AZƏRBAYCAN İNCƏSƏNƏTİ İLK DƏFƏ VATİKANDA TƏMSİL OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Vatikanda , Apostol Dəftərxanası Sarayında Azərbaycanın əməkdar rəssamı, YUNESKO Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətovun Bibliya mövzusunda çəkilmiş əsərlərindən ibarət sərgi açılmışdır.
Sərginin açılışında çıxış edən Azərbaycanın Vatikandakı səfiri Elçin Əmirbəyov vurğulamışdır ki, tədbirdən məqsəd Azərbaycanın hazırda aktual səslənən sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun inkişafına artmaqda olan töhfəsinə kömək göstərmək, habelə Azərbaycanla Vatikan arasında mədəni əlaqələri genişləndirməkdir.
Mədəniyyət üzrə Apostol Şurasının katibi Bernar Ardura çıxışında belə bir mühüm təşəbbüsün vaxtında həyata keçirilməsinə, habelə dinlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfəyə görə Azərbaycan səfirliyinə nminnətdarlığını bildirərək xüsusi vurğulamışdır ki, tədbirin Avropa İttifaqının 2008-ci ili müxtəlif dinlər arasında dialoq ili elan etməsi baxımından əhəmiyyəti böyükdür.
Yüksək vəzifəli Vatikan nümayəndəsi Azərbaycan cəmiyyətində tolerantlığın və mehribanlığın yüksək səviyyədə olduğunu, ölkəmizdə katolik icmasına əla münasibət göstərildiyini vurğulayaraq, bununla bağlı ölkə rəhbərliyinə və Qafqaz Müsəlmanları İdarəsinin başçısı şeyxülislam Allahşükür Paşazadəyə xüsusi minnətdarlığını bildirmişdir. B.Ardura Bibliya mövzusunda çəkilmiş tabloların müəllifinin əhalisinin əksəriyyəti müsəlman olan bir ölkənin nümayəndəsi olması faktının əhəmiyyətini xüsusi qeyd edərək demişdir ki, bu, Azərbaycan xalqının müxtəliflik və dözümlülük dəyərlərinə sadiq qaldığını bir daha təsdiq edir. B.Ardura mart ayında Bakıda Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin Azərbaycana səfərinə həsr olunmuş yeni katolik kilsəsinin açılmasını yüksək qiymətləndirmişdir.
Nümayiş etdirılən əsərlərdən danışan B.Arduro müəllifin parlaq və mənalı obrazlar yaratdığını, belə bir sənətin müxtəlif mədəniyyətləri təmsil edən insanları bir-birinə daha da yaxınlaşdırdığını xüsusi vurğulamışdır.
Azərbaycan incəsənətinin Vatikanda ilk sərgisinin açılış mərasimi rəsmi qəbulla başa çatmışdır. Qəbulda Vatikanda akkreditə olunmuş səfirlər, Müqəddəs Taxt-tacın yüksək vəzifəli nümayəndələri, habelə Romada yaşayan həmvətənlərimiz iştirak etmişlər.
######
![]() |
![]() |

