyədək Qafqazdakı yeddi universitetlə elmi əməkdaşlıq barədə protokollar imzalamışıq. Bunlarin dördü Naxçıvandakı universitet və Azərbaycanın digər yerlərindəki ali təhsil ocaqlarıdır. Biz Naxçıvan Dövlət Universiteti, Gəncə Kənd Təsərrüfatı Akademiyası, Gəncə Dövlət Universiteti və çox hörmətli Heydər Əliyevin də məzunu olduğu Bakı Dövlət Universiteti ilə əlaqələr yaratmışıq. Azərbaycanın universitetləri ilə əməkdaşlığımız sahəsində çox işlər görülmüş, yaxşı nəticələr əldə edilmişdir. Bunların bəzilərindən bəhs etsək, 1999-cu il dekabrın 2-də Qarsda birgə təşkil olunmuş “Yaxın keçmişimizdə Naxçıvan və Qars” mövzusunda konfransı göstərə bilərəm.

Daha sonra erməni millətçilərinin bizim bölgədə törətdikləri bəd əməllərini, onların heç bir əsası olmayan iddialarını, böhtanlarını, insanlığa zidd hərəkətlərini ifşa etmək məqsədi ilə Naxçıvan Dövlət Universiteti ilə birgə “Xəyali Ermənistan və uydurma soyqırımı” mövzusunda simpozium keçirdik. Bu simpoziumla bağlı kitablar nəşr etdirdik.

Azərbaycan universitetləri ilə bu il də əlaqələrimizi davam etdirmək fikrindəyik. Gəncə Dövlət Universiteti ilə qurduğumuz əlaqələr hər iki şəhərin qardaşlaşması ilə daha da möhkəmlənmişdir.

Aramızda Ermənistanın olması və erməni diasporunun Türkiyəyə düşmən münasibəti, onların bəzi dövlətlərdən istifadə edərək, süni şəkildə erməni problemi yaratması fakt olaraq qalır. 70 milyonluq Türkiyə böyük öndər Mustafa Kamal Atatürkün dediyi kimi, “yurdda sülh, cahanda sülh” sözlərinə əməl edərək, bütün qonşuları ilə sülh şəraitində yaşamaq arzusundadır. Ümid edirik ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxacaq, tarix barədə yalanlarından əl çəkərək sülh yolunu tutacaqdır. Belə olarsa, Gəncə və Azərbaycanın digər yerləri ilə əlaqələrimiz möhkəmlənər.

Hörmətli Prezident, dünyamızda sənaye və kənd təsərrüfatında baş verən inqilablardan sonra demokratiya, azadlıq və sülhün əsaslandığı, elmi texnologiyaların mühüm əhəmiyyət kəsb etdiyi bir proses davam etməkdədir.

Qloballaşma ilə əlaqədar sərhədlərin aradan qalxdığı, bilgilərin sürətlə yayıldığı bu dövr ölkələr arasında gerçəkləşməkdə olan rəqabəti ortaya qoymaqdadır. Bu yarış da elmi texnologiyalarla əlaqədar olacaqdır. Bu rəqabətə davam gətirə bilməyən ölkələr geri qalacaqlar. Bu səbəblə də azərbaycanlı məsləkdaşlarımızla bir-birimizi dəstəkləyərək, elmi potensialı paylaşmaq məcburiyyətindəyik. Bu səylərimizi dəstəkləyən Azərbaycan Prezidenti Heydər Əliyevin 9-cu Cumhur başqanı Süleyman Dəmirəldən sonra universitetimizin fəxri doktoru adına layiq görülməsi barədə senatımız qərar vermişdir. Biz bundan qürur hissi duyuruq. Möhtərəm cənab Heydər Əliyevin universitetimizin fəxri doktoru diplomunu lütfən qəbul etməsindən hər zaman şərəf hissləri keçirəcəyik.

İzn versəydiniz, universitetimiz haqqında çox qısa məlumat vermək istərdim. 10 yaşı tamam olan universitetimizin 6 fakültəsi, 3 institutu, 3 yüksək təhsil verən məktəbi, 5 yüksək ixtisaslı məktəbi, 3 araşdırma mərkəzi, 373 müəllimi vardır.

Hörmətli Cümhur başqanım, Siz universitetimizi ziyarət etməklə bizə böyük şərəf verdiniz, gücümüzə güc qatdınız və universitetimizə tarixi bir gün yaşatdınız. Bu duyğularla Zati-alinizə və burada iştirak edən bütün hörmətli qonaqlara dərin hörmət və ehtiramımı bildirirəm. Hamınıza təşəkkür edirəm.

X X X

QARS VALİSİ NEVZAT TURHANIN

ÇIXIŞI

-Hörmətli Cümhur başqanım!

Qarsın göz bəbəyi hesab olunan Qafqaz Universitetini ziyarət etdiyinizə görə Zati-alinizi dərin ehtiramla salamlayaraq, “Xoş gəldiniz!” deyirəm.

Çox hörmətli Cümhur başqanı!

Ümumiyyətlə, bu gün ziyarət etdiyiniz Qars ölkəmizin tarixi keçmişə və mühüm strateji əhəmiyyətə sahib olan bir mühüm bölgəsidir. Eyni köklərə xas və dəyərlərə sahib olduğumuz, böyük şəxsiyyətlər, müdəfəkkirlər, elm, mədəniyyət xadimləri, memarlar yaratmış türk dünyasının Orta Asiya cümhuriyyətləri və Azərbaycan Sovetlər Birliyinin dağılması ilə müstəqilliyini elan edərək, beynəlxalq təşkilatlarda layiq olduqları şərəfli yeri tutmuşlar. Türkiyə Orta Asiya və Qafqaz ölkələri üçün Qərbə açılan körpü olduğu kimi, Azərbaycan da Türkiyə ilə Orta Asiya arasında körpü rolunu oynayır.

Bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında bütün sahələrdə ikitərəfli əlaqələr quran ölkələrimizin beynəlxalq təşkilatlarda əlbir fəaliyyəti, böyük Atatürkün “yurdda sülh, cahanda sülh” siyasətinə uyğun işbirliyi bölgəmizdə sülh və sabitliyin təməllərindən biri olmuşdur. Bütün türk xalqı bilir ki, Zati-aliləri cənab Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan ilə Türkiyə arasında əlaqələr siyasi, iqtisadi, hərbi, təhsil və mədəni sahələrdə inkişaf etmiş və yüksək səviyyəyə gəlmişdir.

Ölkələrimizin və xalqlarımızın qardaşlığına, qonşuluğuna, müştərək dəyərlərimizə söykənən əlaqələrimizdə coğrafi-strateji əhəmiyyəti ilə Qarsın önəmli yeri vardır. Qarsın inkişafına dövlətimizin verdiyi böyük əhəmiyyət və dəstək nəticəsində 1992-ci ildə Qafqaz Universiteti yaradılmışdır.

Qafqaz Universitetinin verdiyi təhsilin keyfiyyəti, beynəlxalq aləmdəki fəaliyyəti uğurlu olmuşdur. Universitetimiz indiyə qədər Zati-aliləri cənab Heydər Əliyevin də məzunu olduğu Bakı Dövlət Universiteti, habelə Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Orta Asiya və Qafqazdakı digər universitetlərlə işbirliyi anlaşmaları imzalamışdır.

Hörmətli Cümhur başkanı!

Zati-aliləri, Qafqaz Universitetinin fəxri doktoru adını almağınız Sizin müdrik rəhbərliyiniz altında Azərbaycanın müasir beynəlxalq aləmdə özünəməxsus yer tutması sahəsindəki əməyinizə verilən qiymətdir.

Ölkələrimiz arasında bütün sahələrdə sıx əlaqələrin yaradılmasında 9-cu Cümhur başkanı hörmətli Süleyman Dəmirəlin, hazırkı Prezident Əhməd Necdət Sezərin və cənab Prezident, şəxsən Sizin böyük əməyiniz vardır.

Eyni kökə malik olan, bir millət, iki dövlət kimi tanınan Azərbaycan ilə Türkiyənin qardaşlığı və dostluğu əbədidir.

Zati-alinizin Qarsa, Universitetimizə təşrif buyurması bizim üçün böyük şərəfdir. Azərbaycan ilə Türkiyənin qardaşlığı daim yaşayacaqdır. Cənab Prezident, Qars şəhəri və Qafqaz Universiteti Sizə olan məhəbbətini daim yaşadacaq, Siz daim qəlbimizdə, könlümüzdə olacaqsınız.

Hörmətli Prezident, Sizin Qars şəhərinə səfəriniz və universitetimizdə keçirdiyiniz bu görüş böyük liderliyinizə, dövlət adamı olmağınıza, uzaqgörən siyasətinizə ehtiramımızı, məhəbbətimizi daha da artırır. Universitetimizin fəxri doktoru diplomunu qəbul etməyinizi Sizdən xahiş edirik. Biz Sizə daim böyük hörmət və ehtiram bəslədiyimizi bildirir və Sizi bir daha ürəkdən salamlayırıq.

X x x

Mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzginin, Baş nazir Bülənd Ecevitin, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin, ölkənin bir çox nazirlərinin, nüfuzlu ali təhsil ocaqları rektorlarının Azərbaycan Prezidenti Heydər Əliyevə universitetin fəxri doktoru diplomunun təqdim olunması münasibətilə göndərdikləri təbrik teleqramları oxundu.

X x x

Sonra Azərbaycan Prezidenti Heydər Əliyevə Qafqaz Universitetinin fəxri doktoru diplomu və mantiya təqdim olundu.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Hörmətli cənab rektor!

- Hörmətli professorlar, müəllimlər, tələbələr!

- Hörmətli xanımlar və cənablar!

Məni Qafqaz Universitetinin fəxri doktoru adına layiq gördüyünüzə, senatın qərarı ilə bu adı verdiyinizə görə və nəhayət, bu dəqiqələrdə fəxri doktorluq diplomunu, bütün sənədlərini və bu əbanı, mantiyanı mənə təqdim etdiyinizə görə sizə səmimi qəlbdən təşəkkür edirəm.

Burada hava isti olduğuna görə, izin versəniz, mən bunu çıxardaram ki, sonra sizinlə rahat danışa bilim.

Əziz dostlar, insan cəmiyyətində hər bir iş, hər bir sənət qiymətlidir. Ancaq, tarix boyu belə olub, indi də belədir və gələcəkdə də belə olacaqdır ki, müəllimlik sənətindən, yəni insanları təhsilləndirmək, sizin sözünüzlə desək, eyitimləşdirmək sənətindən uca sənət yoxdur. Bizim Azərbaycanda artıq onillərlə belə bir adət var - insanlar insanlara müraciət edəndə, hörmət əlaməti olaraq, “müəllim” deyirlər. Çünki müəllim, həqiqətən də, böyük hörmətə layiqdir.

Cürbəcür adlar var. Siz burada çox yaxşı bir kəlmə işlədirsiniz: “sayın”. Deyirsiniz sayın Heydər Əliyev, bununla da işinizi bitirirsiniz. Bizim Azərbaycanda hakimiyyətdə olmuş adamlar bir vaxt icad etdilər ki, onlar bəydirlər. Onlar bir-birlərinə bəy deyirlər. Türkiyədə bəy sözü işlənir. Bu, Türkiyənin qədim dövrlərindən gəlir. Amma bilməlisiniz ki, Azərbaycanda xüsusi titul olubdur. Yəni hər adama bəy deyilə bilməzdi. Gərək o, bəy nəslindən olaydı. Məsələn, Sovetlər İttifaqı qurulmamışdan əvvəl çox məşhur ailələrdən, zadəgan ailələrindən çıxanlara bəy deyirdilər. Onların babası, babasının babası, onun da babası bəy olmuşdur, bəy ailəsindən olmuşdur. Onun böyük mülkü olmuşdur, böyük işləri olmuşdur. Ona görə də o vaxt cəmiyyətdə bəy ən yüksək titul hesab edilirdi. Ancaq indi bu sözü ucuzlaşdırmaq olmaz.

Burada rektor mənim tərcümeyi-halımı söyləyəndə dedi. Mən 1987-ci ildə Moskvada Siyasi Bürodan və hökumət başçılığından uzaqlaşdırıldım. Bunun da səbəbi o idi ki, mən o vaxt orada Qorbaçovun və onun tərəfdarlarının qarşısında, Qarabağ məsələsinin ermənilərin xeyrinə həll olunmasının qarşısında böyük bir qaya kimi durmuşdum. Mənim Siyasi Büroda olmağım ermənilərdə böyük bir dəhşət yaratmışdı. Çünki rus imperatorluğunun tarixində və Sovet imperiyasının tarixində Moskvada müsəlman, türk, azərbaycanlı heç vaxt Siyasi Büroda olmamışdı. Tale məni o yüksək vəzifəyə apardı və mən də orada öz xalqımın - Azərbaycan xalqının, təkcə Azərbaycan xalqının yox, müsəlmanların və türk dünyasının mənafeyini, imkanım çatan qədər, müdafiə etməyə çalışırdım.

Ermənilər heç vaxt qəbul edə bilmirdilər ki, Siyasi Büroda türk var. Amma sovet hakimiyyəti qurulanda orada erməni olmuşdur. Hətta o vaxt mən Siyasi Büroda olarkən, mənim əleyhimə işlər gedəndə Ermənistanın böyük bir şairi yazmışdı ki, nə qədər ki, Siyasi Büroda erməni xalqının düşməni olan türk - Heydər Əliyev oturub, biz Qarabağ məsələsini həll edə bilməyəcəyik.

Buna görə də mən vəzifədən kənarlaşdırıldım. Amma sözüm onda deyil. Bunları sizə söyləməkdə məqsədim budur ki, mən məcbur olub Bakıya gəldim, orada da yaşamaq mümkün olmadı, gəldim Naxçıvana. Amma Naxçıvanda nə gördüm? Qarmaqarışıqlıq, pozulmuş iqtisadiyyat. Sabitlik yox, qanun-qayda yox, sovet hakimiyyəti yıxılıb, amma onun yerinə kim və nə gəlir, məlum deyildi. Küçələrdən çıxmış adamlar, Xalq Cəbhəsinin təşkil etdiyi insanlar orada artıq hakim idilər. Amma çoxusu da savadsız adamlar idi, yəni hörmətsiz adamlar idi. Onlar bir-birlərinə bəy deyirdilər. Onlar bəy olanda, bəs əsl bəy kim olmalı idi? Amma təkcə bir-birlərinə demirdilər. Məsələn, küçədə gedir, biri orada alma satır, ona deyir ki, Əli bəy, bu almanın kiloqramı neçəyədir? Hər alma satan bəy olmaz axı! Elədirmi? Ümumiyyətlə, inanmıram ki, alma satan bəy olsun. Bəylər alma bağları yaradıblar. O bağları sonra dağıdıblar, bu bağlara xidmət edənlər də məhsulunu aparıb satıblar. Ona görə mən bu “bəy” sözünü qəbul etməmişəm və heç vaxt da qəbul etməyəcəyəm. Mən bəy olmamışam, bəy deyiləm və bəy də olmayacağam. Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksəyi müəllimdir. Ona görə Azərbaycanda biz bunu həmişə belə düşünmüşük. Mən də uzun illər, sovet dönəmində də Azərbaycanın başçısı olduğuma, indi 9 il də müstəqil Azərbaycanın Prezidenti olduğuma görə, cəmiyyətimizin hansı təbəqəsinin nə qədər hörmətə malik olduğunu şəxsən belə düşünürəm. Bu gün müəllimlərin, tələbələrin iştirakı ilə sizdən aldığım bu fəxri ad da müəllimlərin mənə verdiyi mükafatdır.

Bilirsiniz, mən dövlətlərdən çox mükafatlar almışam. Həm sovet dövlətindən, həm digər dövlətlərdən mənim çox ordenlərim var. Əgər onların hamısını taxsam, döşümə yerləşməyəcək. Amma müəllimdən alınan mükafat, müəllimdən alınan qiymət hamısından üstündür.

Üzr istəyirəm, mən Naxçıvanda orta məktəbdə oxumağımı xatırlayıram. Çox yaxşı oxuyurdum - bu sözümə görə məni bağışlayın, özümü tərifləmirəm. Hər halda, bizim sinifdə oxuyanların içərisində hamıdan yaxşı oxuyurdum. O vaxt belə deyildi. İndi görürsən, uşağı məktəbə göndərirlər, onun atası arxasınca gedir, anası gedib baxır ki, uşağı necə oxuyur. Burada da belədir, elədirmi? Hər halda, bizdə belədir. Amma mənim nə atam, nə anam heç vaxt bilməmişdilər ki, məktəbdə hansı dərsi oxuyuram, hansı fənndən nə qiymət alıram. Ancaq həmişə, gecə-gündüz çalışmışam ki, yaxşı oxuyum. Özü də o vaxt Naxçıvanda elektrik işığı yox idi, bunu bilin. Neft lampası var idi. Yəqin ki, keçmişdə burada da olub, sizdə də həmişə elektrik işığı olmayıbdır.

 

Burada onu görənlər var, yoxsa yox? Biz ona neft lampası, çıraq deyirik. Amma biri var çil-çıraq, o, dövlətlilərin çırağıdır. Bir də var ki, adi çıraq, içində bir az neft, başında da şüşə olur və şüşə də tez-tez sınırdı. Pulumuz yox idi ki, gedib ikinci şüşə alaq. Qəzet kağızı ilə şüşəni yamaqlayırdıq ki, ondan istifadə edə bilək. Mən belə oxumuşam. Ancaq mən müəllimlərimə minnətdar olmuşam, müəllimlərimi indiyə qədər xatırlayıram.

