Azərbaycan nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub
Daşkənd, 28 aprel, AZƏRTAC
Daşkənddə keçirilən “Tashkent Law Spring” birinci Beynəlxalq Hüquq Forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına Mədəniyyət Mərkəzində (AMM) olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ədliyyə nazirinin müavini Məhərrəm Əliyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və digər nümayəndələr əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyublar.
Sonra onlar mərkəzdəki Heydər Əliyev Muzeyinə və Azərbaycan Dövlətçilik Tarixi Muzeyinə, həmçinin AMM-nin özbək dilində çap etdirdiyi kitablardan ibarət sərgiyə baxıblar.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qurumun fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat verib. Bildirilib ki, burada Azərbaycan dili və kompüter kursları, müxtəlif dərnəklər fəaliyyət göstərir. Qurumun nəzdində yaradılmış “Azərbaycan qızları” rəqs ansamblının üzvləri Daşkənddə keçirilən müxtəlif tədbirlərdə çıxış edirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd