ORDU
Azərbaycan Ordusunun ötən il keçirdiyi antiterror tədbirləri hərb tarixində nadir əməliyyat sayılır – AÇIQLAMA
Bakı, 11 sentyabr, AZƏRTAC
“Ermənistan Vətən müharibəsi başa çatdıqdan sonra imzalanan üçtərəfli Bəyanat üzrə öhdəliklərini qətiyyən yerinə yetirmirdi. Onların arasında, xüsusilə də erməni silahlılarının ölkəmizin ərazilərindən çıxarılmaması Azərbaycanı dərindən narahat edirdi. Ermənistan isə silahlı birləşmələrini ərazilərimizdən çıxarmaq əvəzinə orada şəxsi heyət, zirehli vasitələr, artilleriya qurğuları saxlayırdı. Həmçinin həmin ərazilərə müharibədən sonra Ermənistanda istehsal olunan minalar daşınırdı. Burada məqsəd separatçı rejimin Azərbaycan Ordusuna qarşı müqavimətini gücləndirmək idi”.
Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə 2023-cü ilin sentyabrın 2-də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ iqtisadi rayonunda qondarma seçkilər keçirilməsini dəstəklədiyini xatırladan ekspert vurğulayıb ki, həmin seçkilərlə bağlı Paşinyan Qarabağdakı separatçı qurumu təbrik etməklə Azərbaycanın səbir kasasını daşırdı:
“Bundan başqa, Ermənistandan Azərbaycan ərazilərinə göndərilən minalarla itkilərimiz davamlı olaraq artırdı. Bütün bunları nəzərə alan ölkəmizin xəbərdarlığına və bəyanatlarına məhəl qoymayan separatçı rejim və onu dəstəkləyən Paşinyan komandasının cəzalandırılması üçün Azərbaycan antiterror tədbirlərini həyata keçirmək qərarını verdi. Bu antiterror tədbirləri Azərbaycan ərazilərində mövcud olan erməni silahlılarından min nəfərdən çoxunun məhv edilməsi və ya yaralanması ilə nəticələndi”.
Qəhrəman Azərbaycan Ordusunun cəmi bir gün ərzində yüzlərlə kvadratkilometr işğal altındakı ərazimizi azad etdiyini, düşmənin 65-ə yaxın zirehli və zirehsiz vasitələrini, avtomobil texnikasını sıradan çıxardığını deyən hərbi ekspertin sözlərinə görə, Ordumuz düşmənin döyüş texnikalarını, artilleriya vasitələrini, xüsusi texnikalarını qənimət olaraq ələ keçirdi: “Bundan başqa, ermənilər atıcı silahlarını və onlara aid milyonlarla sursatı da döyüş meydanında atıb getdi”.
Silahlı Qüvvələrimiz apardığı bu sürətli əməliyyatlara müxtəlif istiqamətlərdə kiçik tərkibə malik qrupları cəlb etməklə diqqətəlayiq uğurlar qazandı. Görülən bu tədbirlər nəticəsində Ağdam-Əsgəran, Təzəkənd-Sırxavənd, Xankəndi-Xocalı yolları tamamilə Ordumuzun nəzarətinə keçdi. Dərinliyə irəliləyən qüvvələrimiz düşmənin bütün təminat, təchizat və manevr yollarını bağladı və erməni silahlı birləşmələrinin manevr imkanlarını heçə endirdi. Xüsusi təyinatlı bölmələrin qüvvələri isə əməliyyat zamanı gizli şəkildə düşmənin dərinliyinə doğru irəliləyərək bütün giriş-çıxış yollarını tam nəzarətə götürdü.
“Bundan sonra Ermənistan mövcud olan silahlılarını tərksilah etməklə təslim olduğunu elan etdi.
Azərbaycan Ordusunun bir il əvvəl həyata keçirdiyi antiterror tədbirləri hərb tarixində nadir əməliyyat hesab olunur. Çünki bu əməliyyat kifayət qədər böyük əraziləri əhatə etsə də, bir nəfər də olsun mülki şəxsə və obyektə ziyan dəymədi.
Azərbaycan Vətən müharibəsindən sonra bizim üçün ən böyük əhəmiyyət daşıyan növbəti şanlı Qələbəyə imza atdı.
Əməliyyatları qəhrəman Azərbaycan Ordusunun şanlı Zəfər tarixlərindən biri kimi qədirbilən xalqımızın yaddaşından daim silinməyəcək”, - deyə Ə.Verdiyev əlavə edib.