İQTİSADİYYAT
Azərbaycan–İspaniya Ticarət Palatasının yaradılması planlaşdırılır
Bakı, 1 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının İspaniyada Krallığındakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan-İspaniya Ticarət Palatasının yaradılması təşəbbüsü irəli sürülmüşdür.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, hazırda həmin palatanın təsis edilməsi və davamlı olaraq fəaliyyət göstərməsi potensialı öyrənilir.
Həmin təşəbbüs Azərbaycan bazarına İspaniya şirkətləri tərəfindən göstərilən böyük maraqdan, bu ölkənin qabaqcıl texnologiyalarının ölkəmizə gətirilməsindən əldə ediləcək faydadan, çoxsaylı və əlverişli sərmayə layihələrinin mövcudluğundan və bir çox digər amillərin təhlilindən irəli gəlir.
Hazırda palatanın təsisçiləri kimi çıxış edəcək şirkətlərin müəyyənləşdirilməsi əsas diqqət mərkəzindədir. İspaniya tərəfindən 6 şirkət həmin palatanın təsisçisi kimi çıxış etmək istəyir.
Palatanın vəzifələri iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, İspaniya şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakının təşviqi, Azərbaycan məhsullarının İspaniya bazarına çıxarılması, qarşılıqlı biznes forumların, ticarət və sərmayə missiyalarının həyata keçirilməsi, iki ölkə arasında əməkdaşlığın inkişafına xidmət etmək olacaqdır.
Palatanın üzvləri mütəmadi olaraq Azərbaycan və İspaniyanın iqtisadiyyatı və biznes imkanları, tenderlər, sərmayə layihələri, sərgilər və s. barədə məlumat əldə edəcək, qısa müddətdə biznes tərəfdaşları tapmaq imkanı qazanacaq, hüquq, vergi, təsisat qaydaları və digər konsultasiya xidmətlərindən faydalanacaqlar.
Palataya üzv və ya təsisçi olmaq istəyən Azərbaycan şirkətləri Azərbaycanın İspaniyadakı səfirliyinə və ya bu məqsəd üçün yaradılmış [email protected] elektron ünvanına müraciət edə bilərlər.