İQTİSADİYYAT
Azərbaycan İnvestisiya Şirkəti sahibkarların layihələrlə bağlı müraciətini asanlaşdırıb

Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sahibkarların layihələrlə bağlı müraciət prosedurunu daha da asanlaşdırıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib. Sahibkar yeni bölməyə daxil olaraq layihəyə dair əsas sualları cavablandıra, eləcə də biznes planı elektron müraciət forması vasitəsilə sürətli şəkildə yükləyə bilər. Qeyd olunan məlumatlar AİŞ tərəfindən dəyərləndirilir və növbəti mərhələdə sahibkarla əlaqə saxlanılır. Fəaliyyətində innovativ üsulların tətbiqini, yerli və xarici investorlar, habelə sahibkarlarla əlaqələrin davamlı inkişafını prioritetlərdən hesab edən AİŞ gələcəkdə də bu sahədə təkmilləşdirmə işlərini davam etdirməyi hədəfləyir.
Qeyd edək ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC dövlətimizin başçısının “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb. 2020-ci ilin ortalarından etibarən AİŞ-in yeni investisiya siyasəti və şirkətin yeni inkişaf strategiyası hazırlanıb, daxili strukturu təkmilləşdirilib. İnvestisiya portfelinin sağlamlaşdırılması və optimallaşdırılması, həmçinin investisiya qaydalarının və prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.