İQTİSADİYYAT
Azərbaycan internet istifadəçilərinə görə ümumdünya orta göstəricilərini iki dəfədən çox qabaqlayır
Bakı, 17 yanvar (AZƏRTAC). 2011-ci ildə İnternet istifadəçilərinin sıxlığı 65 faiz təşkil etmiş, genişzolaqlı isə 30 faizi ötmüşdür. Hər iki göstərici üzrə ölkəmiz ümumdünya orta göstəricilərini iki dəfədən çox qabaqlayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir.
Nazir bildirmişdir ki, İnternet xidmətlərinin qiymətləri isə rəqabətin genişlənməsi hesabına 35 faiz aşağı düşmüşdür. Ölkədə biri dövlət, ikisi isə özəl olmaqla üç şirkət tərəfindən qurulan magistral optik informasiya ötürmə şəbəkələri bütün rayon mərkəzlərini və təxminən 35 faiz kəndləri yüksəksürətli vahid şəbəkədə birləşdirmişdir. Bu isə Mərkəzi və Şərqi Avropa üçün yüksək nəticə sayılır.