Bu günlərdə mən Naxçıvana getmişdim. Orada bir neçə gün keçirdim. Mən hər dəfə Naxçıvana gedəndə müəllimlərimi mütləq tapıram, görüşürəm, söhbət edirəm. Təəssüflər olsun ki, mənə dərs deyən insanların, demək olar ki, hamısı dünyasını artıq dəyişibdir. Ancaq bir müəllimim yaşayır. Onun yüz yaşı var. Adı da Lətif Hüseynzadədir. O, mənə Azərbaycan dili, ana dili dərsi deyirdi. Mən o vaxt bizim indi qəbul etdiyimiz latın əlifbası ilə Azərbaycan dilini, ana dilini öyrənirdim, Azərbaycan ədəbiyyatını öyrənirdim. Mən müəllimimi bu dəfə də gördüm, çox sevindim. O, tarixi də çox bilən adamdır. Xatırlayıram, hələ bir neçə il bundan öncə mən Naxçıvanda onunla görüşəndə mənə ilk dəfə dedi ki, - mən onsuz da bilirdim və bu gün meydanda da dedim, - əgər 1918-ci ildə türk ordusu Naxçıvana gəlməsəydi, Kazım Qarabəkir Paşanın ordusu və özü Naxçıvana gəlməsəydi, ermənilər Naxçıvanda azərbaycanlıların çoxunu qıracaqdılar. Bu adam azərbaycanlılara qarşı soyqırımın şahididir, Kazım Qarabəkir Paşanı görmüş adamdır. Çox sevindim ki, müəllimim indi də sağlamdır. Yaxşı söhbət etdik, danışdıq. Mən dörd gün Naxçıvanda oldum, ancaq müəllimlə görüşüm qədər ləzzət verən, məni sevindirən heç bir şey olmadı. Güman edirəm, hər biriniz bunu deyə bilərsiniz, çünki hər biriniz məktəbdə oxumusunuz, müəlliminiz olubdur. Bu, sizin üçün yeni bir şey deyildir. Ancaq mən öz həyatımdan danışıram. Bir halda ki, siz məni fəxri doktor etmisiniz, bunları sizə deyərək, bir daha sizə - Qars Qafqaz Universitetinin müəllimlərinə, professorlarına, burada gənc nəslin təhsil alması və inkişaf etməsi üçün xidmət göstərən insanların hamısına hörmət və ehtiramımı bildirirəm.

Qafqaz Universitetinin yaranması çox böyük hadisədir. On il bundan öncə burada universitet yox idi. Mən ilk dəfə 1992-ci ilin fevral ayında Naxçıvandan Ankaraya gedərkən burada - Qarsda olmuşam. Sonra, 1993-cü ildə əziz dostum Süleyman Dəmirəllə bir dəfə də Qarsda olmuşam. Qarsın çoxlu problemləri vardı. İşsizlər vardı, sənaye az idi, Qarsda bu gün gördüyüm görünüş yox idi. Universitet də yox idi. Türkiyənin 9-cu Cümhur başqanı əziz dostum Süleyman Dəmirəl çox müdrik bir insandır. Xalqını sevən, xalqına sədaqətli insandır. Türk xalqının qarşısında onun böyük xidmətləri var, güman edirəm ki, bunları saymaqla qurtarmaq olmaz. Amma onun xidmətlərinin içərisində biri də odur ki, məhz burada, Qarsda Qafqaz Universitetinin yaranması haqqında qərar çıxarılmasının təşəbbüskarı olubdur.

Universitet yaranıb və on ildə bu qədər inkişaf edibdir. Mən sizin universitet şəhərciyinə baxdım, on il içərisində bu qədər binalar tikmisiniz, özünüz üçün belə gözəl şərait yaratmısınız. Sizin universitet indi, bəlkə də, başqa ölkələrdə 50 il tarixi olan universitetlərdən də üstün səviyyədədir. Amma Qafqaz Universitetinin Qarsda yaranmasının həm də böyük siyasi əhəmiyyəti var. Mən bilirəm ki, Türkiyənin bu doğu bölgəsindən , - biz şərq deyirik, siz doğu deyirsiniz, -insanlar daha çox Türkiyənin batı bölgəsinə gedirlər. Çünki orada yaşayış şəraiti yaxşıdır, pul qazanmaq buradan asandır, burada yaşayış çətindir. Təkcə burada deyil, ümumiyyətlə, bu bölgədə belədir. Vaxtilə belə olubdur ki, Türkiyə Cümhuriyyətinin doğu bölgəsi o qədər inkişaf etməyibdir. Ona görə də burada - Qarsda Qafqaz Universitetinin yaranması ilə bu bölgədə olan gənclərin daha İstanbula, İzmirə, yaxud başqa şəhərlərə gedib təhsil almasına ehtiyac qalmır. Onlar burada, yaşadıqları bölgədə universitet təhsili alır və bəlkə də, çoxu elə burada yaşayacaqdır.

Bilirsiniz ki, Qars xüsusi, tarixi bir şəhərdir. Mən bu gün parkın açılışında bu barədə çox danışdım, təkrar etmək istəmirəm. Məsələn, dünyada çox şəhərlər var ki, onların adlarını heç kəs tanımır. Amma Qarsı keçmiş Sovetlər Birliyi məkanında, demək olar ki, hamı tanıyır. Tək orada yox, bəlkə də, bütün Şərq aləmində Qars tanınır. Nə üçün tanınır? Çünki Qars keçmiş müharibələrdə də, 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsində, Birinci dünya müharibəsi qurtarandan sonrakı müharibədə də alovun-odun içində olubdur. Qars qaladır, yenilməz qaladır. Hamı Qarsı belə tanıyır.

Azərbaycanda Qars haqqında çox yüksək fikirlər var və bizim tarixçilərimiz, alimlərimiz Qars haqqında çox gözəl şeylər yazıblar. Bizim böyük yazıçılarımız, şairlərimiz, o cümlədən Azərbaycanın ən böyük şəxsiyyətlərindən biri Cəlil Məmmədquluzadə də vaxtilə bir müddət Qarsda yaşayıbdır. Qars 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra rusların əlinə keçəndə türkləri buradan çıxarıb erməniləri, yunanları buraya gətirib dolduraraq, əhalinin tərkibini dəyişdirməyə çalışırdılar. O vaxt rus imperatorluğu bu bölgədə rus dilini bilən adamlardan da istifadə etmək istəyirdi.

