Azərbaycan istənilən miqyaslı turnirlərə ev sahibliyi etməyi bacarır
Bakı, 30 may (AZƏRTAC, Səxavət Quliyev). Yeniyetmələr arasında Avropa təsnifat turniri atletika üzrə Azərbaycanda keçirilən ən böyük yarış hesab olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Atletika Assosiasiyasının prezidenti Hansorq Virç demişdir.
H.Virç yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazandıran Avropa təsnifat turnirinin təşkilini yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, turnirin təşkilində müəyyən suallar yaranmışdı. Çünki Avropa təsnifat turnirinin Bakıda keçiriləcəyi cəmi beş ay əvvəl təsdiqlənmişdir. Açılış mərasimində gördüklərim məni çox sevindirdi.
Assosiasiyanın prezidenti qeyd etmişdir ki, yarışın təşkilati işləri yüksək səviyyədə həll olunmuşdur. İdmançıların nəqliyyat, qidalanma və yaşayış yerləri bizi razı salmışdır. Ən vacib məqam ondan ibarətdir ki, idmançılar Atletlər kəndində qalır. Atletlər kəndi 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları üçün hazırlanmışdır. Əminəm ki, Azərbaycan Avropa Oyunlarını nümunəvi şəkildə keçirəcəkdir. Bu yarış təkcə Azərbaycan üçün deyil, bütün Avropa üçün vacib turnirdir. Azərbaycan istənilən miqyaslı turnirlərə ev sahibliyi etməyi bacarır.