İDMAN
Azərbaycan paralimpiyaçıları London Olimpiadasına hazırlaşırlar
Bakı, 26 may (AZƏRTAC). Avropa Cüdo İttifaqının himayəsi ilə Antalyada keçirilən təlim-məşq toplantısında təkcə cüdo üzrə aparıcı yığmalar deyil, həm də paralimpiya komandaları iştirak etmişlər. London oyunlarında çıxış edəcək Azərbaycan paralimpiyaçıları da Türkiyədə təlim keçmiş, o cümlədən türk idmançılarla qarşılaşmışlar. Türkiyə paralimpiya komandasının məşqçisi Gültəkin Sevinc Azərbaycan Cüdo Federasiyasının saytına müsahibəsində yığmamızın potensialını qiymətləndirmiş, atletlərin London çıxışlarını proqnozlaşdırmışdır.
G.Sevinc demişdir: “İngiltərədə paralimpiyada çətin keçəcəkdir. Lakin Azərbaycan komandasının çox yaxşı perspektivləri vardır. İkiqat olimpiya çempionu İlham Zəkiyevin (+100 kq) London Olimpiadasının qalibi olmaq üçün yaxşı şansları vardır. Ramin İbrahimovu (60 kq) xüsusi qeyd etmək istərdim. Mənə elə gəlir ki, o, Azərbaycan yığmasında ən texnikalı idmançıdır. Komandanın məşqçisi İbrahim İbrahimovu isə dünyanın ən yaxşı mütəxəssislərindən biri hesab edirəm”. Türkiyə yığmasının məşqçisinin fikrincə, İ.Zəkiyevin əsas rəqibi yapon cüdoçusu, R.İbrahimovun rəqibi isə Britaniya idmançısı ola bilər.
G.Sevinc bildirmişdir ki, Paralimpiyadadan sonra Azərbaycan və Türkiyə yığmaları təlim məşq toplantısı keçirməyi planlaşdırırlar.