Bir tarixi anı da yadınıza salmaq istəyirəm ki, o vaxt çox böyük bir alim, Sankt-Peterburqda, Londonda təhsil almış bir insan, azərbaycanlı İsasultan Şahtaxtlı burada - doğrudur rus imperatorluğunun idarəsində - çalışıbdır. Ancaq o, - bu, tarix kitablarında var, - burada öz qardaşlarına, öz millətinə, öz türk xalqına xidmət etməyə çalışırmış. Yəni, belə tarixi anlar çoxdur. Azərbaycan üçün Qars çox cəzbedici bir yer olmuşdur.

Böyük öndər Mustafa Kamal Atatürkün başçılığı ilə aparılan Qurtuluş savaşının bir hissəsi olaraq Qars tamamilə azad edildikdən sonra Qars türk diyarı kimi bərpa olunmuş, türklər öz yerlərində yerləşmişdir. Düşünürəm və inanıram ki, bu torpaq, qədim əsrlərdən, min illərdən də çox türklərə məxsus olan bu yer bundan sonra daim türk torpağı olacaqdır.

Bunlara görə Qarsda Qafqaz Universitetinin açılmasının böyük siyasi əhəmiyyəti var.

On ildə siz çox iş görmüsünüz. Sizin gördüyünüz işləri mən yüksək qiymətləndirirəm. Azərbaycanın universitetləri ilə də əlaqələriniz yaxşıdır. Naxçıvan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Gəncə Dövlət Universiteti ilə əlaqələriniz, - mən burada filmlərdən də gördüm, - yaxşıdır. Amma bundan da yaxşı olmalıdır.

Biz daim bir-birimizlə əlaqədə olmalıyıq, bir-birimizlə təcrübə mübadiləsi aparmalıyıq, bir-birimizə yardım etməliyik. Burada sizin üçün yaxın yer Naxçıvan Muxtar Respublikasıdır. Mən demirəm ki, təkcə Naxçıvan Dövlət Universiteti ilə əlaqə saxlayın. Amma sizin Azərbaycana yaxın yolunuz Naxçıvandır.

Mən təkliflər eşitdim ki, Qarsda Azərbaycanın konsulluğu açılsın. Bunu mən Türkiyənin Cümhur başqanı hörmətli Əhməd Necdət Sezərlə müzakirə etdim, razılaşdıq və güman edirəm ki, biz diplomatik yollarla bu məsələni həll edəcəyik və burada Azərbaycanın konsulluğu olacaqdır. Mən Bakıya gələn kimi hava yolunun açılması məsələsini də araşdıracağam, baxacağam, nə mümkündürsə edəcəyik ki, hava yolu açılsın. Bu, bölgə üçün də lazımdır, Azərbaycan üçün də lazımdır. Bunu mütləq edəcəyik. Əgər gələcəkdə başqa məsələlər də olsa, onları da həll edəcəyik.

Bəzən bu məsələlərin həll olunması bürokratik, - bu, sizdə də var, - “bürokrasi” deyirsiniz, - adamların əlində ləngiyir. Ancaq bizim də borcumuzdur ki, bürokratik əngəlləri aradan qaldıraq və məsələləri həll edək. Mən sizə söz verirəm ki, həll edəcəyik.

Burada - Qarsda olarkən bir tarixi hadisəni də xatırlamaq istəyirəm. 1920-ci ildə Qarsın qurtuluş savaşı oldu. Ancaq anlaşmalar lazım idi ki, torpaqlar, sərhədlər müəyyənləşdirilsin. O vaxt, 1921-ci ilin mart ayında Moskvada Türkiyə ilə Rusiya arasında bu bölgə haqqında Moskva anlaşması imzalanıbdır. Onun çox böyük əhəmiyyəti vardı. Orada sərhədlər müəyyən edilib. Türkiyənin indiki sərhədlərini müəyyən etdi,- Rusiya bu anlaşmanı Türkiyə ilə imzalayıb, bu torrpaqlara əvvəllər onlar iddia etmişdilər, əllərinə keçirmişdilər,- deməli bu məsələ çözüldü. Amma bir başqa məsələ də, Naxçıvan haqqında məsələ də çözüldü. Çünki Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Azərbaycan xalqının ən qədim tarixi, memarlıq abidələri Naxçıvandadır. Naxçıvana gedənlər orada Mömünəxatın məqbərəsini görüblər. 800 il bundan öncə Atabəylər hökmdarlarından Cavan Pəhləvan həmin məqbərəni tikdiribdir.

Onun yaradıcısı məşhur Azərbaycan memarı, bütün Şərq aləmində, müsəlman aləmində məşhur olan Əcəmi Əbubəkr oğlu Naxçıvani idi. Amma təkcə bu deyil, orta əsrlərdə, ondan sonra da bir çox abidələr yaranıbdır. Naxçıvan bir vaxt Azərbaycan Atabəylər dövlətinin paytaxtı olubdur.

Ancaq ermənilər bu torpaqlara iddia etdikləri kimi, Naxçıvana da iddia ediblər. Ona görə də 1921-ci ilin martında imzalanmış Moskva müqaviləsində Naxçıvanın Azərbaycanın tərkibində olmasının təsdiq edilməsi böyük hadisədir. Bu müqavilədə Türkiyənin imzası var, Rusiyanın imzası var.

Amma ondan sonrakı bir hadisə də var. Bu məsələlərin tamamilə çözülməsi üçün 1921-ci ilin oktyabrında yeni bir müqavilə imzalanıbdır. Bu, Qarsda imzalanıbdır. Buna Qars anlaşması deyirlər. Bu anlaşmanı imzalayanlar Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyadır. Bu anlaşma ilə sərhədlər bir daha təsdiq olunubdur və yenə də Naxçıxan haqqında orada xüsusi müddəalar var: Naxçıvan Azərbaycanındır və Naxçıvanın statusunda heç bir dəyişiklik ola bilməz. Yəni Naxçıvan özəl cümhuriyyətdir, o, başqa bir dövlətə verilə bilməz. Bu barədə Türkiyənin söz sahibliyi var. Ona görə də Türkiyə Naxçıvan üçün qarant rolu oynayıbdır. Çünki bilirsiniz ki, Naxçıvan vaxtilə, 1920-ci ildə sərhədlər bölünərkən, Ermənistana verilmiş Azərbaycan torpağı vasitəsilə Azərbaycanın əsas ərazisindən ayrılıbdır. Bu, indi bizə çox böyük problemlər yaradıbdır.

