SİYASƏT
Azərbaycan nümayəndə heyəti Macarıstanın nüfuzlu qeyri-hökumət təşkilatları ilə görüşlər keçirmişdir
Bakı, 3 aprel (AZƏRTAC). Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşları və QHT rəhbərlərindən ibarət nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştə səfər çərçivəsində bir sıra görüşlər keçirmişdir.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Milli Ailə və Sosial Siyasətlər İnstitutunda olan nümayəndə heyəti qurumun layihə direktoru İvett Karvalits ilə görüşmüşdür.
İnstitutun 2007-ci ildə İnsan Resursları Nazirliyi tərəfindən yaradıldığını bildirən xanım İvett Karvalits əsas fəaliyyət istiqamətlərinin gənclərin məşğulluq problemi, narkomaniyaya qarşı maarifləndirmə tədbirləri, ailə və qadın məsələlərini əhatə etdiyini bildirmişdir. Macarıstan əhalisinin 3,5 milyonunun 13-30 yaş arası gənclərin təşkil etdiyini deyən İvett Karvalits indiyədək onlardan 12 min nəfərinin həyata keçirilən layihələrə cəlb edildiyini söyləmişdir.
Fundamental Hüquqlar üzrə Müvəkkilin Aparatında keçirilən görüşdə qurumun ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Eve Heizerne Hegedus Azərbaycan nümayəndə heyətinə təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat vermişdir. Eve Hegedus Macarıstan Ombudsmanının 6 il müddətinə seçildiyini və ildə bir dəfə ölkənin parlamenti qarşısında hesabat verdiyini bildirmişdir. O, Ombudsmanın insan hüquqlarının təminatı vəziyyətinə dair müntəzəm monitorinqlər keçirdiyini qeyd etmişdir.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı vəziyyəti haqqında məlumat verən nümayəndə heyətinin üzvləri Şuranın ölkəmizin milli donor institutu kimi fəaliyyət istiqamətlərindən və insan hüquqlarının təminatı sahəsində atılan addımlardan danışmışlar.
Növbəti görüşlər Macarıstan Miqrant Assosiasiyası, Şotlandiya İslahatlar Mərkəzi, Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) və Avropanın Azlıqlar Hüququ Qrupunda keçirilmişdir. Həyata keçirdikləri layihə və proqramlar haqqında məlumatları bölüşən macar QHT-ləri Azərbaycan vətəndaş cəmiyyəti ilə əlaqələrin inkişaf etdirilməsində və təcrübə mübadiləsində maraqlı olduqlarını ifadə etmişlər.
Keçirilən bütün görüşlərdə nümayəndə heyətinin rəhbəri, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə QHT sektorunun inkişafı sahəsində ardıcıl olaraq həyata keçirilən dövlət siyasətinin mahiyyəti haqqında macar həmkarlarına geniş məlumat vermişdir. Şuranın xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları haqqında danışan F. Qurbanov fundamental insan hüquq və azadlıqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin fəal iştirakı və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulamışdır.
Görüşlər zamanı aparılan müzakirələrdə fəal iştirak edən nümayəndə heyətinin üzvləri Azərbaycanda vətəndaş cəmiyyətinin keçdiyi inkişaf yolu haqqında danışaraq, qarşılıqlı təcrübə mübadiləsinin hər iki ölkənin QHT sektorunun inkişafında səmərəli rol oynayacağını ifadə etmişlər.
Görüşlərdə Macarıstan QHT-lərinə Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunmuşdur.
Səfər proqramı çərçivəsində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev də nümayəndə heyəti ilə görüşmüşdür. Ölkəmizin milli maraqlarının Macarıstanda fəal müdafiəsi və iki dövlət arasında siyasi, iqtisadi və mədəni münasibətlərin inkişaf dinamikası haqqında danışan səfir Vilayət Quliyev Avropada Azərbaycana etibarlı tərəfdaş kimi böyük diqqət göstərildiyini vurğulamışdır. Şuranın xarici QHT-lərin layihələrini dəstəkləməsini müsbət qiymətləndirdiyini bildirən V. Quliyev onların Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında böyük faydasının olduğunu söyləmişdir.
Nümayəndə heyətinin rəhbəri Fərasət Qurbanov ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsində vətəndaş cəmiyyətinin artan rolunu vurğulayaraq son illərdə Şuranın bu istiqamətdə gördüyü işlər haqqında məlumat vermişdir.