ELM VƏ TƏHSİL
Azərbaycan milli mədəniyyətlər festivalında təmsil olunub
Bakı, 7 noyabr, AZƏRTAC
Rusiya Federasiyasının Moskva vilayətinin Dubna şəhərində VIII Milli Mədəniyyətlər Festivalı keçirilib. Festivalın təşkil edilməsində məqsəd xalq tətbiqi sənətinin və milli geyimlərin sərgisinin keçirilməsi, xalq yaradıcılığının və milli yeməklərin tanıdılması olub.
Fizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, festivalda hər il olduğu kimi bu il də Azərbaycanı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda elmi ezamiyyətdə olan Azərbaycan milli qrupunun üzvləri təmsil ediblər.
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Azərbaycan Milli qrupunun rəhbəri Nazim Hüseynov və Neytron fizikası laboratoriyasının böyük elmi işçisi Afaq Mədədzadənin təşkilatçılığı ilə bu institutdakı həmvətənlərimiz ailə üzvləri ilə birgə ölkəmizi, mədəniyyətimizi, Azərbaycan milli mətbəxinın incilərini nümayiş etdiriblər.
Tədbirdə Azərbaycan qrupunun uşaqlar üçün təşkil etdiyi master-klas iştirakçılar tərəfindən maraqla qarşılanıb. Master-klasda xarıbülbül qəlib formasında hazırlanıb. Şuşada yetişən xarıbülbül özünəməxsus rənglərin əsas baza rəngləri ilə boyanacaq xüsusi parçalara köçürülüb və iştirakçılara xatirə olaraq paylanıb.