Mən buraya gələndə soruşdum ki, Qarsda anlaşma harada imzalanıbdır. O binanı mənə göstərdilər. Biz Türkiyə hökuməti ilə danışacağıq, orada bir lövhə asılmalıdır ki, 1921-ci ilin oktyabr ayında burada, Qarsda belə bir anlaşma imzalanıbdır. Bu, mütləq olmalıdır. Çünki Qars anlaşmasının bu bölgə üçün, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyəti var.

Bunları deyərkən yenə o sözə qayıdıram ki, Qarsda Qafqaz Universitetinin yaranması həm də siyasi xarakter daşıyır.

Biz bu gün dostluq və qardaşlıqdan çox danışdıq. Nitqimi sona çatdıraraq onu demək istəyirəm ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı yaşayır və yaşayacaqdır. Mən beşinci gündür ki, Türkiyədəyəm. Xarici səfərlərə gedəndə mən bu qədər uzun müddət heç bir ölkədə olmuram. Amma Türkiyəyə gələndə ondan ayrılıb Azərbaycana qayıda bilmirəm.

Biz bu on ildə, Azərbaycanın müstəqilliyi dövründə Türkiyə-Azərbaycan dostluğunu yüksəklərə qaldırmışıq. Amma bu belə işdir ki, biz heç vaxt rahat olmamalıyıq, heç vaxt arxayın olmamalıyıq. Çünki bunu istəməyənlər var. İçəridə də - Azərbaycanda da, Türkiyədə də bəzi adamlar istəmir. Amma başqa dövlətlər də buna çox paxıllıqla, qısqanclıqla, bəzən də düşmənçiliklə baxırlar. Ona görə də bizim bu dostluğumuz, qardaşlığımız qorunmalıdır. Onun qorunması üçün də inkişaf etməlidir, daim inkişafda olmalıdır, dayanmamalıdır. Əmin olun ki, Azərbaycan xalqı bu hisslərlə yaşayır, Azərbaycanın Prezidenti Heydər Əliyev indiyə qədər bu yolla gedib və bundan sonra da gedəcəkdir.

Yaşasın Türkiyə Cümhuriyyəti, Atatürk Türkiyə Cümhuriyyəti!

Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına eşq olsun!

(Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı).

X X X

DÖVLƏTİMİZİN BAŞÇISININ ŞƏRƏFİNƏ

İyunun 28-də Qars valiliyində Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil olundu. Rəsmi qəbulda vali Nevzat Turhan və dövlətimizin başçısı Heydər Əliyev çıxış etdilər.

QARS VALİSİ NEVZAT TURHANIN ÇIXIŞI

-Hörmətli Prezident!

Hörmətli qonaqlar!

Türkiyə Cümhuriyyətinin yüksək vəzifəli şəxsləri!

Biz Azərbaycan Prezidenti möhtərəm cənab Heydər Əliyevin İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə və “Üç dəniz əfsanəsi” konfransında iştirak etdikdən, Ankarada Türkiyə dövlətinin və hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirdikdən, danışıqlar apardıqdan sonra Qarsa səfərə gəlməsindən böyük məmnunluq duyuruq. Qars şəhərinin bütün ictimaiyyəti türk dünyasında qəlbən sevilən görkəmli dövlət xadimi Heydər Əliyev ilə bu gün keçirdiyimiz görüşlərin həyəcanını yaşamaqdan şərəf duyur.

Bizim üçün xoşdur ki, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq, qardaşlıq münasibətləri ildən-ilə daha da inkişaf edir. Türkiyənin mərhum Prezidenti Turqut Özalın, 9-cu Prezident Süleyman Dəmirəlin və indiki Prezident Əhməd Necdət Sezərin həyata keçirdikləri düzgün siyasət sayəsində Türkiyənin Qafqaz ölkələri ilə əlaqələri daha da möhkəmlənmişdir.

Cənab Prezident Sizin bu sahədəki yüksək əməyiniz və türk dünyasına olan sevginiz bizi daha da qürurlandırır. Mən dövlətim, hökumətim, Qars şəhərinin ictimaiyyəti adından və öz adımdan Zati-alinizə xoş gəldiniz deyərək, bu badələri Azərbaycanın Cümhur Başkanı Heydər Əliyevin və Türkiyə Cümhur Başkanı Əhməd Necdət Sezərin sağlığına və şərəfinə qaldırıram və bir daha Sizə hörmət, ehtiramımı bildirirəm.

X X X

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli vali!

Hörmətli bələdiyyə başkanı!

Hörmətli dostlar, qardaşlar, bacılar, xanımlar və cənablar!

Mən təşəkkür edirəm ki, siz Qarsa ayağım dəyən dəqiqədən mənə və məni müşayiət edənlərə çox gözəl qonaqpərəvrlik, hörmət göstərirsiniz. Hamısından əzizi odur ki, qardaşlıq münasibəti göstərirsiniz. Hər bir qonağa hörmət etmək olar və lazımdır. Bəzən bu protokolun tələbidir. Amma dərin hissiyyatlarla, duyğularla, qardaşlıq hissiyyatları ilə göstərilən münasibət ən yüksək protokol münasibətindən çox-çox dəyərlidir. Mən məhz burada belə münasibəti sizdən hiss etdim. Bu, Azərbaycan xalqına olan dostluq, qardaşlıq münasibətidir. Bu, mənə olan münasibətdir. Mən sizə təşəkkür edirəm.

Bizim bugünkü günümüz hələ davam edir. Ancaq Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinə yeni bir səhifə yazır. Biz indiyə qədər belə səhifələri çox yazmışıq, kitablar doldurmuşuq. Amma biz bir-birimizə o qədər yaxınıq, o qədər sıx əlaqələrimiz var ki, hələ bundan sonra da yeni səhifələr, vərəqlər, kitablar yazılacaqdır. Bugünkü görüş də bu gözəl kitabların gözəl bir səhifəsidir. Mən sizə bir daha təşəkkür edirəm.

