ŞƏRH
Azərbaycan Mərkəzi Asiyadan alternativ enerjinin Avropaya nəqlində mühüm tranzit ölkə kimi çıxış edir - ŞƏRH
Bakı, 10 avqust, Rabil Kətanov, AZƏRTAC
Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Astanaya səfəri mühüm tarixi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında Azərbaycanın iqtisadi inkişafının postneft dövründə də davamlılığına nail olmaq dayandığı üçün Mərkəzi Asiya respublikaları ilə əməkdaşlığın genişləndirilməsi zəruridir. Bunu əsaslandıran başlıca amil bu regionun qlobal siyasətdə nüfuzunun artması və böyük iqtisadi potensialın olmasıdır.
Mərkəzi Asiya 80 milyondan çox əhaliyə və 3 milyon 882 min kvadratkilometr əraziyə malik regiondur. Bu bölgə dünya uran ehtiyatlarının 20, neft ehtiyatlarının 17,2, təbii qaz ehtiyatlarının 7 faizinə sahibdir. Kömür istehsalına görə 10-cu, elektrik enerjisi istehsalına görə isə 19-cu yeri tutur. Regionun yerləşdiyi coğrafi mövqe Çin və digər Cənub-Şərqi Asiya ölkələri ilə Qafqaz, Türkiyə və Avropa arasında körpü rolunu oynayır, tranzit yollara və beynəlxalq marşrutlara nəzarət etmək imkanı verir. İnkişaflarının yeni mərhələsində olan Mərkəzi Asiya respublikaları Azərbaycan vasitəsilə yalnız Çinlə Avropa arasında tranzit rolunu oynamır, eyni zamanda, özlərinin ixrac potensialını da reallaşdırmaq niyyətindədir ki, bu da rəsmi Bakı ilə əməkdaşlıqdan asılıdır.
Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Özbəkistanın illik tələbatdan 30 dəfə çox - 2091 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək imkanı var. Özbəkistan iqlimi ildə 320 günəşli gündən ibarətdir ki, bu da böyük həcmdə alternativ enerji istehsalına imkan yaradır. Ölkənin Surxandərya, Buxara, Kaşkadərya vilayətləri coğrafi baxımdan elə iqlim qurşağında yerləşir ki, bu regionlarda ümumilikdə 2058 milyard kilovat-saat günəş enerjisi hasil etmək olar. BMT-nin yaşıl enerjinin inkişafına dair hazırladığı hesabatda vurğulanır ki, Özbəkistanın şimal-qərb və cənub-qərb əraziləri 9,9 milyard kilovat-saat külək enerjisi istehsal etmək iqtidarındadır.
Son 5 il ərzində Özbəkistan Prezidenti yaşıl enerjinin inkişaf etdirilməsi üçün 15 sərəncam imzalayıb. Hökumət yaşıl enerji potensialını düzgün qiymətləndirərək müxtəlif xarici şirkətlərlə 21 müqavilə bağlayıb.
Bu gün Özbəkistanda yaşıl enerji istehsalı ilə əlaqədar 19 layihə icra olunur. Bunlar istehsal gücü 3977 meqavat günəş və 3100 meqavat külək elektrik stansiyalarıdır (7 stansiya). Bu layihələrin həyata keçirilməsi üçün xarici şirkətlər tərəfindən 9 milyard dollar həcmində sərmayə yatırılıb. Cari ilin ikinci yarısında Səmərqənd, Katakurqan, Buxara, Namanqan, Tomdin, Buxara və Daşkənd rayonlarında 3 külək və 4 günəş enerjisi stansiyaları istismara veriləcək. 2025-ci ildə isə Buxara vilayətinin Peşkin və Qijguvan rayonlarında hər biri 500 meqavat istehsal gücü olan 2 külək elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulub. Hökumətin yaşıl enerjinin inkişafı proqramına əsasən, 2026-cı ildə Özbəkistanda ümumi gücü 1600 meqavat olan 4 külək, 8000 meqavat gücündə günəş və 868 meqavat gücü olan su elektrik stansiyası istifadəyə veriləcək.
Qazaxıstanın Energetika Nazirliyinin məlumatına əsasən isə hazırda bu ölkədə alternativ enerji istehsal edən 133 müəssisə var. Bunlardan 48-i külək, 43-ü günəş, 39-u su, 3-ü bioqaz elektrik stansiyalarıdır. Bu müəssisələrin ümumi istehsal gücü 2,5 gigavatdır. 2023-cü ilin ikinci yarısında bu stansiyalarda ümumilikdə 3,35 milyard kilovat-saat enerji istehsal olunub.
BMT-nin Sənayenin İnkişafı bölməsinin (UNİDO) hesabatına əsasən, Qazaxıstan planetimizin Şimal yarımkürəsinin külək axınları olan regionunda yerləşdiyi üçün böyük həcmdə külək enerjisi istehsal etmək potensialına malikdir. Təşkilatın ekspertləri bu potensialın 1820 milyard kilovat-saat olduğu qənaətindədirlər. Qazaxıstan hökuməti 2030-cu ilədək ölkənin 46 rayonunda ümumilikdə 1 milyon kilovat-saat külək enerjisi istehsal edəcək stansiyalar quraşdırmağı planlaşdırıb və artıq bu istiqamətdə işlər aparılır. Bununla yanaşı, ölkənin dağlıq ərazilərindəki çaylar üzərində 65 milyard kilovat-saat istehsal gücü olan kiçik su elektrik stansiyaları tikmək imkanı var. Qazaxıstanda ildə 3000 saat günəş işığının olması irihəcmli günəş enerjisi istehsal etmək üçün şərait yaradır. Ölkədə 1 milyard gigavat-saat günəş enerjisi istehsalı potensialı var.
Yuxarıda göstərilən amilləri nəzərə alaraq deyə bilərik ki, Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əməkdaşlıq yalnız tranzit daşımalarla yekunlaşmır. Artıq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) fəaliyyət göstərir və yüklər Azərbaycan vasitəsilə Avropaya çatdırılır. Növbəti mərhələ isə Mərkəzi Asiya respublikalarında istehsal olunan alternativ enerjinin Azərbaycan ərazisindən Avropaya ixracını təmin etməkdən ibarətdir. Qara dənizin dibi ilə Şərqi Avropaya elektrik enerjisinin ixracını həyata keçirməklə Azərbaycan yenə də mühüm tranzit ölkə olacaq. Avropa İttifaqı texniki əsaslandırma işləri üçün 2,5 milyon dollar vəsait ayırıb. Dünya Bankı isə layihənin reallaşmasına 75 milyon dollar ayırmaq niyyətini açıqlayıb.
Beləliklə, Azərbaycan Mərkəzi Asiyadan yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmasında iştirak etməklə yanaşı, həm də bu regionda istehsal olunan alternativ enerjinin Avropaya nəqlində əhəmiyyətli tranzit ölkə kimi çıxış edəcək. Bu baxımdan Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində yürütdüyü siyasət ölkəmizin milli maraqlarına cavab verməklə bərabər, həm də milli iqtisadiyyatın daha da inkişafına və posneft dövrünə hazırlığın əsasıdır.