İQTİSADİYYAT
Azərbaycan “ITU Telecom World 2013” sərgisində milli pavilyonu ilə təmsil olunur
Bakı, 20 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Taylandın Banqkok şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “ITU Telecom World 2013” sərgi-konfransı keçirilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 23-dək davam edəcək sərgidə Azərbaycanın milli pavilyonu üçün ayrılmış 156 kvadratmetrlik sahədə ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, o cümlədən “Azerspace”, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), “Elektron hökumət” həlləri, “Dilmanc” layihəsi, nanotexnologiyalar, rəqəmli televiziya, son mobil texnologiyalar olan “3G” və “4G” xidmətləri, eyni zamanda ölkədə elm və texnologiyalar sahəsində elmi nailiyyətlər nümayiş etdirilir.
Konfrans çərçivəsində “Azərbaycan gecəsi”nin keçirilməsi, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrin təqdimatları da təşkil olunacaqdır. Tədbir çərçivəsində qabaqcıl informasiya texnologiyaları üzrə korporasiya və şirkət liderləri, eyni zamanda müxtəlif ölkələrin rabitə tənzimləyici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Azərbaycan bu forumda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə geniştərkibli nümayəndə heyəti ilə təmsil olunur. Sərgidə ölkəmizdə fəaliyyət göstərən 25 İKT şirkəti iştirak edir.