Rica edirəm, qədəhlərinizi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı şərəfinə, Türkiyə Cümhuriyyətinin şərəfinə, türk xalqının şərəfinə, Türkiyə Cümhuriyyətinin Cümhur Başkanı əziz dostum, qardaşım Əhməd Necdət Sezərin şərəfinə qaldırasınız. Sağ olun.

(Dövlətimizin başçısnın çıxışı böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

X X X

QARSDA YAŞAYAN AZƏRBAYCANLILARLA GÖRÜŞ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 28-də Qarsda səfərdə olarkən şəhər ictimaiyyətinin nümayəndələri və burada yaşayan azərbaycanlılarla görüş keçirdi. Salona toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi hərarətli alqışlarla, hədsiz sevinc və qüqur duyğuları ilə qarşıladılar, dövlətimizin başçısı ilə görüşdə böyük şərəf duyduqlarını bildirdilər.

İş adamları, ziyalılar Prezident Heydər Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində Qars şəhərinə gəlməsini respublikamızın rəhbərinin onlara göstərdiyi diqqət və qayğının ifadəsi kimi dəyərləndirdilər.

Azərbaycan Prezidenti Qarsda Heydər Əliyev parkının açılışı mərasimində və Qafqaz universitetində keçirilən görüşdə bu qədim şəhər barədə söylədiyi fikirləri xatırlatdı, burada yaşayan soydaşlarımıza gələcək işlərində böyük uğurlar arzuladı.

Görüşdə çıxış edənlər Qarsda Azərbaycan Konsulluğunun açılması, Bakı ilə Qars arasında nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması və bir sıra digər məsələlər barədə öz arzu və təkliflərini bildirdilər.

Dövlətimizin başçısı Heydər Əliyev görüşdə qaldırılan bu məsələlərin araşdırılaraq, müvafiq tədbirlər görüləcəyini vurğuladı, soydaşlarımıza dəyərli tövsiyələr verdi.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev elə həmin gün Qars şəhər valiliyinə gəldi. Burada dövlətimizin başçısı Heydər Əliyevi vali Nevzat Turhan və digər rəsmi şəxslər böyük hörmət, rəğbətlə qarşıladılar. Nevzat Turhan görkəmli dövlət xadimi Heydər Əliyev ilə görüşdən böyük şərəf duyduğunu bildirdi.

Azərbaycan Prezidenti Heydər Əliyev valiliyin rəsmi qonaqlar kitabına imza atdı.

Sonra respublikamızın rəhbəri Heydər Əliyevə xatirə hədiyyələri təqdim edildi. Dövlətimizin başçısı Heydər Əliyev də Qars valiliyinə Bakının mənzərəsini əks etdirən rəsm əsəri bağışladı.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 28-də axşam Türkiyəyə işgüzar səfərini başa çatdıraraq hava limanına gəldi.

Qars valisi Nevzat Turhan, şəhərin bələdiyyə başkanı Naid Əlibəyoğlu və digər rəsmi şəxslər Azərbaycan Prezidenti Heydər Əliyev ilə təyyarənin pilləkəni yanında səmimiyyətlə sağollaşdılar.

Respublikamızın rəhbəri həmin gün gecə vətənə qayıtdı. Azərbaycan Prezidenti Heydər Əliyev Binə hava limanında jurnalistlərə müsahibə verdi.

(Dövlətimizin başçısının müsahibəsi qəzetin 30 iyun nömrəsində dərc olunmuşdur).

Prezident Heydər Əliyevi Binə limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

Aslan Aslanov,

Tural Rzayev,

Oqtay Aydınoğlu (foto)

AZƏRTAC-ın xüsusi müxbirləri

Rafiq Bağırov (foto)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “Azerbaijan Fashion Week 2025” başlayır

Almaniyanın Azad Demokratlar Partiyasının yeni sədri seçilib

Prezident Ərdoğan: Rusiya və Ukrayna arasında dialoq kanalları açıq qalmalıdır

Hakan Fidan: Türkiyə Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün səylərini davam etdirəcək

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu” mövzusunda tədbir keçirilib - YENİLƏNİB VİDEO

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu” mövzusunda tədbir keçirilib - YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb

Vəkillər Kollegiyası Gəncə Regional Bürosunun tarixi abidə olan inzibati binasının bir hissəsi bərpa edilib

Rauf Hacıyevin 103 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib

Ağstafada yol qəzası olub, xəsarət alan var

DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib

Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub VİDEO

Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub VİDEO

Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Diplomatiya və Beynəlxalq İdarəetmə Akademiyasının təsisçisi Nabil Ayad VİDEO

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Diplomatiya və Beynəlxalq İdarəetmə Akademiyasının təsisçisi Nabil Ayad VİDEO

Azərbaycan təmsilçiləri “Vindzor Kral Atçılıq Şousu - 2025”də möhtəşəm şou ilə çıxış ediblər

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı karate üzrə Avropa çempionu olub

Türküstanda “Yəsəvi İrsi”nə həsr olunmuş beynəlxalq simpozium təşkil edilib

Mövsümi allergiyalardan necə qorunmaq olar? VİDEO

Mövsümi allergiyalardan necə qorunmaq olar? VİDEO

Qərbi Azərbaycana qayıdış: İrəvanda maarifçilik hərəkatının tarixi-mədəni əsasları - konfrans

® “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib

bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib

TÜRKPA komissiyasının 12-ci iclasında türk dövlətləri arasında təhsil əməkdaşlığı müzakirə olunub

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

IX “Florida Keys” beynəlxalq musiqi müsabiqəsi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilib

Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB

508 və 521 nömrəli marşrutların hərəkət istiqaməti dəyişdirilir

Azərbaycan Aktauda keçirilən beynəlxalq forumda təmsil olunub

Xocasəndə taxta sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB

AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

Füzuliyə dolu yağıb

Azərbaycan Prezidentinin Zirvə toplantısında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun təzahürüdür VİDEO

