MƏDƏNİYYƏT
Azərbaycan, İtaliya, Belarus və Gürcüstanın opera ulduzları “Traviata” operasında birgə çıxış edəcəklər
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcəkdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tamaşanı Belarus Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Vyaçeslav Voliç idarə edəcəkdir.
Səhnə əsərində əsas partiyalardan birini – Alfred partiyasını tanınmış italyan tenoru Rikardo Mirabelli ifa edəcəkdir. Jermon rolunu isə vokalçıların Bülbül adına birinci Beynəlxalq müsabiqəsinin baş mükafatçısı Besik Qabitaşvili oynayacaqdır. Violetta partiyasında gənc və istedadlı vokalçı İlahə Əfəndiyeva çıxış edəcəkdir.
Tamaşada, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri Əli Əsgərov və Əkrəm Poladov da iştirak edəcəklər.
Ulduz ifaçıların iştirak etdikləri bu tamaşa teatrın və şəhərimizin mədəni həyatında mühüm hadisə olacaqdır.