AZƏRBAYCAN İŞĞAL ALTINDA OLAN ƏRAZİLƏRİNDƏ TÖRƏDİLƏN YANĞINLARLA BAĞLI TƏDBİRLƏR GÖRƏCƏKDİR
Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətin bütün aspektləri, o cümlədən ekoloji vəziyyət nəzərdən keçirilir. Bu vəziyyətin müxtəlif tərkib hissələri təhlil edildikdən sonra tədbirlər görüləcəkdir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov mayın 29-da jurnalistlərə müsahibəsində bildirmişdir.
Nazir müavivni vurğulamışdır ki, Azərbaycanın işğal olunan ərazilərində vəziyyət gərgin olaraq qalır. Bu ərazilərə ermənilərin qanunsuz yerləşdirilməsi davam etdirilir. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində artıq bir neçə ildir ki, yanğınlar törədirlər. Bu məsələyə BMT Baş Məclisi tərəfindən qəbul olunmuş “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət”ə dair qətnamə çərçivəsində nəzarət olunacaqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, işğal olunan ərazilərdə baş verən yanğınlar nəticəsində 2006-cı ildə Azərbaycana 159 milyon manat, 2007-ci ildə isə 15 milyon manat dəyərində ziyan dəymişdir.
Araz Əzimov GUAM ərazilərində dondurulmuş münaqişələrə dair BMT Baş Məclisinə təqdim olunan sənəd üzərində işin vəziyyətinə, Azərbaycan və Ermənistan prezidentlərinin iyunda Sankt-Peterburqda keçiriləcək görüşünə də toxunmuşdur. Azərbaycan xarici işlər nazirinin müavini bildirmişdir ki, bu görüş Ermənistanın yeni rəhbərliyinin mövqeyini aydınlaşdırmaq məqsədi daşıyır. Münaqişənin həlli istiqamətində növbəti addımlar da tərəflərin prinsipial mövqeyindən asılıdır.
Nazir müavini bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu, dövlətimizin prinsipial mövqeyidir. Ermənistanın mövqeyi isə beynəlxalq hüquq normalarına görə, ümumiyyətlə qəbuledilməzdir. Dünyada heç bir ölkə Ermənistanın mövqeyini dəstəkləmir. Ermənistanın mövqeyinin heç bir perspektivi yoxdur. Bunu Yerevanın da anlaması böyük əhəmiyyətə malikdir.
######