Azərbaycan Prezidentinin Zirvə toplantısında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun təzahürüdür VİDEO

Gənclər arasında “Legal Ring” intellektual yarışı keçirilib

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

Şahdağda qar yağır – FAKTİKİ HAVA

® “Umico” kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: Komissiyasız alış-veriş imkanı

Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və sərgisi keçiriləcək

ADU ilə Siena Əcnəbilər Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Vyetnam və Azərbaycan şirkətləri arasında potensial layihələrin stimullaşdırılması müzakirə olunub

3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”nda 2-ci mərhələnin qalibi bəlli olub

“İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə qeydiyyat başlayıb

AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub VİDEO

Astanada Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə olunub

Xaçmazda özünüməşğulluq proqramı üzrə yaradılmış təsərrüfatlara, reabilitasiya və günərzi qayğı mərkəzlərinə baxış olub

BMU-da Abşeron rayon məktəbliləri ilə görüş keçirilib

“Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

"Sumqayıt"ın kapitanı futbolçu karyerasını başa vurur

Ukraynanın müdafiə naziri: Kiyev cəbhədə atəşkəs rejiminin tam və qeyd-şərtsiz tətbiqinə hazırdır

Aktau limanında yeni konteyner qovşağının inşası müzakirə olunub

UFC-nin şöhrət zalının üzvü Bakıya gələcək

Büdcə daxilolmaları: Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb VİDEO

Büdcə daxilolmaları: Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb VİDEO

Andrey Yermak: Rusiya bu gün Ukrayna ilə aparılan danışıqları 2022-ci ilə bağlamağa çalışır

Azərbaycan "Russia Halal Expo 2025" sərgisində təmsil olunur

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şabranda vətəndaşların müraciətlərini dinləyib

® EBRD və “Unibank” Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək

Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir

Azərbaycanın FIFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb

Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti İspaniyada keçirilən beynəlxalq konfransda iştirak edir

Ədəbiyyat İnstitutunda yubiley tədbirlərinə hazırlıq məsələləri müzakirə olunub

Tramp İrana nüvə sazişi ilə bağlı təklif verildiyini təsdiqləyib

Donald Tramp: “Biz Putinlə görüşməliyik”

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə bu ilin yanvar-aprel aylarının yekununa dair məlumat açıqlanıb

Milli Marketinq Forumunda azad olunmuş ərazilərə qayıdışla bağlı məlumat verilib VİDEO

Milli Marketinq Forumunda azad olunmuş ərazilərə qayıdışla bağlı məlumat verilib VİDEO

VI Beynəlxalq səyahət və turizm dinamikası konfransının açılış mərasimi keçirilib

“Araz Vadisi İqtisadi Zonası”na yatırılan investisiyaların gələcəkdə daha da artırılacağı proqnozlaşdırılır VİDEO

“Araz Vadisi İqtisadi Zonası”na yatırılan investisiyaların gələcəkdə daha da artırılacağı proqnozlaşdırılır VİDEO

Kişineuda Avropa audiovizual media tənzimləyicilərinin platforması olan EPRA-nın 61-ci Toplantısı keçirilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib VİDEO

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib VİDEO

Qəbələnin hotel və mehmanxanaları dörd ayda 26 minə yaxın turistə xidmət göstərib

“Göytəpə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Tacikistanın Əlilliyi Olan Şəxslər Milli İttifaqının sədri Əsədulla Zikrixudoyev VİDEO

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Tacikistanın Əlilliyi Olan Şəxslər Milli İttifaqının sədri Əsədulla Zikrixudoyev VİDEO

Hakan Fidan Kiyevi və Moskvanı sülh şansından istifadə etməyə çağırıb

İdarə rəsmisi: Bakıda təmirlə əlaqədar hərəkətin məhdudlaşdırıldığı yollarda polis əməkdaşları tərəfindən xidmət təşkil edilir

Son dörd ayda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı faktların sayı azalıb

Azərbaycan dili imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Qaxda yeni cüdo zalının açılışı olub

Energetika naziri Ağstafada vətəndaşlarla görüşüb

Azərbaycan və Özbəkistanın əqli mülkiyyət qurumlarının birgə tədbiri keçirilib

Bu ilin yanvar-aprel aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1499 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Çinin ekoloji cəhətdən daha təmiz ən iri avtomobildaşıyan gəmisi ilk səfərinə başlayıb VİDEO

Çinin ekoloji cəhətdən daha təmiz ən iri avtomobildaşıyan gəmisi ilk səfərinə başlayıb VİDEO

Azərbaycan və Türkiyənin gənc iş adamları əməkdaşlıq imkanlarını müzakirə ediblər

Son dörd ayda 2 ton 593 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kirayə mənzil fonduna daha 157 mənzil əlavə olunub

Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Naxçıvanda ÜDM istehsalı 1,3 faiz artıb

Muxtar Babayev: Qlobal hədəflər çərçivəsində dağ ekosistemləri üçün uyğunlaşma göstəricilərinin razılaşdırılması üzərində işləyirik

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

Melaniya Trampın Sloveniyadakı bürünc heykəli oğurlanıb

“Fənərbağça” və “Qalatasaray” "Real Madrid"in qapıçısını transfer etmək istəyir

Elmi jurnalların nüfuzunun artırılması məqsədilə pilot layihəyə start verilib

Teymur Musayev: Plastik cərrahların peşə fəaliyyəti ilə bağlı məsələ qanun çərçivəsində öz həllini tapıb

UNEC-də “Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” mövzusunda konfrans işə başlayıb

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşların müraciətlərini dinləyib

Babək prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

“British Airways” 3,2 milyon funt sterlinq məbləğində cərimələnib

Almaniyanın daxili işlər naziri miqrasiya siyasətinin daha da sərtləşdiriləcəyini bildirib

Naxçıvanda son 2 ildə 3500-ə yaxın yeni iş yeri açılıb VİDEO

Naxçıvanda son 2 ildə 3500-ə yaxın yeni iş yeri açılıb VİDEO