Azərbaycan-Meksika münasibətləri müzakirə olunmuşdur
Bakı, 14 yanvar (AZƏRTAC). Yanvarın 14-də Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Cuevas Barronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Xələf Xələfov Azərbaycanın Latın Amerikası ölkələri, o cümlədən Meksika ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd etmişdir. Nazir müavini ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli imkanların olduğunu diqqətə çatdırmışdır.
Azərbaycan ilə Meksika arasında mövcud siyasi əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu deyən X.Xələfov əməkdaşlığın inkişafında parlamentlərarası münasibətlərin xüsusi rola malik olduğunu vurğulamışdır.
Nazir müavini ölkələrimizin bir çox beynəlxalq məsələlər üzrə yaxın mövqedən çıxış etdiklərini diqqətə çatdıraraq Meksikanın qanunverici orqanında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qəbul olunmuş sənədlərin yüksək qiymətləndirildiyini bildirmişdir.
Senator Qabriela Cuevas Barron Azərbaycanın çox önəmli ölkə olduğunu vurğulayaraq son on ildə respublikamızın əldə etdiyi inkişaf göstəricilərinin heyranlıq doğurduğunu bildirmişdir. O, Azərbaycanın iqtisadi və sosial sahədə əldə etdiyi nailiyyətlərin və inkişaf təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Görüşdə ölkələrimiz arasında iqtisadi, mədəni, turizm, humanitar, xüsusilə enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılması imkanları, eləcə də qarşılıqlı səfərlərin intensivləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.