Azərbaycan nümayəndə heyəti Macarıstan Astronavtika Cəmiyyətinin tədbirində iştirak edib
Budapeşt, 27 aprel, AZƏRTAC
Macarıstanda bu ölkənin astronavtika cəmiyyətinin təşkilatçılığı ilə tanınmış macar kosmonavtı Bela Macarinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkənin Kistarça qəsəbəsində təşkil edilmiş və astronavtika sahəsində çalışan macar alimlərinin, habelə yerli ictimaiyyətin qatıldığı tədbirdə, Macarıstanda səfərdə olan Azərbaycan mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti və səfir Vilayət Quliyev iştirak edib.
Tədbir zamanı Macarıstan Astronavtika Cəmiyyətinin baş katibi Attila Hirn çıxış edərək, ölkəsində astronavtika elminin inkişaf yolları və məşhur macar kosmonavtı Bela Macarinin bu sahədəki xidmətlərindən danışıb. Attila Hirn çıxışı əsnasında, kosmonavtika sahəsində görkəmli alim, həmyerlimiz Kərim Kərimov barədə də fikirlərini bölüşüb, məşhur alimin ötən əsrin 90-cı illərində Macarıstana səfəri zamanı məhz bu xidmətlərinə görə ölkədə böyük hörmət və ehtiramla qarşılandığını bildirib.
Tədbirdə çıxış edən səfir Vilayət Quliyev iki ölkə arasında bir çox sahələrdə olduğu kimi, astronavtika sahəsində də səmərəli əməkdaşlığın təşəkkül tapmasından məmnunluğunu ifadə edib, məşhur azərbaycanlı alim Kərim Kərimovun Vətənin hüdudlarından kənarda bu şəkildə xatırlanmasından qürur duyduğunu vurğulayıb.
Sonda astronavtika elminin inkişafında xidmətləri olmuş şəxslərin xatirəsinin anılması məqsədilə “Səma ağacı”nın dibinə simvolik olaraq torpaq tökülüb. Səfir Vilayət Quliyev məhz bu məqsədlə Azərbaycandan gətirdiyi bir ovuc torpağı həmyerlimiz Kərim Kərimovun xatirəsinə hörmət əlaməti olaraq “Səma ağacı”nın dibinə səpib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt