CƏMİYYƏT
Azərbaycan Ordusu Vətən müharibəsindən sonra hərb sahəsində yeni bir modelin müəllifi oldu - ŞƏRH

Bakı, 23 sentyabr, AZƏRTAC
Bir sutkadan az bir müddətdə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda uğurla yekunlaşdırdıqları lokal antiterror tədbirləri ordumuzun peşəkarlığının növbəti göstəricisi oldu. Bununla da Azərbaycan Ordusu Vətən müharibəsindən sonra hərb sahəsində digər ölkələrə örnək ola biləcək yeni bir modelin müəllifi oldu. Antiterror tədbiri nəticəsində yüksək peşəkarlıqla qarşıda duran bütün strateji hədəflərə tam şəkildə nail olundu, ən əsası Azərbaycanın suverenliyi və konstitusion quruluşu bərpa edildi.
Bunu AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, antiterror tədbirləri çərçivəsində qondarma rejimin hərbi birləşmələri, ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Həmçinin Rusiya sülhməramlı kontingentinə öz funksiyalarını, vəzifələrini yüksək səviyyədə icra etmələri üçün ordumuz tərəfindən tam şərait yaradılıb. Öncədən Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin rəhbərliyi bu barədə məlumatlandırılıb. Ordumuz antiterror tədbirləri Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq apardı. Həmin bölgədəki erməni əhali məlumatlandırıldı, hərbi obyektlərdən kənarda durmaları barədə onlara çağırış edildi. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin atəş vasitələrini yaşayış yerlərinin yaxınlığında yerləşdirmələri nəzərə alınaraq hərbi obyektlərin yaxınlığında əgər mülki şəxs olurdusa, həmin hərbi obyektlər ordumuz tərəfindən hədəfə alınmırdı. Təhlükəsizliyə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizəsi və müdafiəsinin təşkili üçün imkan yaradıldı. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımların göstərilməsi, onların ərzaq və içməli su ilə təmin olunması təşkil olundu. Bir sözlə, mülki əhalinin təhlükəsizliyinin, həmçinin onların təhlükəli ərazidən təxliyəsinin təmin edilməsi üçün humanitar dəhliz və qəbul məntəqələri də təşkil olundu. Bunun nəticəsi olaraq mülki əhaliyə demək olar ki, heç bir zərər vurulmadı, bununla da Azərbaycan yeni bir nümunə yaratdı. Bu, onu deməyə imkan verir ki, istər 44 günlük Vətən müharibəsində, istərsə də son antiterror tədbirləri zamanı Azərbaycan Ordusu gələcəyin Ordusu kimi özünü tam şəkildə təsdiq etdi. Qondarma rejimin silahlıları heç 24 saata belə tab gətirə bilməyib tərk-silah olmağa, ağ bayraq qaldırmağa məcbur oldu. Bununla da Cənubi Qafqazda Azərbaycanın elə üçillik müddət ərzində qarşıya qoyduğu sülh konsepsiyasının həyata keçirilməsi üçün şərait, imkan yarandı”.
Qarabağ ermənilərinin nümayəndələrinin Yevlaxa gəlməsindən də bəhs edən deputat qələbənin davamının siyasi və diplomatik müstəvidə olduğunu bildirib: “Sentyabrın 21-də Qarabağda yaşayan erməniəsilli vətəndaşların nümayəndələri ilə görüşlər keçirildi. Düşünürəm ki, bundan sonra müharibə və münaqişələr məkanına çevrilmiş Cənubi Qafqaz bölgəsinə sülh gəlir. Ümidvaram ki, erməniəsilli Azərbaycan vətəndaşları və uzun müddət bu xalqlar arasında nifrət, kin-küdurət yaratmış qüvvələr nəticə çıxaracaq və nəhayət bu bölgədə sülh, sabitlik bərpa olunacaq. Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti, Ali Baş Komandan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bölgəmiz sülh, təhlükəsizlik və əməkdaşlıq zonasına çevriləcək”.
Fikirlərimi Prezident İlham Əliyevin xalqa müraciətindəki nitqindən kiçik bir hissə ilə tamamlamaq istərdim: “İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də, nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.