İDMAN
Azərbaycan karateçiləri Döyüş İdman növləri üzrə Dünya Oyunlarında iki qızıl medal qazanmışlar
Bakı, 22 oktyabr (AZƏRTAC). Sankt-Peterburqda Döyüş İdman növləri üzrə Dünya Oyunları keçirilir.
Azərbaycan Karate Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, yarışda Azərbaycanı 14 idmançı təmsil edir. Onlardan biri sambo, ikisi karate, yeddisi güləş, dördü isə boks yarışlarında iştirak edir.
Azərbaycan karateçiləri Rafael Ağayevlə (74 kq) Şahin Atamov (94 kq-dan yuxarı) Dünya Oyunlarının qalibi olmuşlar.
Rafael Ağayev beş döyüş keçirmiş və yarışın qızıl mükafatçısı olmuşdur. Digər karateçi Şahin Atamov də bir-birinin ardınca qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Beləliklə bu mötəbər yarışın dördüncü günü mübarizəyə qatılmış karateçilərimiz iki qızıl medala sahib olmaqla, 41 mükafat qazanan ölkə arasında Azərbaycanı dördüncü pilləyə çıxarmışlar.
Dünya oyunları 15 döyüş idman növü üzrə keçirilir və oktyabrın 26-da başa çatacaq.